abs-bb

Britaniya Azərbaycan məmurlarını “qara siyahı”ya salır?

Azərbaycanda insan hüquq və azadlıqlarını kobud şəkildə pozanları qara gün gözləyir

ABŞ-ın ardınca Böyük Britaniya da Rusiyanın 60 məmurunun adını “qara siyahı”ya salıb. Bu haqda dünən Britaniyanın məşhur “Teleqraf” qəzeti məqalə yayımlayıb. “Qara siyahı”ya salınanlar “Maqnitski qanunu”nun təsiri altına düşən şəxslərdir.
“Maqnitski qanunu” haqda məlumat üçün bildirək ki, Sergey Maqnitski 2009-cu ildə dünyasını dəyişmiş vəkildir. “Hermitage Capital” Fondunun hüquqşünası olan Sergey Maqnitski 2009-cu ildə həbsxanada vəfat edib. Müstəqil müşahidəçilər onun ölümünü təbii saymır, onlar əminliklə bildirirlər ki, bu, Rusiya hökumətinin korrupsiyasını ifşa etdiyinə görə vəkilə qarşı törədilən aktdır. Həmkarları və qohumları da hesab edirlər ki, onu 5,4 milyard rubl həcmində büdcə vəsaitinin mənimsənilməsi sxemini aşkar etdiyinə görə həbs ediblər. Maqnitski özü də bildirmişdi ki, həmin pulları güc strukturlarının əməkdaşları oğurlayıblar.
Buna görə də qətllə əlaqəli bilənən adamların “insan hüquq və azadlıqlarının düşməni” kimi cəzalandırılması ABŞ-da rəsmən qərara alınıb və bu, “Maqnitski qanunu” adlanır. “Maqnitski qanunu”nun təsiri altına düşən şəxslərə viza verilmir, onların bank hesablarına həbs qoyulur.

Azərbaycanlıların gözləntisi

Gözlənilən idi ki, ABŞ-dan sonra Avropa ölkələri də bu təşəbbüsə qoşulsun. Beynəlxalq hüquq-müdafiə təşkilatları Avropa dövlətlərinə bu istiqamətdə daim çağırış ediblər. Nəhayət, Böyük Britaniya kimi ciddi dövlətin də “Maqnitski qanunu”na qoşulması insan hüquq və azadlıqlarına qənim kəsilənlər üçün ciddi siqnal olacaq.
Bu qanun hələ layihə formasında meydana çıxanda Azərbaycanda demokratik düşərgədə böyük ruh yüksəkliyi yaradıb. Onlar haqlı olaraq umurdular ki, Azərbaycanın dövlət aparatını ələ keçirən kriminal-korrupsioner məmur təbəqəsi də oxşar sanksiyaya məruz qalacaq. Bu istiqamətdə, hətta Naxçıvan ziyalıları adından Avropa Ittifaqına müraciət də ünvanlanmışdı. Müraciətdə Naxçıvanda feodal ənənələri bərqərar edən, siyasi opponentlərinə qarşı amansız davranış yolu seçən (vətəndaşı dəlixanaya atmaq, döymək, həbs etmək, həyatına  son qoymaq), insan hüquq və azadlıqlarını pozaraq xalqdan milyonlar oğurlayan şəxslərin Avropa ölkələrinə girişinə məhdudiyyət qoyulması xahiş olunur.

Azərbaycan məmurlarının başı üzərində kabus

Naxçıvan ziyalıları, eləcə də bütün demokratik düşərgə “Maqnitski qanunu”ndan hələ nəsibini almayıb. Ümidlər isə hələ də ölməyib, son proseslər və əldə etdiyimiz bəzi bilgilər bu istiqamətdə Azərbaycanla bağlı da təsirli addımlar olacağından xəbər verir.
“Aparıcı Qərb təşkilatları artıq Azərbaycanda insan hüquq və azadlıqlarının boğulması sahəsində ”qəhrəmanlıq” edənləri demək olar ki, tam müəyyənləşdirib, bəlli bir siyahı tərtib olunub. Onların ictimailəşməsi və sanksiya ilə üzləşməsi ola bilər ki, gün və ya həftə məsələsidir”, – deyə etibarlı mənbə “Azadlıq”a bildirib.
Hələliksə Azərbaycan məmurları, onların yaxınları, bəlkə də dünyada “Maqnitski qanunu” deyilən sənədin varlığından və bir gün bu qanunun sərt şilləsinin onlara da dəyəcəyindən xəbərsiz qaldıqlarından, dünyanın zövq-səfa içində olan guşələrini dolaşmaqdadılar.

Konkret nümunə

Bakı hava limanındakı mənbə “Azadlıq”a bildirib ki, Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbovun oğlanları – Rza və Seymur Talıbovlar az qala, hər həftə xaricə səfər edir. Onların səfər trayektoriyasında iki ünvan üstünlük təşkil edir: Dubay və Böyük Britaniya!
Dubayı anlayışla qarşılamaq olar, bu Şərq şəhəri şahzadələr üçün simvolik əhəmiyyət daşıyır. Bəs London? Axı o müəyyən keyfiyyətlərilə Dubaydan seçilməlidir.
Rza və Seymur Talıbovlar bu günlərdə məşhur “Oxford”da tədbirdə olublar. Qardaşlar uyğun olaraq, “Gəmiqaya holdinq” və “Nəqşicahan holdinq”in təmsilçiləri kimi çıxış ediblər, “Oxford” ictimaiyyətilə öz biznes uğurlarını bölüşüblər.

Qeyd edək ki, Rza Talıbov Xarici Işlər Nazirliyinin əməkdaşı olub (onun oradan çıxması barədə xəbər yoxdu), Seymur Talıbov isə bu gün də Bakıda – Xarici Işlər Nazirliyində çalışır.
Çox qəribədir ki, Azərbaycanda dövlət qulluğunda çalışan şəxslərin bizneslə məşğul olmasını qanun birbaşa qadağan etsə də, göründüyü kimi, qardaşlar qərib ellərdə özlərini biznesmen kimi təqdim edirlər.
Ən maraqlı məqamlardan biri də bundan ibarətdir ki, gənc Talıbovlar Londona sıx-sıx gedib gəlsələr də, hətta Seymur Talıbov Ingiltərədə təhsil alsa da, şahidlərin sözlərinə görə, onlar ingilis dilini mənimsəyə bilməyib.
Rza Talıbovun Londonda mülkü olması haqda bir müddət əvvəl ölkə mətbuatında məqalələr də yayılıb. Lakin o və Talıbovlar ailəsi bu mülkün hansı pulla alındığını izah etməyib. Ümumiyyətlə, xəbərin təkzibinə də təşəbbüs göstərməyiblər.

Görünür, vəziyyət dözülməz hal alıb

Mənbə Talıbovların “qara siyahı”da yer alacaq insanlar sırasında olacağını ehtimal edir. Görünür, sivil dünya Azərbaycanın mərkəzi hakimiyyəti kimi, Talıbov ailəsi önündə qorxu keçirməmək əzmini özündə tapıb, tabeçiliyi altında olan ərazidə vətəndaşları əzən, onların talelərini qıran, hətta Naxçıvana gedən xarici vətəndaşları qanunsuz olaraq izlətdirənlərə güzəşt etmək niyyətində deyil.
Zənnimizcə, qanunun Azərbaycana gəlib çatması uzun illərdir Qərb təşkilatlarının seminar yolu ilə, addım-addım hökumət rəsmilərini islah etmək təşəbbüslərindən daha təsirli və tərbiyəvi olacaq.

Siyasət şöbəsi