Dünən Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov dünya politologiya elminə yeni töhfə verdi, dedi ki, Ilham Əliyev seçki təbliğatı aparmayacaq, çünki onun gördüyü işlər kifayətdir ki, xalq möhtərəmə səs versin.
Mən indi başa düşürəm ki, niyə bir çox hallarda siyasi səbəblərlə verilən Nobel mükafatının nominasiyaları arasında politologiya özü yoxdur. Bu masonların bizə qarşı gözügötürməməzliyidir. Paxıllığıdır. Aydın görünür ki, bu məlunlar hələ 100 il əvvəl nə vaxtsa siyasət elmi sahəsində Azərbaycan yaptokratlarının böyük zirvələr fəth edəcəklərini dəqiq hesablayıblar, ona görə də bizimkilər Nobel mükafatını almasın deyə, politologiyanı Nobel nominasiyalarına daxil etməyiblər. Yoxsa indi hər il bir Nobelçimiz vardı: bir il Siyavuş Novruzov, o biri il Mübariz Qurbanlı. Bu il isə həmin mükafatı yəqin Əli Həsənova verərdilər, həqiqətən də seçki keçirib amma seçki kampaniyası aparmamaq, axırda isə “prezident seçilmək” – dünya politologiya tarixinə qızıl hərflərlə yazılacaq bir icaddır.
Belə çıxır ki, Obama, Merkel, Olland kimi dövlət başçılarının başına at təpib, avaragor adamlardır ki, hər seçkidən əvvəl ştat-ştat, əyalət-əyalət, ev-ev, qapı-qapı düşüb planlarını, hədəflərini, gördükləri və görəcəkləri işləri anladırlar. Məşhur filmdə deyildiyi kimi, “Belələrinə nə ad verəsən – ”qrabitel”, tüfeyli”. Axı sizin nə işiniz var xalqın qarşısında? Xalq kimdir axı, özünüzə əhəmiyyət verib onun ayağına gedirsiniz? Qoy xalq özü zəhmət çəkib gəlsin sizə səs versin, gəlməsə də dərd eləməyə dəyməz, bəyəm sizin beş-on avtobusunuz yoxdur ki, bir dəstə adamı doldurasınız ora, məntəqə-məntəqə səs verdirəsiniz, ölü yerdən 80-90 faizlə prezident seçiləsiniz? Yoxsa xalqı özbaşına qoyarsan, ya gedib zurnaçıya səs verər, ya halvaçıya.
Ümumiyyətlə, axı seçki özü nəyə gərəkdir? Bunu hansı axmaq icad edibsə, dərxal xəbs etmək lazımdır. Seçki – körpüdür, olimpiya-idman kompleksidir, asfaltdır, musiqili fontandır, üzü ağardılmış binalardır, qaçqınlara mikrorayon tikməkdir. Vəssalam. Qırmızı lent və qayçı varsa, daha seçki nə üçündür?
Doğrudan da komediyadır, Norveç, Isveç, Isveçrə kimi dünyanın ən azad, firavan ölkələrində belə, hətta beş ildən bir prezident, parlament dəyişir. Axı belə şey olar? Bunun adı nankorluq deyil bəs nədir? Orada adamlar görülən işləri niyə qiymətləndirmirlər? Niyə prezidenti, nazirləri, deputatları paltar dəyişən kimi dəyişirlər?
Açığı, heç bilmirəm, burada oturub amerikalını, ingilisi, norveçlini asıb-kəsmək nə qədər doğrudur. Guya onlar bu yazdıqlarımı hardan oxuyacaqlar ki.
Yeri gəlsə, heç məndə də günah yoxdur. Hamısı istidəndir – Əli Həsənovun dedikləri də, mənim Əli Həsənovun dediklərindən cuşa gəlib səhərdən avropalıları, amerikalıları tulasifət eləməyim də. Isti hamımızı birtəhər eləyib.
Məlum olduğu kimi, dahi rəhbər hələ 15 il əvvəl demişdi: “Azərbaycan dünyaya günəş kimi doğacaq”.
Artıq əminliklə demək olar ki, biz dünyaya günəş kimi doğmuşuq, bu dəhşətli istilər, ölkəni başına götürən tərqarışıq üfunət qoxusu da ona görədir.
Hesab edirəm ki, artıq bizim dünyaya kondisioner kimi doğmaq vaxtımız gəlmişdir.
Yoxsa bu bürkülər bizim axırımıza çıxacaq. Vallahi də çıxacaq, billahi də.