Hüseyn Abdullayevin yeni mahnısı: “Xilaskarın gözlüyü var”

“Facebook”dakı statuslarını, mətbuatdakı yazılarını böyük maraqla oxuduğum Yadigar Sadıqovu iyunun 27-si həbs etdilər. Dostları və oxucuları üçün səhifəsinə yazdığı sonuncu status, sanki Yadigar bəyə yox, Hüseyn Cavidə, Mikayıl Müşfiqə… 37-ci ildə qəfildən həbs edilən dəyərli ziyalılarımıza aiddir: “Polislər gəldi nəhayət. Şöbəyə dəvət edirlər mədəni surətdə”.

Rəhmətlik Xəlil Rza Ulutürk demiş, davam edir 37 – daha kəskin, daha ciddi!.. Şərhlərə baxıram, 23 nəfərdən 22-si “Allah köməyin olsun…”, bir nəfər isə “Yadigar bəy, sənin yolun haqq yoludur, uğurlar sənə! Sən sistemdən güclü olduğun üçün onlar səndən qorxurlar” yazıb. 22 nəfər şərh yazan “dost”a və Allaha ümid bağlayıb susan milyonlarla vətəndaşa elə gəlir ki, hakimiyyətin haqsız yerə həbs etdiyi dəyərli insanların bağlı qapısını açmaq üçün Allah göydən yerə bir topa AÇAR atacaq. Amma Allahda bağlı qapıların açarı yoxdur, göylərdə qapı, qıfıl düzəltmirlər.

Çoxdandır müşahidə edirəm, “YAP” brendli qıfıllı qapılar arxasındakı vicdan məhbuslarının əksəriyyəti gözlükdən istifadə edənlərdir. Əcəba, hakimiyyət illərdir niyə gözlüklülərin soyqırımına başlayıb? Yapçılar gözlüklü ictimai fəalllardan niyə qorxur və nə üçün onlara sistemi yıxan qüvvə kimi baxırlar? Niyə Azərbaycandan başqa dünyanın heç bir həbsxanasından nümunə üçün bir gözlüklü cani tapmaq mümkün deyil, amma bizdə “gözlüklü cinayətkarlar vzvodu” var? Qaranlıq Azərbaycanın gözlüklü məhbusları: Hilal Məmmədov, Mövsüm Səmədov, Zaur Qurbanlı, Ilqar Məmmədov, Ilkin Rüstəmzadə, Tale Bağırzadə… və iyunun 27-si qəfildən həbs edilən Yadigar Sadıqov. Mən əminəm ki, bu dəyərli insanların heç birində anadangəlmə göz zəifliyi olmayıb, onların hamısı zülmətə qərq olan Azərbaycana IŞIQ bəxş etmək, aydın sabahlara çıxartmaq üçün gözlərinin nurunu verib, gözlükdən istifadə edirlər. Bəs onları həbs edənlər kimlərdir? Ölkəni qaranlığa qərq edib, xalqı uçurumun kənarına gətirən quldur QARAEYNƏKLIlər! 

Qayda-qanunla 40 yaşdan sonra gözlüksüz keçinmək mümkün deyil. Amma 80 yaşında vəfat edən Heydər Əliyevi, yaşı 50-ni keçən Ilham Əliyevi gözlükdə görən olubmu? Gözlükdən istifadə etmək də bir mədəniyyətdir. Hətta kinolarda, cizgi filmlərində gözlüklü div, dinozavr, eşşək, dəniz qulduru yoxdur, Azərbaycanlı məmurlarda hardan olsun? Axı evlər dağıdana, oğurluq edənə, maska taxana gözlük maneəçilk yaradan qorxulu bir əşyadır.

Əcəba, qara eynəklilər niyə şəffaf şüşəli gözlüklüləri həbs edirlər? Ona görə ki, təzəlikcə, Şamaxı Astrofizika Rəsədxanasından ulduzların düzülüşünü GÖZLÜK şəklində müşahidə edib, şəklini çəkib prezidentə yollayıblar. Təcili keçirilən toplantıda milli ekstrasenslər, falçılar, münnəcimlər, futroloqlar, cadugərlər iştirak ediblər. Onlar ulduzların GÖZLÜK formasında düzülüşünü belə yozublar ki, Azərbaycanda dövlət çevrilişini Gözlüklü edəcək, hətta ola bilsin yeni prezident gözlüklü olsun. Iclasın sonu isə daha ilginc olub: PA-nın baş münnəcimi prezidentə axşam gördüyü yuxunu danışıb. Münnəcim yuxuda görüb ki, keçmiş deputat Hüseyn Abdullayev “Xilaskarın gözlüyü var” adlı yeni mahnı yazıb. Hazırda mahnıya xarici ölkələrin birində klip çəkilir. Klipdə ancaq gözlüklülər iştirak edir. Mahnını dünyanın ən qəşəng gözlüklü məşhur müğənnisi Al Bano ifa edir. Ekstrasens yuxuda hətta məşqlərdən epizodlar da görüb. Görüb ki, Al Bano əlini qoyur gözlüyünün üstünə və “xilaskarın gözlüyü var, ona səs ver, susma” deyən kimi bütün gözlüklülər xorla “liberta”, “feliçita” oxuyurlar… 

P.S. Vergidən yayınma bəhanədir, Hüseyn Abdullayev “Xilaskarın gözlüyü var” mahnısına görə Interpol vasitəsilə axtarışdadır…