Tərcüməçi Azərbaycan dilindən birbaşa bolqar dilinə çevirə bilməyib, köməyə rus dili çatıb
Azərbaycan və Bolqarıstan prezidentləri arasında Bakıda keçirilmiş görüş zamanı kuryoz hadisə yaşanıb. Məlum olub ki, Bolqarıstan prezidentinin tərcüməçisi prezident İlham Əliyevin çıxışını Azərbaycan dilindən birbaşa bolqar dilinə çevirə bilmir.
Virtualaz.org saytı Almaniyanın “Stimme Russlands” portalına istinadən xəbər verir ki, bir müddət öncə baş vermiş bu fövqəladə hal (“ÇP”) barədə Bolqarıstanın keçmiş prezidenti Georgi Pırvanovun şəxsi tərcüməçisi olmuş linqvistika mütəxəssisi, Rusiyanın Pyatiqorsk Universitetinin professoru Boris Najmuşin danışıb. O deyib ki, Pırvanovla Əliyev arasında aparılmış danışıqlardan sonra tərəflər birifinq keçirmək üçün jurnalistlərin qarşısına çıxıblar.
Prezident İlham Əliyev Azərbaycan dilində çıxış edib, lakin B.Najmuşin onun çıxışını birbaşa bolqar dilinə çevirə bilməyib.
“O zaman mən Azərbaycan prezidentinin tərcüməçisindən xahiş etdim ki, onun dediklərini yavaşca rus dilində mənim qulağıma pıçıldasın. O, pıçıldadıqca mən qeydlər apardım və dərhal rus dilindən bolqar dilinə tərcümə edərək Pırvanova çatdırdım. Daha sonra Bolqarıstan prezidenti çıxış edəndə də eyni taktikadan istifadə etdim. Nəticədə mətbuat konfransı problemsiz keçdi, şifahi tərcümədə gecikmə olmadı” – Najmuşin bildirib.