Ramiz Mehdiyevdən Putinə şikayət

Əfqanıstan müharibəsinin azərbaycanlı veteranları Rusiyadan sığınacaq istəyir

Azərbaycan Əfqansıtan Vteranları Birliyi Rusiya prezidenti Vladimir Putinə müraciət edib. Müraciətdən görünür ki, sosial problemlər içərisində çabalayan veteranlar Prezident Adminstrasiyasının rəhbəri Ramiz Mehdiyevdən şikayətçidirlər. Müraciətdə deyilir:
«Bir neçə ildir ki, Əfqanıstan müharibəsi veteranlarına dövlət məmurları tərəfindən etinasız münasibət Əfqanıstan müharibəsi veteranlarını son həddə çatdırmışdır. Müdafiə Nazirliyi rəsmisinin “Siz veteran deyilsiniz” sözü Əfqanıstan müharibəsi veteranlarının kütləvi narazılığına səbəb olmuşdur. 11.03.2013-cü il tarixdə 50 nəfərə yaxın Əfqanıstan müharibəsi veteranı Azərbaycan Əfqanıstan Veteranları İctimai Birliyinin qarşısına toplanaraq bu barədə tədbir görülməsini, kütləvi aksiya keçirilməsini tələb etmişlər. Azərbaycan Əfqanıstan Veteranları İctimai Birliyinin rəhbərliyi veteranların aksiya keçirməsinin qarşısını almaq üçün onların tələblərini dinləyib müvafiq qaydada cənab prezidentin adına məktub hazırlayaraq Birliyin sədrinin I müavini Əbülfət Hüseynovun rəhbərliyi ilə 12 nəfər (Bakı şəhər rayon filiallarının sədləri) Prezident Admnistrasiyasına göndərilmişdir. Birliyin qarşısına toplaşmış fəallar bildirmişlər ki, müraciətlərinə baxılmasa Prezident Administrasiyasının qarşısında canlı şəkildə prezidentə müraciət edəcəklər. Nümayəndə heyətini Prezidentin Təhlükəsizlik və Müdafiə məsələləri üzrə köməkçisi Məhərrəm Əliyev qəbul edərək problemlərin həlli istiqamətində müvafiq tədbirlər görüləcəyini bildirmişdir. Bir aya yaxın vaxt keçməsinə baxmayaraq, heç bir tədbir görülmədiyindən bölgələrdən və Bakı şəhərindən 500-ə yaxın Əfqanıstan müharibəsi veteranı Prezident Administrasiyasının qarşısına toplaşmışlar. “Obyektiv TV” və “Azadlıq” radiosuna müsahibə verən veteranlar bildirmişlər ki, bu dəfə də müraciətləri prezidentə çatmasa, problemləri həll olunmasa bir çıxış yolum qalır – SSRİ-nin varisi olan Rusiya Federasiyasına müraciət edib kütləvi surətdə Azərbaycan vətəndaşlığından çıxacaqlar. Bu müraciətdən də iki ay keçdi, heç bir tədbir görülmədiyinə görə Əfqanıstan müharibəsi veteranları Rusiya Federasiyasının prezidentinə sığınacaq verilməsi üçün müraciət etmək qərarına gəldi”.
Müraciət müəllifləri daha sonra bildirir: «Nədənsə biz hər dəfə prezidentə etdiyimiz müraciət Ramiz Mehdiyevin imzası ilə aidiyyatı orqanlara göndərilir. Müraciətlərimiz prezidentə çatmır. Sonucda isə prolemlərimiz həll olunmamış qalır. Əfqanıstan müharibəsi veteranlarını çox narahat edən bir məsələ də odur ki, niyə Ramiz Mehdiyev bizim müraciətlərin cənab prezidentə çatmasını əngəlləyir. Onun Əfqanıstan müharibəsi veteranlarına bu ögey münasibəti hardan qaynaqlanır”.