“Azadlıq”ın srağagünkü sayında gedən bir xəbərdə bildirilir ki, redaksiyaya yeni bir məlumat daxil olub. Bu dəfəki prezident seçkisində hakimiyyətin planı dəyişibmiş. Demokratiya imitasiyası üçün yaradılmış və seçkilərə müxalifət adıyla buraxılan partiyalar bu dəfə hakimiyyətə gərək olmayacaqmış. Məlumatlarda bildirilir ki, hakimiyyət bu dəfəki seçkidə yedək partiyaları önə vermək niyyətində deyil. Iqtidarın nəzarətində olan partiya rəhbərlərinə bildirilib ki, onların seçkiyə qatılması məqsədəuyğun deyil. “Yedək” deyərkən, yəqin ki, söhbət “cib müxalifəti partiyaları”ndan gedir.
Ötən prezident seçkisində seçki komissiyalarının birində üzv olmuş yaxın bir şəxs seçki bitəndən sonra komissiyanın necə əziyyət çəkdiyindən, it zillətilə qatlaşdığından danışmışdı. Allah kəssin o çörəyi! Gerçəkdən komissiyalarda çalışanların halına acımışdım. Beş manat üçün bu qədər əzab, zillət çəkməyə, vicdanını, namusunu qurban verməyə məcbur edilmiş adamlara acımamaq mümkün deyil. Adamlara “şərəfsiz” deyib keçməyə nə var ki! Bizim borcumuz həm də onların faciəsini düşünmək, anlamaq və elə bir ölkə qurmağa nail olmaqdı ki, heç kəs, hətta nüvəsində şərəfsizlik yatan şəxslər də həmin mənfi cəhətlərini üzə çıxarmaq zorunda qalmasınlar.
Komissiyada məsələ belə olmuşdu. Yuxarıdan gələn tapşırıqda yedək namizədlərə və ana namizədə əvvəlcədən göndərilmiş faiz bölgüsü seçkinin yekununda tam əksinə alınmışdı. Hardasa 97 faiz Əliyevə, yerdə qalanlara da ucundan-qulağından. Çünki maşınlarla məntəqəyə gətirilənlər elə bilmişdilər ki, bunları ancaq Əliyevə görə yığıblar, ona görə də az qala 100 faizi də Əliyevə səsini satıb getmişdi. Nəticələr Mərkəzi Seçki Komissiyasına göndəriləndə geri qaytarılmışdı ki, sizə verilən təlimatdakı faizləri alın, göndərin. Qiyamət də bundan sonra başlamışdı. Bülletenləri cırıb yenidən yazmağa başlamışdılar ki, deyilən faizlə seçki nəticəsi alsınlar. Kalkulyatorların rəsmən necə zorlandığından danışırdı adam. Deyir, xeyri olmadı, iş gecə yarısına kimi çəkdi, ancaq verilən dəqiq faizləri almaq olmadı ki, olmadı.
Indi baxın, təkcə məsələ onda deyil ki, hakimiyyət başını itirib, səs ala bilməyəcəyindən qorxur, hətta bir səsin belə onun üçün qızıldan dəyərli olduğunu düşünür və ya daha pullarını boşuna dağıtmaq istəmir. Axı o cür seçkinin sonunda bəhs etdiyim problemlər də var. Bu dəfə hakimiyyət bu dar macalda, dünyanın gözünü Azərbaycana zillədiyi məqamda, müxalifətin birləşərək gücə çevrildiyi vaxtda başını qaşımağa zamanının olmayacağını, hər şeyi çox çevik və mobil şəkildə həll etməyin yollarını düşünür və bunu da onların nöqteyi-nəzərindən məntiqli saymaq olar. Yedək-medəyə vaxt itirməkdənsə, seçkini ayrı cür və zaman qeyb etmədən saxtalaşdırmaq lazımdı.
Həmin yedək partiyalara gələndə isə… Hətta “Azadlıq”a daxil olan xəbər yalan olsa belə, son dərəcə məntiqlidi və bu ehtimalı qətiyyən boş saymaq olmaz. Hakimiyyətin pulu ilə fəaliyyət göstərən partiyalar, əlbəttə, belə göstəriş gələrsə, əməl etməyə məhkumdurlar. Çünki insanları satın almaqdan qətiyyən utanmayan hakimiyyət lazım gələrsə, o verdiyi pulları müxtəlif vasitələrlə ictimailəşdirib o adamların gözünə soxa və onları xalqın qarşısında rüsvay edə bilər.
Bu boyda planın içində məni üzən, acıdan isə yalnız o şəxslərin düşdüyü faciəli durumdu. Satılmaq nə qədər ağır və çətindirsə, istifadə edildikdən sonra atılmaq daha ağırdı. Mənim şəxsən istədiyim budur ki, az əvvəl dediyim kimi, elə bir dövlət qurulsun ki, insanlar bu duruma qədər gəlib çatmasınlar. Məhz elə buna görə də, bu seçki xalqın taleyini müəyyən edəcək seçkidi. Bu seçki referendumdan da üstündü, bir ölkəyə müharibə elan etməkdən də ciddidi. Qeyrət, qeyrət, yenə də qeyrət.