Şərin məhkəməsi

Azərbaycanın bütün bölgələrində, bölgələrin bütün dövlət əhəmiyyətli idarələrində, idarələrin bütün otaqlarında, otaqların bütün divarlarında YAP-ın və onun liderinin təbliğatı hiss olunur. Uşaq bağçasından tutmuş, ticarət mərkəzinə qədər hər yer şüarların və şəkillərin əsarətindədir.

Dəhşət orasındadır ki, öz təbliğatını qarşı-qarış aparan, özünü alternativsiz qələmə verən bir partiya, rəqiblərinə qarşı siyasi təsisat olaraq, intellekt nümayiş etdirərək, ortaya fakt qoyaraq mübarizə aparmır. Yəni bütün ölkəyə hakim kəsilən partiyanın daxilində şəffaf mübarizə aparmaq üçün heç bir güc yoxdur. Bu sistem yalnız zor müstəvisində mövcuddur. Açıq debata çıxa bilən funksioneri, bərabər rəqabət mühitində yarışa biləcək lideri olmayan qurum yalnız “məhkəmə” vasitəsilə özünü qoruyur.

Cibinə narkotik atılan gənc də, övladı əlindən alınan siyasətçi də, evindən avtomat çıxan dindar da, müxalifətçi toyunda oxuyan müğənni də, avtoqəzada günahlandırılan hüquqşünas da sonda “məhkəmə” vasitəsilə zərərsizləşdirilir. 

Deməli, hakimiyyətin bütün çirkin əməllərini həyata keçirən, yekun zərbəni vuran “hakim”lərdi.

Əyninə qara xalat geyinib ədalətli hökm çıxarmalı olan insan, öz hökmü ilə qara niyyətlilərin sifarişin yerinə yetirmiş olur.

Bu gün yüzlərlə vicdanlı insanı zindana yola salan hakim bu hakimiyyətin sükanında oturanlardan az günahkar deyil.  Bəlkə də bu adamlar “bizim başqa yolumuz yox idi” arqumenti ilə vicdanlarını rahatlada bilərlər. Ancaq bu bizim üçün keçərli deyil. Bu ölkədə haqqın yanında olan, şərlə mübarizə aparan hüquqşünaslar da var. Və onlar acından ölmürlər, vəzifəsiz də yaşaya bilirlər. Bu hakimiyyətin şər aparatına qurban gedən Qurban Məmmədov necə yaşayırdı? Sizdən çörək pulu istəyibmi, balalarım acından ölür, kömək edin, deyibmi? Əlbəttə, yox. Deməli, şərə etiraz etmək üçün seçim həmişə var.

Sabah biz bu ölkəni qaranlığa çevirənlərin gözlərinə baxanda, siz hakimlərin də əksini görəcəyik. Daşqın Məlikovun, Ilkin Rüstəmzadənin, “NIDA”çıların valideynləri hər gün sizin simanızı xatırlayır. Bu sifarişi kimin verməsindən asılı olmayaraq, bu hökm sizin dilinizdən oxunur. Bilin ki, şər sizin açdığınız pəncərədən nəfəs alır.

Bu gün komfort həyat yaşamaq üçün, əyninə qara mantiya geyinib ədalətsiz hökm oxuyan hakim, sabah pulun qarşılığında qadın xalatı geyinib məhkəmə zalında oynamağı da özünə rəva görər.

Bəli, 600 min üzvü, milyonlarla təəssübkeşinin olduğu iddia edilən partiya yalnız üzəduranların, narkoman hal şahidlərinin, polisin qanun kitabından xəbərsiz olan polislərin sayəsində yaşayır.

Həmişə müxalifəti xaricdən maliyyələşməkdə ittiham edən yaptokratlar, özləri narkomkanlardan, işverənlərdən maliyyələşir.

Rəsmi adı YAP olsa da, cəmiyyətdə (YMP) Yeni Məhkəmə Partiyası kimi tanınan bir orqan Azərbaycanı “demokratik” ölkəyə çevirməkdə israrlıdır.

Ölkədə bütün nazirliklərin, icra hakimiyyətlərinin və digər dövlət əhəmiyyətli obyektlərin yalnız dəbdəbəli binaları, ofisləri var. Bu qurumlar təyinatı üzrə işləmir, müstəqil qərar verə bilmir. Yalnız Prezident Aparatından zəng gözləməklə məşğuldular.

Indi, belə bir acınacaqlı sistem formalaşdırmış partiya 5- ci dəfə Qurana and içmək istəyir. 

Deyirlər Mikayıl Müşvüq zəif yazılmış bütün şeirləri əzbərləyirmiş ki, heç vaxt elə şer yazmasın.  

Biz də bu hakimiyyətin 20 illik yarıtmaz, antixalq siyasətini ona görə yadımızda saxlayacağıq ki, heç vaxt belə bir hakimiyyət formalaşdırmayaq, xalqla bu cür rəftar etməyək.