Hüseyn Abdullayev Milli Şuraya müraciət edib; Vergilər Hazirliyi keçmiş deputatla bağlı cinayət işi barədə məlumat yayıb
Keçmiş millət vəkili, hazırda vergidən yayınma ittihamı ilə beynəlxalq axtarışa verilən Hüseyn Abdullayevin ailəsi vəkil Kamandar Nəsibovun xidmətindən imtina edib. Bu barədə keçmiş deputatın atası Abbas Abdullayev “Qafqazinfo”ya məlumat verib. O, bildirib ki, iyulun 9-u səhər saat 9-da vəkil Kamandar Nəsibovla bağladıqları müqaviləyə xitam veriblər.
“Hiyə Hüseyn Abdullayev hakimiyyəti tənqid edənə qədər haqqında qanuni tədbirlər görülmürdü?”
Hüseyn Abdullayevin hüquqülarını Avropa Məhkəməsində qoruyan vəkil Aslan İsmayılov “Azadlıq”ın sorğusuna cavab olaraq deyib ki, müdafiə etdiyi şəxs artıq yeni vəkillə müqavilə bağlayıb. Həmin vəkil hazırda işlə tanış olur və yaxın bir-iki günə geniş açıqlama verəcək. “Hələlik bəlli olan baş verənlərin kobud qanun pozuntuları, fikrinə görə insanın və onun yaşlı valideynlərinin, yaxınlarının təqib olunmasıdır. Bəzi iqtidara yaxınlığı ilə seçilən mətbu orqanları, guya Hüseyn Abdullayev dövlət çevrilişi hazırlayır tipli yazıları ilə onsuz da mürəkkəb olan vəziyyəti daha da gərginləşdirirlər. Heç kim sual vermək istəmir ki, əgər əməllərində qanun pozuntuları var idisə, niyə Hüseyn Abdullayev hakimiyyəti tənqid edənə qədər haqqında qanuni tədbirlər görülmürdü? Nə üçün hər hakimiyyətin əleyhinə danışan dərhal ya vergidən yayınan, ya narkoman, ya da partlayıcı maddələr üzrə mütəxəssis olur?”, – deyə Aslan İsmayılov qeyd edib.
Vəkil siyasi baxışlarına görə insanların yaşlı valideynlərinə, azyaşlı uşaqlarına basqın etməyin həm qanunsuz, həm də əxlaqa sığmayan hərəkət olduğunu vurğulayıb. Aslan İsmayılov hüquq mühafizə orqanlarını, xüsusən, seçki ilində siyasi proseslərə qarışmamağa çağırır və bu cür halların həm cəmiyyət, həm də onların özü üçün çox pis nəticələrə gətirəcəyini bildirir. Vəkil hesab edir ki, bu günə qədər olan siyasi təqiblər davam etsə, ölkədə fəlakət qaçılmaz olacaq.
Hüseyn Abdullayev mübarizəsini davam etdirəcək
“Milli Şuranın üzvlərini salamlayıram və onlara uğurlar arzulayıram”. Hüseyn Abdullayev Milli Şuraya müraciətində belə deyib. Bu barədə “Azadlıq”a Milli Şuranın üzvü İbrahim İbrahimli bildirib. İbrahim İbrahimli deyib ki, Hüseyn Abdullayev Milli Şuraya müraciətini “Facebook” vasitəsilə ona göndərib: “Hüseyn Abdullayev mövqeyindən geri çəkilməyəcəyini və Azərbaycanda demokratik cəmiyyət qurulması uğrunda mübarizəsini davam etdirəcəyini bildirir. Deyir ki, Avropa ölkələrində keçirdiyi müxtəlif görüşlərdə Azərbaycandakı avtoritar vəziyyət müzakirə olunarkən o xəcalət çəkir. Bu baxımdan o da Azərbaycanda ləyaqətli cəmiyyətin qurulması üçün öz töhfələrini əsirgəmir. Hüseyn Abdullayev heç bir siyasi iddiasının olmadığını deyir. O, hələ 2007-ci ildə deputat olarkən, Milli Məclisində hökumətin hesabatını sərt tənqid edib. Hakimiyyətin korrupsiya əməliyyatlarına, dövlət səviyyəsində rüşvətə etirazını bildirib. Yəni, Hüseyn Abdullayev o zaman da sözünü deyib. İndi də mövqeyini çəkinmədən bəyan edir. Yaradıcılığı ilə siyasi proseslərə yön verir. Onun “Susma” mahnısı demokratiya uğrunda mücadilə üçün bir marşdır”.
Milli Şuranın üzvü daha sonra Hüseyn Abdullayevə təzyiqlərə toxunub: “Hüseyn Abdullayevin yaşlı valideynlərinə məxsus şirkətlə bağlı cinayət işi başlanıb. Bu faktiki olaraq onun qoca ata-anası barəsində başlanmış cinayət işidir. Həmin şirkət onlara məxsusdur və 10 il əvvəl də fəaliyyətini dayandırıb. Hakimiyyətin bu addımının analoqu yoxdur. Hətta 37-ci ildə belə şey olmayıb. Ona görə də Hüseyn Abdullayev deyir ki, Allahınız, vicdanınız olsun, mübarizə aparırsınızsa mənimlə aparın. Yaşlı valideynlərimi rahat buraxın”.
Vergilər Hazirliyinin məlumatı
Bu arada Vergilər Nazirliyi Hüseyn Abdullayevlə bağlı cinayət işinə aydınlıq gətirib. Hazirliyin analitik informasiya şöbəsindən APA-ya verilən məlumata görə, hüquqi ünvanı Bakı şəhəri, Səbail rayonu, Zərifə Əliyeva küçəsi, ev 22, mənzil 19 olan, Bakı şəhəri Vergilər Departamentində vergi ödəyicisi kimi qeydiyyata alınmış “Araz İNC” MMC-də aparılan vergi yoxlaması zamanı müəyyən edilib ki, cəmiyyət tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Nəriman Nərimanov, Abdulla Şaiq, Süleyman Tağızadə, Tolstoy və Bəşir Səfəroğlu küçələrinin kəsişməsindəki 268-274-cü məhəllələrdə 2,12 hektar torpaq sahəsində inşa edilən 1 bloklu 13 yaşayış, 2 qeyri-yaşayış, 1 texniki və 2 zirzəmi mərtəbəsindən ibarət olan binanın 5242,30 kvadratmetr yaşayış və 1043 kvadrat metr qeyri-yaşayış sahəsi 2009-cu il fevralın 1-dən tarixdən 2013-cü ilin 1 yanvar tarixinədək olan dövr ərzində müxtəlif şəxslərə satılaraq 8 224 450,00 manat vəsait əldə olunsa da, həmin dövriyyəni əks etdirən bəyannamələr vergi orqanına təqdim edilməyib, habelə “Araz İNC” MMC tərəfindən xüsusi razılıq (lisenziya) tələb olunduğu halda, belə razılıq (lisenziya) almadan tikinti-quraşdırma işləri həyata keçirilib.
İbtidai istintaq zamanı “Araz İNC” MMC-nin qeydiyyat sənədlərinə əsasən, onun təsisçilərinin Abdullayev Abbas Abdulla oğlu və Abdullayeva Zeynəb Bayraməli qızı olmasına baxmayaraq, cəmiyyətin fəaliyyətinə faktiki rəhbərliyi Abdullayev Hüseyn Abbas oğlunun həyata keçirdiyi aşkar edilib.
2009-cu il fevralın 1-dən tarixdən 2013-cü ilin 1 yanvar tarixinədək olan dövr ərzində cəmiyyət tərəfindən 1 269 533,88 manat məbləğində əlavə dəyər vergisi və 244 546,61 manat məbləğində hüquqi şəxsin mənfəət vergisi olmaqla, ümumilikdə külli miqdar təşkil edən 1 514 080,49 manat məbləğində vergilər dövlət büdcəsinə ödəməkdən yayındırılıb.
Hüseyn Abbas oğlu Abdullayev “Araz İNC” MMC-nin fəaliyyətinə faktiki rəhbərlik etməklə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq, 966 023,16 manat məbləğində gəlir əldə edib, CM-nin 192.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini və küllü miqdarda vergiləri dövlət büdcəsinə ödəməkdən yayınmaqla CM-nin 213.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətdiyinə görə həmin maddələrlə təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunub, lakin istintaqın çağırışlarına gəlmədiyi, istintaqdan gizləndiyi və respublika hüdudlarından kənarda olduğu üçün beynəlxalq axtarışa verilib.
Hazırda cinayət işi üzrə ibtidai istintaq davam etdirilir


