Goranboydan Gültəkin Hacıbəyliyə dəstək

Keçmiş deputat, 2005-2010-cu illərdə Milli Məclisdə Goranboyu təmsil edən Gülətəkin Hacıbəyliyə qarşı son günlər hakimiyyətin apardığı kampaniyaya qarşı seçicilər və müxalifətçilərdən dəstək gəlib. Bu barədə “Azadlıq”a Müsavat partiyasının Goranboy təşkilatının keçmiş sədri Məhərrəm Yusifli məlumat verib. Onun sözlərinə görə, AXCP, Müsavat, EL, AMIP-in rayon təşkilatları Gültəkin Hacıbəyliyə qarşı baş verənlərlə bağlı bəyənat verib: “Bizdə olan məlumata görə, bir qrup seçici də imzatoplama kampaniyasına başlayıb”.
Məhərrəm Yusifli virtualaz.org saytında yer alan “Gültəkin Hacıbəyli Goranboyda hərəkətə keçdi” yazıya da etiraz etdiyini bildirib: “Sizə danışdığım kimi o sayta da bu cür məlumat vermişəm. Ancaq onlar informasiyanı tam yanlış yerə yozublar. Guya Gültəkin Hacıbəyli özünə qarşı olan kampaniyaya görə yaxın qohumlarına imzatoplama kampaniyasının başlatmasını tapşırıb. Bu tamamilə ağ yalandır. Biz müxalifətçilər haqq sözü dediyinə görə təzyiqlərə məruz qalan bir xanıma dəstək üçün belə bir bəyanat və imzatoplama kampaniyasına başlamışıq. Bunun üçün nə kimdənsə göstəriş almışıq, nə də başqa bir şey”.