Brayza hakimiyyətə Mübarəkin aqibətini xatırlatdı

“Azərbaycan Misir təcrübəsindən qaçmaq üçün insan haqlarına əməl etməlidir”

ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Metyu Brayza “Vestnik Kavkaza” portalına müsahibəsində Cənubi Qafqaz regionundakı vəziyyəti şərh edib. Bildirib ki, Azərbaycan Misir təcrübəsindən qaçmaq üçün “kişilik göstərib” insan haqlarına əməl etməlidir:
“Hesab edirəm ki, Cənubi Qafqaz və Xəzər regionu ölkələri stabillik üçün təhdid olan, Əfqanıstan və Irandan qaynaqlanan Islam radikalizmindən özlərinin təhlükəsizliyini təmin etmək üçün düzgün siyasət yeritsələr, Birləşmiş Ştatlar və NATO ilə əməkdaşlıq etsələr, iqtisadi artım üçün böyük potensiala sahib olarlar. Həmçinin region ölkələri öz əhalisinin potensialından tam istifadə edə bilmək üçün liberallaşma siyasəti həyata keçirməlidir. Məsələn, Azərbaycanın Misirin keçmiş prezidenti Hüsnü Mübarəkin devrilməsindən sonra Misir üçün xarakterik olan iki uçurum təhlükəsindən – ekstremizmdən və avtoritarizmdən qaçmaq üçün imkanları var. Bu iki təhlükə arasında balansı saxlamaqdan ötrü Azərbaycan və istənilən digər ölkə üçün kişilik və universal insan haqları prinsiplərinə sadiqlik lazımdır. Özü də təkcə hakimiyyət tərəfindən yox, həmçinin adi insanlar tərəfindən”.

«Hakimiyyət düzgün addımlar atmasa, onu Misirdə son günlər baş vermiş hadisələr gözləyir»

Siyasi ekspert Rahim Hacıyev Metyu Brayzanın bu açıqlamasını belə şərh etdi: “Təcrübəli diplomat olan Metyu Brayza bu çıxışı ilə Azərbaycan üçün çox mühüm olan məsələlərə açıq şəkildə aydınlıq gətirib. Istər ABŞ-ın regionla bağlı siyasəti, istərsə də regiondakı vəziyyətdən yaxşı xəbərdar olan Brayza əslində Azərbaycan hakimiyyətinə yol xəritəsini təklif edib. Reallıq ondan ibarətdir ki, Azərbaycan hakimiyyəti ölkənin həm problemlərinin həllində, həm də regiondakı mövqelərini möhkəmləndirilməsi sahəsində Brayzanın da dediyi kimi NATO və ABŞ-la əməkdaşlığın gücləndirilməsini prioritet məsələ kimi qəbul etməlidir. Bu isə, Brayzanın da söylədiyi kimi, ölkədə demokratik islahatların aparılması, insan hüquq və azadlıqlarının tam həcmdə təmin edilməsini tələb edir. Təsadüfü deyil ki, Brayza Azərbaycanla bağlı danışarkən Misirdə Hüsnü Mübarəkdən sonra yaranmış vəziyyətə istinad edib. Bu isə o deməkdir ki, Azərbaycan hakimiyyəti düzgün addımlar atmasa, bu halda onu Misirdə son günlər baş vermiş hadisələr gözləyir”.

Ramin DEKO