Qarşıdan gələn prezident seçkisi deyil!

Xalqın özünə adqoyma mərasimidi…

Çox gərgin çalışmalardan, çox böyük ambisiyalardan imtinadan sonra müxalifət axır ki, birləşə bildi. Milli Şura yarandı. Şura üzvləri gərgin danışıq və müzakirələrdən sonra prezidentliyə vahid namizədini seçdi. Vahid namizəd keçiriləcək seçkidə saxtakarlığın qarşısının alınması üçün aparıcı dünya dövlətləri ilə danışıqlar aparır, rəsmi şəxslərlə görüşlər keçirir. Iyulun axırında onun ölkəyə dönüşü gözlənilir.

Bura kimi nə qədər əziyyət hesabına olsa belə, proseslər normal inkişaf edib və bundan sonra da belə davam edəcəyini proqnozlaşdırmaq olar. Lakin məni düşündürən, qayğılandıran başqa məsələdi. Təbliğat gününün sonuna kimi müxalifət öz işini necə quracaq, necə gerçəkləşdirəcək və nəhayət seçki günü seçicilərin, bütövlükdə xalqın rəyi, aktivliyi necə olacaq, hansı yöndə istiqamətlənəcək, könlünü kimə verəcək?

Öncə namizədlərin təbliğatı dövründə müxalifətin fəaliyyətinin necə olacağı çox düşündürücüdür. Aydın məsələdi ki, hakimiyyətin namizədinin əlində bütün resurslar var – rayonlara səfərlər, maaş və təqaüdlərə 70 qəpiklik artımlar, bütün televiziyaların sərəncamda olması, xalq artisti adı almış və almaq istəyən manıs dəstələrinin təbliğat konsertləri, yerlərdəki dövlət məmurlarından qohumlara qarşı sui-isifadə və s. Bəs müxalifətin namizədi üçün də normal təbliğat imkanı yaradılacaqmı? Hakimiyyət buna izn verəcəkmi? Məsələn, bu günəcən Konstitusiyanın verdiyi sərbəst toplaşma azadlığını azğınca pozan iqtidarın təbliğat dövründə bölgələrdə, paytaxtın mərkəzi meydan və küçələrində sərbəst aksiyalarının keçirməsinə imkan verəcəyinə heç cür inana bilmirəm. Yenə bölgələrdə əli yumurtalı “zəhmətkeş rayon xalqı” müxalif namizədin qarşısını kəsə, hakimiyyət isə bunu xalqın rəyi deyə gözardına vura bilər və yəqin ki, belə də olacaq. Efir vaxtının necə qısır olacağını təsəvvür eləmək də o qədər çətin deyil. Eləcə də namizədlərin debatının keçirilməyəcəyi gün kimi aydındı. Beləliklə, xalqın öz namizədlərini, daha doğrusu, müxalifət namizədini dinləyib eşidə biləcəyinə o qədər də ümid yoxdu.

Iqtidarın dövlətin resurslarından və zabitəsindən istifadə edərək yenə də əski qaydada seçkini öz xeyrinə saxtalaşdıracağına isə şübhə etmək öz doğma atasından şübhələnmək kimi bir şeydi. Yəni bunun söhbəti belə ola bilməz. Hakimiyyət daxilindəki vicdanlı şəxslərin “Azadlıq”a ötürdüyü, “2013-cü ilin oktyabrında keçiriləcək prezident seçkisinə hazırlıqla bağlı məntəqələrə təhkim olunmuş məsul şəxslər üçün seçki ərazisinin vəziyyətinin öyrənilməsi üzrə yaddaş” adlanan, 33 bənddən və 2 qeyddən ibarət sənəd də bu fikrimizin yüzə-yüz doğru olduğunu təsdiqləyir.

Sənəd qəzetimizin dünənki sayında dərc edildiyindən təkrar eləmək istəmirəm, çünki burada ötən seçkilərdəki fəaliyyətdən fərqlənən heç nə yoxdu. Köhnə hamam, köhnə tas. 

Bəli, xalqın hakimiyyətdən narazılığını kimsə dana bilməz. Lakin bu narazılıq, hətta bu nifrət hələ o demək deyil ki, xalq bu nifrəti sandıq başında da ifadə edəcək. Məncə, yenə də mental dəyər adlanan iyrənclik dominant olacaq. Xalq donquldana-donquldana olsa da, qohumu olan rüşvətxor və kölə məmurun vəzifəsinin taleyini öz xalq, dövlət taleyindən üstün tutacaq və onların dediyi namizədə səs verəcək. Yaxud ən yaxşı halda seçkini boykot edəcək. Sözün açığı, mən bütün bunların qarşısının alınması üçün nə tədbir tökmək gərəkdiyini bilmirəm, təsəvvür eləyəmmirəm. Xalqın nifrət və narazılığını aktiv fazaya gətirə bilmək üçün təbliğatın aparılmasına imkan verilməyəcəyinə görə vəziyyət ikiqat çətin duruma düşür. Hər halda, müxalifət liderləri bu haqda bizim bilmədiyimiz hansısa yollar düşünəcəklər.

Sən kimsən, ey ulu xalq?

Göründüyü kimi, müxalifətin qarşısını kəsən, yollarını tıxayan iki maneə var – biri iqtidarın qanunazidd sui-istifadə metodları, zorakı vasitələr, dövlətin gücünü özününküləşdirmək, biri isə xalqın passivliyi və böyük dəyəri iyrənc, icma təfəkkünün məhsulu olan dəyərlərə qurban vermək vərdişi. 

Azərbaycanın böyük oğlu Əhməd bəy Ağayev “Kaspi” qəzetinin 1905-ci il 18 yanvar tarixli sayında gedən məqaləsində yazırdı:

“Gəlin, açıq və səmimi danışaq. Əcdadlarımız bizə nəyi miras qoyub gediblər? Onlara nəyə görə hörmət etməliyik? Özlərinin səfehlikləri və ağılsızlıqları ucbatından şəhərləri, qarət olunmuş kəndləri tərk edib getdiklərinə görəmi, öz əcdadlarının əməyi ilə yaradılmış bütöv, nəhəng orqanizmləri viran qoyduqlarına görəmi?.. Əcdadlarımıza nəyə görə hörmət etməliyik? Zorakılıq qarşısında qorxub, geri çəkilmək ənənələrinə görəmi, bizim qüvvələrimizi hələ də korşaldan, bizi yaşamaq qabiliyyətindən tamamilə məhrum edən güclülərin qabağında kor-koranə, mənasızcasına baş əymək xasiyyətinin nəsildən-nəslə irsən keçməsinə görəmi?..”

Indi mənimçün çox maraqlıdı – görəsən bu xalq özü haqqında yüz il sonra hansısa bir ziyalının yenə eyni sözləri yazmasını eyni israrla istəyəcəkmi? Əcdad üçün bundan böyük ölüm, bundan böyük rüsvayçılıq ola bilərmi? Əcdad kultuna bu qədər həssas yanaşan xalq yüz il sonra özünün əcdad kimi söyülməsini bu qədərmi çox sevir? Məgər bu xalqın öyünə bildiyi bəlkə də tək şey böyüklərə (əcdadlara) hörmət və sayğı deyilmi?

Namus məsələsi

Sonuncu parlament seçkisində işlətdiyim ifadəni yada salmaq istəyirəm. Ey seçici, ey xalq, səsin sənin namusundur. O sizin qızınız, ananız, qadınınız, sevgiliniz kimidir. Onu yenə də mənasız, cəfəng məntiqlərə, tayfa, qohum-əqrəba təəssübü, maaş, pensiya faktlarına satacaqsınızmı? O zaman yüz il, bəlkə də 4-5 ay sonra necə, hansı adla çağırılacağınızı mən dilimə gətirmək, bunu ağlımın ucundan belə keçirmək istəmirəm. Özünüz düşünün…