Süpürgəçiyə 1600 avro…

It zilləti çəkib ayda 500 manatdan artıq qazana bilməyən Azərbaycan ziyalısının Avropadan gələn dostları ilə oturub bir çay içməsini belə sağlamlıq üçün son dərəcə zərərli hesab eləyirəm. Hətta düşünürəm ki, Səhiyyə nazirliyi bu haqda rəsmi xəbərdarlıq dərc eləməli, bu xəbərdarlıq hər 10 dəqiqədən bir tv və radioda təkrarlanmalı, bütün küçə və meydanlara həmin məzmunda xəbərdarlıqlar vurulmalıdı.

Belə bir qəziyyə üç gün qabaq başıma gəldi. Finlandiyadan gələn dostumla görüşüb çay içəsi olduq. O gündən bəri özümə indi gəlirəm desəm, inanın.

Dostumun dedikləri mənə nağıl kimi gəldi. Bir neçə faktı sizinlə də bölüşüm:

Finlandiyada bir süpürgəçinin ortalama maaşı 1600 avrodu. 

Işsizlərə dövlət ayda 800 avro verir, kirayə haqqını ödəyir. Tək adam birotaqlı mənzillə, ailə isə saya görə. Onlara pulsuz səhiyyə xidməti, uşaqlarına pulsuz təhsil, məktəbdə üç evnə pulsuz yemək və təbii ki, tibbi xidmətlər.

Məsələn, mən dərhal işsiz bir yazıçının kirayə haqqı ödənilən normal bir mənzildə 800 avro parayla necə rahat yazıb-yaradacağını xəyalıma gətirdim və inanın ki, az qala ürəyim getdi. Hələ kiçik bir işin olarsa, yarım işsiz kimi aylıq 500 avro yardım və üstəgəl iş yerindən alacağın maaş. Inanın ki, dostumu and içməyə məcbur etməklə demək olar, zəhləsini tökdüm. Onun mənim üzümdəki heyrətdən necə heyrətləndiyini bir görəydiniz!..

Finlandiya uşaq hüquqlarının qorunmasına görə bəlkə də dünyada birincidi. Yeri gəlmişkən, dostum uşaqların hüququnun bu həddə, yəni aşırı qorunmasını o qədər də doğru hesab eləmir. Və deyir ki, Ingiltərədə də eyni qanun verilib, ancaq sonra uşaqların nəzarətdən çıxmasını görüb qanunu geri oxuyublar. Bu ölkədə uşaq ailənin deyil, dövlətin övladı sayılır və onu göz bəbəyi kimi qorumağa çalışırlar.

Eşitdiyim nağıllarda deyilirdi ki, bu ölkədə üstünə bizdəki kimi qızılı hərflərlə prezidentin adı yazılan al-əlvan daş parklara, körpülərə, binalara rast gəlməzsən, çünki dövlət bütün yatırımını insana qoyur. Ölkə vətəndaşları o qədər problemsizləşdirilib ki, bu, ölkədə mənəvi böhrana səbəb olub və problemsizlikdən əziyyət çəkən finlər darıxdıqlarından intihar eləyir və intihara görə də bu ölkə dünyada birinci yeri tutur.

Zənnimcə, onsuz da bütün yatırımını insana qoyan Fin dövləti bu problemin yolunu tapmaq üçün yollar aramalıdı. Ilk və ən dəyərli yol kimi, finlərin turist briqadaları şəklində Azərbaycana göndərilməsini təklif edirəm. Bir, iki, üç, bəzən isə bir illik. Qoy gəlsinlər və ağılları başlarına gəlsin. Zənnimcə, ondan sonra finlər intihar fikrindən yerli-dibli daşınar, uça-uça öz cənnətlərinə qayıdarlar.

Eşitdiyim nağıl kimi faktlardan şoka düşdüyümü bir yana qoyub düşünürəm ki, ilahi, görəsən bizim ölkənin vətəndaşları nədən belə bir ölkədə yaşamaq haqda düşünmürlər? Yəni niyə istəmirlər ki, onlar da bu cür insani qayğıyla əhatə olunsunlar, varlıyla yoxsul arasında bu boyda uçurum olmasın. Insanlar öz var-dövlətinə görə yox, ruhi rahatlıqlarına görə çalışsınlar, fəxr etsinlər. Məgər bu, çoxmu çətindi? Axı Azərbaycan bütün iqtisadi göstəricilərinə görə Finlandiyanı üstələyir. Bəs mane olan nədi ki, biz onlar kimi yaşaya bilmirik. Zənnimcə, bunun səbəbi heç də hakimiyyətin korrupsioner-mafioz mahiyyətində deyil. Səbəb yalnızca bizim bunu istəməməyimizdi. Ağlımıza belə gəlmir ki, istəsək, onlardan yüz dəfə yaxşı yaşayarıq.

Sadəcə, istəmək. Istəmək və buna nail olmağa çalışmaq. O zaman heç bir diktator, heç bir adamyeyən bu istəyin qarşısında dayana bilməz. Və son yazılarımda olduğu kimi bu yazımı da eyni çağırışla bitirirəm. Istəyimizi həyata keçirmək üçün gərək olan gün yaxınlaşır: prezident seçkisi. Istəməyən özündən küssün və daha ağır acılar içində yaşasın, canı da cəhənnəmə!..