Nazirin rekordu

Bilirsiniz ki, rejim təzəlikcə nazirləri rayonlara göndərməyə başlayıb. Guya, bunlar gedib yerlərdə camaatla görüşməli, onların dərdlərini dinləyib problemlərinə əncam çəkməlidirlər. Əlbəttə, bu, bir komediyadır.

Niyə komediya olduğuna sonra aydınlıq gətirəcəyik, amma bəri başdan deyək ki, elə bu ezamiyyətlərin özündən rejimin nə qədər narahat olduğu aydın görünür. Bəli, narahatdırlar. Əndişəlidirlər. Xalqın sistemdən narazılığının nə qədər böyük olduğunu bilirlər. Bıçağın sümüyə dirəndiyinin, artıq adamların bu cür yaşamaq istəmədiyinin, dəyişiklik arzuladığının fərqindədirlər.

Eyni narahatlıq əvvəllər yox idimi? Əlbəttə, vardı. Amma onda xalqın iradəsinin bunlar üçün ümumiyyətlə, əhəmiyyəti yox idi. Qaranlıq dünya gücləri ilə çirkli bazarlıqlar sayəsində hakimiyyətlərini qoruyub saxlayırdılar. Indi bu sarıdan da bir az əndişəli, həyəcanlıdırlar deyə, xalq yadlarına düşüb. Sən demə, xalqın bəzi problemləri varmış və onları həll etmək lazım imiş.

Bir sözlə, mən nazirlərin rayonlara ezam edilməsini “yumurta müşavirəsi” ilə başlayıb, “korrupsiyaya qarşı mübarizə şousu” ilə davam edən prosesin növbəti həlqəsi sayıram. Yoxsa, necə olur, illərdir vətəndaşları qəbul otaqlarının min ağac ötəsindən buraxmayan, onları ağzından vurub geri qaytaran nazirlər indi özləri vətəndaşların ayağına getmək məcburiyyəti hiss ediblər?

Seçkilər yaxınlaşdıqca, narahatlıqlar artdıqca, belə komiklikləri hələ çox görəcəyik.

Bəli, gəlib çatdıq nazir-mazirlərin rayonlara göndərilməsinin nədən komik olduğuna. Bunları Allah qoymasa, guya, gedib camaatla görüşərək problemlərini öyrənməyə, dərdlərinə əncam çəkməyə göndərirlər. Bu görüşlər haqqında rəsmi məlumatlarda isə çox gülməli şeylər yazırlar. Məsələn, gəlin, olmayan kənd təsərrüfatının naziri Ismət Abbasovun Qaxda vətəndaşlarla görüşü haqqında xəbəri oxuyaq. Sitat: “Bu gün kənd təsərrüfatı naziri Ismət Abbasov Qax rayonunda Qax, Şəki, Zaqatala, Balakən və Oğuz rayonlarının 52 nəfər sakini ilə görüşüb”.

Bu, nazirin hər rayondan cəmi 10 nəfərlə görüşməsi deməkdir. Təbrik edirik, çox ciddi göstəricidir. Həqiqətən. Zarafat eləmirəm. Ilham Əliyev Bakıda harasa baş çəkəndə adama elə gəlir ki, paytaxtımızda Hacıbala Abutalıbovdan başqa heç kim yaşamır. Ismət Abbasovun sayəsində isə 5 rayonumuzda ən azı, 52 nəfərin yaşadığını öyrənmiş olduq.

Ismət müəllimi bu rekord münasibətilə təbrik edirəm. Gün o gün olsun, səsi “Ginnesin Rekordlar Kitabı”ndan gəlsin.

Xəbərdə daha sonra yazılıb ki, nazirlə görüşənlər güzəştli şərtlərlə texnika, gübrə almalarından, onlara subsidiyalar verilməsindən razı qaldıqlarını deyiblər. Adam guya gedib şikayət dinləməlidir, ona isə razılıq edirlər. Qınamalı deyil. Bunlar tərifsiz keçinə bilmirlər. Bunlar ancaq xoş söz eşitmək istəyirlər, hətta bir şikayətin varsa, onu da yaltaqlana-yaltaqlana, böyür-başını tərifli sözlərlə bəzəyə-bəzəyə deməlisən.

Ən komiki isə odur ki, əgər axırda nazirlər özləri gedib vaətəndaşı şəxsən dinləyəcək, onların dərdlərinə dərman olacaqdısa, bu boyda məmur korpusu nə üçündür? Onlar niyə maaş alırlar? Nazirliklərin rayon şöbələrinin görməli olduqları işləri də nazirlər görürsə, daha bu necə idarəetmədir?

Başa düşürəm, sonuncu sualımız lap ağ oldu. Azərbaycanda idarəetmədən danışmaq Xəzərdə balina ovuna çıxmaq kimi bir şeydir.

Dünən tanınmış vəkillərdən biri “facebook” səhifəsində Quba rayonunda keçirilən məhkəmə iclasından yazıb. Orada hakim “Azadlıq” radiosunun müxbirini məhkəmə zalına buraxmayıb, deyib, gedin, əvvəlcə rayon icra hakimiyyətindən icazə alın. 

Bu da sizə ölkəmizdə məhkəmələrin necə müstəqil, ayrıca hakimiyyət qolu olduğunun isbatı!

Gülün, gülə bildiyiniz qədər.

Ya da gülməyin, deyirlər, gülüş insan ömrünü uzadır.

Sizə lazımdırmı çox yaşayıb çox əzab çəkmək?!