“Mehriban Əliyevanın namizədliyi klan savaşının təzahürüdür”

“İlham Əliyev özünü Sani Karleoni kimi aparır”

Leyla Yunus: «Azərbaycanda siyasi aktivliyin qarşısını repressiyaları gücləndirmək yolu ilə almaq mümkün olmayacaq»

«Azərbaycanın gələcəyi, müqəddəratı xalqımızın əlindədir»

Demokratik qüvvələrin seçkidə vahid namizədlə çıxış edəcəyini açıqlaması cəmiyyətdə siyasi canlanmaya səbəb olub. Hələ Milli Şura təsis olunarkən təşkilatın vahid namizədi kimi məhz Rüstəm Ibrahimbəyovun irəli sürülməsini təklif edənlərdən biri də hüquq müdafiəçisi Leyla Yunus idi. L.Yunus təbirdə çıxışında bəyan etmişdi ki, demokratik qüvvələrin vahid namizədlə çıxışı siyasi aktivliyi artırmaqla yanaşı, demokratik düşərgəyə inamı gücləndirə bilər. Elə bugünkü müsahibimiz də hüquq müdafiəçisi Leyla Yunusdur. Ilk sualımızda müxalifətin vahid namizədlə seçkiyə qatılmasıyla bağlı onun gözləntilərini soruşduq.

– İlham Əliyev YAP-ın qurultayında namizədliyi irəli sürülərkən də, polis əməkdaşları qarşısında çıxışı zamanı da hakimiyyətin əvvəlki siyasətindən imtina etmək niyyətində olmadığını deyib. Ona görə bu onu deməyə əsas verir ki, Azərbaycanda azad və ədalətli seçkilər, azad seçki təbliğatı kampaniyası olmayacaq. Ilham Əliyev bu bəyanatları ilə cəmiyyəti özününkülərə və düşmənlərə böldü. Demək olar ki, polisə etiraz aksiyalarına çıxan “düşmənlər”ə qarşı qanunsuz addımlar atmaqdan çəkinməmək göstərişi verildi. Hakimiyyətə müxalif olanlar döyülə, söyülə, hətta öldürülə bilər. Bu zaman bunu edən polisə heç bir cəza tətbiq edilməyəcək. Hazırda gedən həbslər də bunu bir daha sübut edir ki, seçki öncəsi repressiyalar, həbslər, hüquq mühafizə orqanlarının adekvat olmayan güc nümayişi sürətlənəcək. Ona görə Azərbaycanda seçki öncəsi vəziyyət vətəndaş müharibəsindəki kimi olacaq. Ona görə bizi çətin dönəm gözləyir. Insanlarla təmas imkanının olmaması cəmiyyəti aktivləşdirməyi çətinləşdirir. Müstəqil telekanalların olmaması da bu proseslərə mənfi təsir edən faktordur. Amma bütün bunlara baxmayaraq demokratik qüvvələrin vahid namizədlə çıxış etməsi vacib məqamdır. Bu o deməkdir ki, seçkidə müxalifətin imkanları, qüvvələri parçalanmayacaq, əksinə, vahid mövqedən çıxış edəcək.

– Hazırda ölkədə elə bir vəziyyət yaranıb ki, demokratik düşərgədən istənilən lider Ilham Əliyevə qalib gəlmək iqtidarındadır. Sadəcə olaraq bunu problemli edən məqam ənənəvi olaraq seçkilərin saxtalaşdırılmasıdır. Bu üzdən seçki saxtakarlığına həm daxili, həm də beynəlxalq ictimaiyyətin mövqeyinin sərt olmasına ehtiyac var. Son səfəriniz zamanı Azərbaycanda seçki prosesini yaxından izləyən təsisatlarda görüşləriniz olub. Azərbaycanda baş verə biləcək növbəti seçki saxtakarlığına qarşı münasibət necə olacaq?
– İstər Avropada, istərsə də Bakıda beynəlxalq təşkilatların nümayəndələri ilə görüşlərimizdə vurğulayırlar ki, Azərbaycanın gələcəyi beynəlxalq aləmdən asılı deyil. Azərbaycanın taleyi ilə Avropa Parlamentinin deputatlarının, Avropa Birliyinin əlaqəsi yoxdur. Azərbaycanın gələcəyi, müqəddəratı xalqımızın əlindədir. Azərbaycan xalqının kimi seçməsindən, öz səsləri uğrunda necə mübarizə aparmasından çox şey asılıdır. Azərbaycanda dəyişikliklər vətəndaşlarımızın səyləri hesabına başa gəlməlidir. Azərbaycan xalqının seçiminin necə olacağı hər şeyi həll edəcək. Xalq dəstəklədiyi şəxsin ardınca gedərsə, beynəlxalq dəstək də olacaq. Daxili işlər naziri Ramil Usubov özü etiraf edib ki, küçələrə yarım milyon insan çıxsa, polis müqavimət göstərməyəcək. Beynəlxalq təşkilatların Azərbaycanda situasiyanı dəyişmək gücündə olduğu ilə bağlı fikirlər yersizdir.

“Əhali ilə təbliğata diqqət yetirmək lazımdır”

– Dövlət başçısının Brüsselə səfərindən bir neçə gün əvvəl Avropa Parlamentinin Azərbaycanla bağlı sərt qətnaməsi oldu. Bu qətnamədə Azərbaycanda insan haqlarının durumu, demokratik azadlıqların pozulduğu açıq formada qeyd olunmuşdu. Amma qətnamənin sərtliyi nədənsə Barrozonun Ilham Əliyevlə görüşündən sonra verdiyi açıqlamaya təsir etmədi. Bu təzadı necə dəyərləndirirsiniz?
– Bəli, bu məqamı mən də anlaya bilmədim. Çünki Avropa Parlamentində çıxışlar çox sərt, deputatların qeydləri kəskin idi. Sonda qəbul edilən qətnamə də ölkədəki reallıqlara uyğun idi. Amma Barrozonun çıxışı tam fərqli idi. Baş verəni müxtəlif cür qiymətləndirmək olar. Müxtəlif insanlar olduğu kimi, müxtəlif rəylər mövcuddur. Bir var təşkilata daxil olan ölkələrin deputatlarının rəyləri, bir də var rəsmi strukturlar. Ona görə Azərbaycandakı durumu, insan haqlarının pozulmasını, demokratik dəyərlərə hörmət edilməməsini nə Avropa Birliyi, nə də Qərb dövlətləri aradan qaldıracaq. Hər şey xalqdan asılıdır. Öz əhalimizlə təbliğata diqqət yetirmək lazımdır. Azərbaycanın taleyini öz vətəndaşlarımız həll etməlidir. Ona görə vətəndaşlarımız ölkədə baş verənlər barəsində dəqiq informasiyaya sahib olmalıdırlar.

– Yeri gəlmişkən, Ilham Əliyev Avropa Birliyində görüşlərdə olarkən qarşıdan gələn prezident seçkilərinin azad və ədalətli keçiriləcəyi, bütün namizədlərə bərabər şəraitin yaradılacağı ilə bağlı açıqlamalar verib. Amma hazırda ölkədəki seçki öncəsi durum tam fərqlidir. Bunu nəylə əlaqələndirərsiniz?
– Bu təzadın ortada olmasında təəccüblü heç nə yoxdur. Ilham Əliyev Qərb diplomatları ilə görüşü zamanı o, özünü Maykl Karleoni kimi aparır. Qərb diplomatlarına Ilham Əliyev özünü qanunçuluğun müdafiəçisi, demokrat kimi təqdim etməyə çalışır. Amma öz vətəndaşları ilə münasibətdə Ilham Əliyev özünü Sani Karleoni kimi aparır. Bu zaman onun qarşısındakılar düşmənə çevrilir və ona qarşı çıxanların hamısı dərhal susdurulmalıdır. Bunu Qərb diplomatları da gözəl bilir. Bu barədə “WikiLeaks”da xüsusi qeydin getməsi də təsadüfi deyildi. Çünki hakimiyyət yürütdüyü bu ikiüzlü siyasəti gizlədə bilməz.

“İlham Əliyev açıq şəkildə polisləri zorakılığa səsləyir”

– İlham Əliyev bir neçə gün əvvəl polis əməkdaşları ilə görüşündə müxalifəti ünsür adlandıraraq, demokratik qüvvələri özlərinə böyük qardaş axtarmaqda ittiham etdi. Ilham Əliyev daha sonra vurğulayıb ki, beynəlxalq təşkilatlar kütləvi aksiyalarda əhaliyə qarşı adekvat olmayan güc sərgiləyən polislərin cəzalandırılmasını tələb etsələr də, o bunu etmir. Dövlət başçısının bu açıqlamalarını necə dəyərləndirirsiniz?
– Dövlət başçısının bu açıqlaması polislərə açıq zorakılıq etmələri üçün çağırışdır. Bu o deməkdir ki, dövlət başçısı polislərə istənilən zorakılığa yol verməyə icazə verir və onları əmin edir ki, atdıqları addımlara görə onları cəza gözləməyəcək. Bu çağrışdan sonra isə polislər aksiyalarda iştirak edənləri döyə, hətta öldürə bilərlər.

– Avropada bir sıra mühüm görüşləriniz oldu. Bu görüşlərdə Ilham Əliyevin 3-cü dəfə namizədliyini irəli sürməsi məsələsinə münasibət necə idi?
– Azərbaycanda jurnalistlərin xarici diplomatlara bu sualı ünvanladıqları zaman aldıqları cavaba oxşar mövqeyin şahidi oldum. Görüşlərimdə birmənalı şəkildə vurğulandı ki, Ilham Əliyevin 3-cü dəfə namizədliyini irəli sürməsinə Azərbaycan xalqı münasibət bildirməlidir.

– Ilham Əliyevin Brüssel səfərindən dərhal sonra Mehriban Əliyevanın namizədliyinin iərli sürülməsi təsadüfi sayılmır. Bundan başqa, o da bəllidir ki, bu tip addımlar hakimiyyətin yuxarı dairələrinin razılığı olmadan da atıla bilməz. Siz Mehriban Əliyevanın namizədliyinin irəli sürülməsini necə dəyərləndirirsiniz?
– Bu hadisəni anlamaq olmur. Çünki hadisələrə heç bir doğru-dürüst izahat verilmir. Bu daha çox hakimiyyət daxilindəki klan savaşının təzahürü sayıla bilər.

– Seçki yaxınlaşdıqca ölkədə siyasi repressiya güclənməkdədir. Yadigar Sadıqov siyasi baxışlarına görə həbs olundu. Milli Şuraya simpatiyalarını ifadə edən Hüseyn Abdullayev, Isa Sadıqov barəsində cinayət işi başladılıb və onlar beynəlxalq axtarışa veriliblər. Hakimiyyətin bu addımlarını necə dəyərləndirmək olar?
– Mən artıq Azərbaycanda siyasi baxışlarına görə son həbs olunanların syiahısını Dövlət Departamentinə göndərmişəm. Bundan başqa, Avropa strukturları da Azərbaycanda həbslərlə bağlı son durum barədə məlumatlıdırlar.

– Azərbaycan kimi cəmiyyətlərdə siyasi aktivliyin bu cür vasitələrlə qarşısını almaq effekt verə bilərmi? Çünki hər ötən gün Azərbaycanda radikal dəyişikliklərin zəruri olduğu hiss olunur. Bu hadisələrin fonunda isə hakimiyyət bu cür addımlar atır…
– Hazırda həbsə atılan gənclərlə bağlı durum dözülməzdir. Onların əksəriyyətinin səhəttində ciddi probemlər var. Hazırda 20 il müstəqillikdən sonra Azərbaycanda vəziyyət sovet dövründən də bərbaddır. Buna görə məsuliyyəti hazırkı hakimiyyət daşıyır. Azərbaycanda siyasi aktivliyin qarşısını repressiyaları gücləndirmək yol ilə almaq mümkün olmayacaq. Düşünürəm ki, Azərbaycanı Özbəkistana çevirmək cəhdləri alınmayacaq. Azərbaycanda seçki dövründə kəskin etirazlar olacaq. Hazırkı Azərbaycan gəncliyi öz gələcəyi barəsində düşünür və onlar haqları uğrunda sona qədər mübarizə aparmağa hazırdırlar. Onlar həqiqətən də hazırda Azərbaycanın gələcəyi naminə mübarizə aparırlar.

– ABŞ Konqresinin Helsinki Komissiyasında Azərbaycanla bağlı dinləmələr olacaq. Müzakirələrin Azərbaycanda demokratiyanın durumu, seçki öncəsi vəziyyətlə bağlı olacağı bildirilib. Bu dinləmələrdən nə gözləyirsiniz?
– Bu çox sevindirici haldır. Belə bir dinləmələrin keçirilməsi ölkəmizlə bağlı real durumu beynəlxalq aləmin diqqətinə çatdırır. Azərbaycanda nümayəndə heyətinin də bu dinləmələrə dəvət olunması təqdirəlayiqdir. Bu görüşlər Azərbaycan barədə hərtərəfli fikirlərin yaranmasına səbəb olur.

Xəyal