Mehriban Əliyevanın namizədliyini irəli sürənlər hücuma keçdi
«Biz heç nədən çəkinmirik və axıra qədər Mehriban xanımın namizədliyini dəstəkləyəcəyik»
Ilham Əliyevin xanımı Mehriban Əliyevanın namizədliyini irəli sürən Demokratik Azərbaycan Dünyası Partiyası dünən mətbuat konfransı keçirib. Lakin mətbuat konfransının Beynəlxalq Mətbuat Mərkəzində keçirilməsi planlaşdırılsa da, tədbir partiyanın qərargahında baş tutub.
Mehriban Əliyevanı müdafiə edənlər BMM-ə niyə buraxılmayıb?
DAPDP-nin yetkilisi Sevda Xurşudova bildirib ki, dünən səhər partiyanın sədri Əlisahib Hüseynov BMM-lə əlaqə saxlayıb. “Əlisahib müəllim bilmək istəyirdi ki, mətbuat konfransı barədə hansı media orqanlarına məlumat göndərilib. Lakin oradan bildiriblər ki, anlaşılmazlıq olub. Bizimlə eyni vaxta başqa bir təşkilatın mətbuat konfransı qeydə alınıb və saat 12.00-da onlar öz tədbirlərini keçirəcək. Bəlkə də bu doğrudan da anlaşılmazlıqdır. Amma bu məqsədli şəkildə də edilə bilər. Görünür, kimlərdəsə narahatçılıq var”.
Sevda Xurşudova mətbuat konfrasının son günlər Mehriban Əliyevanın namizədliyinin irəli sürülməsindən sonra DADP ətrafında cərəyan edən proseslərdən dolayı keçirildiyini bildirib. O, DADP-nin yaranma tarixinə diqqət çəkərək deyib ki, partiya 1992-ci ildə qurulub: “DADP Heydər Əliyev siyasi kursunu dəstəkləyən təşkilatdır. Lakin mən və partiyanın çoxsayda üzvləri təşkilata Mehriban xanımın adı ilə gəlmişik. 2006-cı ildə DADP-yə gələndə mənə bildirdilər ki, bu Mehriban xanımın partiyasıdır. O dövrdən Mehriban xanım bizim partiyanın lideri hesab edilir. Məmməd Əlizadə partiyanın sədri postundan istefa verdikdən sonra, Mirkazım Seyidov təşkilata rəhbərlik edib. 2012-ci ilin oktyabrın 13-də partiyanın qurultayı keçirilib və Fatma Əliyeva sədr seçilib. Lakin çox qısa müddət ərzində bəlli oldu ki, Fatma Əliyevanın idarəetmə bacarığı yoxdur. Ona görə də biz 2013-cü il martın 4-də yenidən qurultay keçirdik. Həmin qurultayda Fatma Əliyeva sədrlik postundan uzaqlaşdırıldı və partiyaya Əlisahib Hüseynovu sədr seçdik”.
Fatma Əliyeva bizim adımızdan istifadə edərək gündəmdə qalmaq istəyir
Sevda Xurşudova daha sonra qarşı tərəfinin ittihamlarına toxunub: “Fatma Əliyeva deyir ki, guya biz partiyanın möhürünü saxtalaşdırmışıq. Əslində isə saxtakarlığı o edib. Hələ Məmməd Əlizadənin dövründə partiyanın möhürü və sənədləri icraçı katib olaraq məndə idi. Məmməd müəllim mənə etibar etmişdi. O partiyadan gedəndən sonra da möhür və sənədlər məndə olub. Fatma Əliyevada olan möhür isə partiyanın köhnə möhürüdür. Onu sədrlik postundan uzaqlaşdıranda həmin möhür yoxa çıxmışdı. Açığı mən elə bilirdim ki, həmin möhürü itirmişəm. Lakin sonradan bəlli oldu ki, möhürü Fatma Əliyeva götürüb və DALP-nin adından istifadə edir. O, DADP-yə aid bəzi sənədləri də yandırmaq istəyib. Lakin sırf təsadüf nəticəsində bunun qarşısı alınıb”.
Partiyanın sədri Əlisahib Hüseynov Fatma Əliyevanın DADP-yə iddialı olmasının səbəblərinə aydınlıq gətirib: “DADP-nin 130 min üzvü var. DADP xırda partiya deyil. Təbii ki, iri bir partiyanın rəhbəri olan Fatma Əliyeva sədrlikdən iddiasından əl çəkməyəcək. Digər tərəfdən o, bizim adımızdan istifadə edərək gündəmdə qalmaq istəyir”.
Baş Prokrurorluğa müraciət edilib
DADP-nin sədr müavini Elşad Əliyev qarşı tərəfin hərəkətləri ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edildiyini bildirib: “4 mart qurultayından sonra biz Ədliyyə Nazirliyinə lazımi sənədləri göndərmişik. Digər tərəfdən Fatma Əliyevanın əməlləri ilə bağlı Baş Prokurorluğa və hüquq-mühafizə orqanlarına müraciət etmişik. Hazırda bütün bu məsələlərlə bağlı araşdırmalar aparalır”.
Elşad Əliyev özü ilə bağlı ittihamlara da aydınlıq gətirib: “Belə məlumatlar yayıblar ki, guya mən Iran casusuyam və bununla bağlı araşdırmalar aparılır. Bəyan edirəm ki, bu ittihamların heç bir əsası yoxdur. Iki il bundan əvvəl biz ”Terrora yox” devizi ilə tədbir keçirmişik. Həmin tədbirdə Iran səfirliyinin nümayəndələri iştirak edib. Bundan sonra sonra qərara alınmışdı ki, oxşar tədbir Tehranda da keçirilsin. Həmin tədbirdə Azərbaycanı rəsmən milli təhlükəsizlik naziri Eldar Mahmudov təmsil edirdi. Ictimai-siyasi partiyalardan isə DADP bu tədbirə dəvət edilmişdi. Partiyanın təmsilçisi özüm idim. Əgər bunu əsas gətirib mənə casus damğası vururlarsa, bu çox yanlış və qərəzli yanaşmadır”.
Biz heç nədən çəkinmirik
Daha sonra DADP-nin Mehriban Əliyevanın namizədliyinin irəli sürülməsi məsələsinə aydınlıq gətirilib.
Sevda Xurşudova deyib ki, bu, Mehriban Əliyevanı özlərinin lideri hesab edən bütün DADP-çilərin qərarıdır: “Biz bu təşəbbüslə çıxış etdikdən sonra sıralarımız daha da artıb. Amma təəssüf ki, bizə qarşı çıxanlar da var. Açığı biz bunun səbəbini anlamırıq. Bütövlükdə YAP yox, onun bəzi nümayəndələri nədənsə bizim addımımıza kəskin reaksiya verdilər. Lakin biz heç nədən çəkinmirik və axıra qədər Mehriban xanımın namizədliyini dəstəkləyəcəyik. Mehriban xanımın namizədliyi ilə bağlı ciddi iş aparırıq”.
Elşad Əliyev isə bildirib ki, hakimiyyətdən gələn reaksiyalar onlarda təəccüb doğurub: “Müxalifət bu məsələyə normal yanaşdı. Heç bir reaksiya vermədilər. Amma iqtidar tərəfdən elə reaksiyalar gördük ki, bu bizdə təəccüb doğurdu. Biz deyə bilmərik bunun səbəbi nədir. Ola bilsin ki, qısqanclıqdır”.
Necə ola bilər ki, Əli Əhmədov DADP-ni tanımasın?!
Partiyanın sədr müavini Rauf Quliyev isə YAP-ın icraçı katibi Əli Əhmədovun DADP haqqında fikirlərə münasibət bildirib: “DADP Heydər Əliyevin xeyir-duası ilə yaradılan Məşvərət Məclisinə 8 il sədrlik edib. YAP da bu quruma daxil olub. Indi necə ola bilər ki, Əli Əhmədov DADP-ni tanımasın?!”
Rauf Quliyev əlavə edib ki, Mehriban Əliyevanın namizədliyi ilə bağlı dəstək komissiyası yaradılır: “Bu komissiyada Mehriban xanımın namizədliyini müdafiə edən başqa partiyalar, ictimai birliklər, ziyalılar təmsil olunacaq. Artıq komissiyasının yaradılması prosesi başlayıb. Biz yaxın günlərdə ayrıca bununla bağlı mətbuat konfransı keçirib ictimaiyyəti məlumatlandıracağıq”.
Sonda partiyanın sədri Əlisahib Hüseynov bildirib ki, DADP-nin qurultayında da Mehriban Əliyevanın namizədliyi irəli sürüləcək: “Bu ayın sonunda qurultayın vaxtı müəyyənləşəcək və biz ali tədbirimizi keçirib namizədimizi irəli sürəcəyik”.
Polis DADP-nin qərargahına niyə gəlib?
Mətubat konfransı bitdikdən sonra DADP-nin qərargahına polis əməkdaşları gəlib. Onlar Əlisahib Hüseynovla təkbətək söhbət ediblər. Bildiriblər ki, qərargaha Fatma Əliyevanın şikayəti əsasında gəliblər. Bu barədə məlumatı Sevda Xurşudova verib.
“Polislər sədrimiz Əlisahib Hüseynova bildirdilər ki, bura Fatma Əliyeva adlı bir şəxsin şikayəti əsasında gəlmişik. Sən demə, Fatma Əliyeva polisə zəng vuraraq bizim ofisdə hansısa antidövlət söhbətlərin getdiyini, müxalifətçilərin toplaşdığını bildiribmiş. Polislər də bu xəbər əsasında araşdırma aparmağa gəldiklərini dedilər. Amma gəlib görüblər ki, belə şey yoxdur. Sədrimizlə söhbət zamanı vəziyyəti öyrənəndən sonra partiyamıza fəaliyyətində uğurlar arzulayıb getdilər. Heç bir insident olmayıb”.
Qarşı tərəfdən reaksiya gecikmədi
Əlisahib Hüseynovun sədrliyini qəbul etməyən qanadın rəhbəri Fatma Əliyeva isə “Azadlıq”-a açıqlamasında qarşı tərəfin ittihamlarını absurd adlandırıb: “Mən partiyanın möhürünü oğurlamamışam. Bu iftiradır. Sadəcə bu adamlar bizə qarşı məkrli niyyətlərindən əl çəkmirlər. Mən necə partiyanın sənədlərini yandıra bilərəm? Mən bu partiyanın sədriyəm axı. Artıq mən onlar haqqında danışmaq istəmirəm. Sadəcə yaxın günlərdə növbəti dəfə mətbuat konfransı keçirib bu məsələyə nöqtə qoyacağıq”.
Fatma Əliyeva polisə şikayət etməsi barədə deyilənləri də inkar edib: “Bu da onların oyunudur. Mən ümumiyyətlə onlarla maraqlanmıram. Heç onların tədbir keçirməsindən xəbərim yoxdur. Biz öz işimizlə məşğuluq. Onların yaydığı şayiələrə də baş qoşmaq istəmirik”.
Vidadi