Gültəkin Hacıbəylinin oğlu atası ilə görüşmək istəmir

Mətanət Əzizova: «Uşaq ciddi psixoloji travma alıb, o, atasının onu bədbəxt edəcəyi qorxusunu yaşayır»

Bəlli olduğu kimi, Nəsimi rayon məhkəməsinin hakimi Etibar Hümbətov keçmiş millət vəkili, Milli Şuranın Beynəlxalq Əlaqələr komissiyasının sədri Gültəkin Hacıbəylinin 9 yaşlı oğlu Toğrulun faktiki olaraq, üzünü görmədiyi atası Mahmud Mehdiyevə verilməsilə bağlı qətnamə çıxarıb.
Bu xüsusda mətbuatda kifayət qədər məlumatlar verilib. Amma uşağın atası ilə görüşməyə razı olub-olmaması məsələsi kiminsə marağında olmayıb.
Qadın Krizis Mərkəzinin rəhbəri Mətanət Əzizova Gültəkin Hacıbəylinin oğlu ilə görüşdüyünü deyərək, “Azadlıq”a maraqlı açıqlamalar verib. Onun sözlərinə görə,ÿmövcud situasiyada ilk növbədə uşağın psixi durumunu nəzərə almaq vacibdir: “Açıq-aşkar göründüyü kimi, uşaq ciddi psixoloji travma alıb. Həkim-psixoloq Azad Isazadə uşağı müayinə etdi və onun məsləhətinə görə, Toğrulun müvəqqəti olaraq atası ilə görüşü dayandırılmalıdır. Yəni, uşaq psixoloji cəhətdən düzələndən, reabilitasiya olandan sonra bu görüş nəticə verə bilər. Qeyd edim ki, uşağın vəziyyəti xüsusi testlərlə müəyyən edilib. Uşaq atasıyla görüşdən qətiyyətlə imtina edib və düşünür ki, bu adam onun həyatını bədbəxt edəcək. Çünki onunla 9 il ünsiyyət yaratmayan, axtarmayan şəxs indi ortaya çıxıb. Uşaqda birdəfəlik anasından alınıb atasına verilmək qorxusu var. Rayon icra hakimiyyətləri nəzdində olan himayə komissiyaları bu situasiyada uşağı müayinə etməli və gəldikləri rəyi məhkəməyə göndərməlidir. Belə başa düşdüm ki, bu komissiyanın heç bir aktivliyi olmayıb”.
M.Əzizova əlavə edib ki, atası ilə ilk görüşdən sonra uşaq huşunu itirib və təcili yardım maşını çağırılıb. Hər dəfə məcburi görüşə gedəndə uşağın ağlaması da onun belə görüşlərə maraqlı olmamasının göstəricisidir. Mövcud durumda uşağın vəziyyətinin çətinliyi məhkəmə icraçılarının gözünün qabağında olub.

Nigar