Azərbaycanlı məşhur admiral
Tarixdən məlum olduğu kimi, XIX əsrdə azərbaycanlı hərbçilərin bir çoxu çar Rusiyası ordusunda xidmət etmək məcburiyyətində qalmış və onların əsas uğurları da bu ordunun adına yazılmışdır. Belə tarixi şəxsiyyətlərdən biri də ömrünün əlli ildən çoxunu hərbi dəniz donanmasında xidmətə həsr etmiş Ibrahim bəy Allahverdi bəy oğlu Aslanbəyovdur.
Admiral Aslanbəyov üç il Peterburqdakı dənizçilik məktəbində təhsil almış və oranı əla qiymətlərlə bitirmiş, Baltik dənizində “Aleksandr Nevski” və “Prozergin” hərbi freqatlarında üzən miçman, bundan başqa, iki il “Imperator I Pyotr” sürətli hərbi gəmisində Daqerord yaxınlığında keçirilən təlimlərdə iştirak etmişdir.
Ibrahim bəy Allahverdi bəy oğlu Aslanbəyov 1822-ci ildə Bakıda anadan olmuşdur. 1842-ci ildə Dənizçilik Məktəbinin zabitlər sinfini bitirən Ibrahim bəy Qara Dəniz Donanmasının hərbi nəzarət gəmilərində üzmüş, Qara dənizin şərq sahillərində baş verən toqquşmalarda iştirak etmişdir.
Bu dövrlə bağlı hərbçilərimizin fəaliyyətini araşdıran dəyərli tədqiqatçımız Şəmistan Nəzirli “Arxivlərin sirri açılır” kitabında başqa Azərbaycan generalları ilə bərabər, Aslanbəyovun həyat yoluna da geniş yer ayırmışdır.
Ibrahim bəy Aslanbəyov “Elbrus” hərbi gəmisinə komandirlik etmiş, 1854-cü ildə düşmənin ticarət “gəmilərini darmadağın etmək üçün dörd dəfə (30 iyun, 7 iyul, 3 və 6 avqust) dənizə çıxmış, avqust ayında isə desant gəmisinin döyüşən batareyasına komandirlik etmişdir. Göstərdiyi bu xidmətlərə görə leytenant Aslanbəyova kapitan-leytenant rütbəsi verilmişdir. Həmin il sentyabrın 13-dən müharibənin axırına kimi Sevastopol qarnizonunda olmuş, avqustun 27-də sonuncu hücumu dəf edərkən kontuziya almışdır. Şərq müharibəsindən sonra Nikolayev limanında 36-cı donanma ekipacına komandirlik etmişdir.
1860-1861-ci illərdə “Sokol” pərli korvet gəmisinin komandiri kimi Aralıq dənizində üzmüş Aslanbəyov həmin gəmini Kronştadta gətirmişdir. 1863-cü ildə isə həmin korvetlə Nikolayev şəhərinə qayıdan Ibrahim bəy, iki ildən sonra “Retvizan” gəmisinə komandir təyin edilmişdir. Bir müddət məşhur vitse admiral Q.I.Butakovun zirehli eskadrasında qərargah rəisi olmuşdur.
Hərbi dəniz tarixində nüfuzlu bir ad
Aslanbəyov 1869-1872-ci illərdə dəfələrlə müxtəlif ümumdövlət əhəmiyyətli məsələləri öyrənmək üçün toplanmış komitələrə sədr təyin edilmişdir. Estoniyaya ezam olunan Ibrahim bəy gəmiçilik məktəblərinin yaradılması və ticarət gəmilərinin düzəldilməsi üçün yaranan komitənin üzvü olmuşdur.
Ibrahim bəy Aslanbəyov 1878-ci il yanvarın 1-də kontr-admiral rütbəsi ilə təltif olunarkən artıq səkkizinci donanma ekipajının rəisi idi. Bioqrafiyası həm admiral kimi, həm də hərbi dəniz tarixçisi kimi çox zəngin olan Ibrahim bəyin bir hərbçi kimi ömür yolunu ancaq general Əliağa Şıxlinskinin artilleriya tarixindəki xidmətləri ilə müqayisə etmək olar.
Əliağa Şıxlinskinin elmi və hərbi fəaliyyəti Azərbaycanla daha çox bağlı olsa da, admiral Aslanbəyovun elmi tədqiqatları rus hərb elmində geniş istifadə olunmuşdur.
1872-ci ildə I Pyotrun anadan olmasının iki yüz illiyi böyük bayram şənliyi kimi keçirilərkən ümumrus texniki sərgisində iştirak etmək və imperatorun kiçik avarlı gəmi dəstəsinə Moskvaya kimi rəhbərlik etmək də Aslanbəyova etibar olunmuşdu.
Admiral Aslanbəyov eyni zamanda okeanda sürətlə hərəkət edən kreyserlərin və uçan eskadrilyanın orduda tətbiq edilməsinin təşəbbüskarıdır. O, Sakit Okean adalarında üzmüş, hətta Polineziyanın xırda adalarını da dolanmışdır.
Admiralın şəxsi işində saxlanan rəy və xatirələrdən, xüsusilə dənizçiliyə aid inqilabdan əvvəlki ədəbiyyatdan məlum olur ki, Aslanbəyovun öz heyəti, ümumiyyətlə, tabeliyində olanlar arasında yüksək hörməti olmuşdur. O da məlum olmuşdur ki, məşhur hərbçi xarici ölkələrdə də yaxşı tanınırdı.
Azərbaycanlı hərbçinin gəmi ilə səfərləri haqqında çoxlu lətifələr, eləcə də özünün danışdığı Şərq əhvalatları hələ də məşhurdur. Bütün bunlar onu göstərir ki, Aslanbəyov məşhur şəxsiyyət kimi çox sevilmiş, böyük nüfuz sahibi olmuşdur.
Kontr-admiral Ibrahim bəy Aslanbəyov 1854-cü ildə Baltik Donanmasının kiçik flaqmanı təyin olunmuş, üç il sonra hərbi-dəniz Donanmasındakı misilsiz xidmətlərinə görə ona vitse-admiral rütbəsi verilmişdir. Bu ali rütbədən sonra Baltik Donanması üzrə flaqman vəzifəsinə təyin olunan Ibrahim bəy 1900-cü ilin dekabrın 7-də Peterburq şəhərində vəfat etmişdir.
Admiral Aslanbəyov ömrünün əlli ildən çoxunu hərbi dəniz donanmasında nümunəvi xidmətdə keçirmiş və xarici ölkələrin bir çox yüksək ordenləri ilə təltif olunmuşdur. Serbiyanın “Takova” (1879), Rusiyanın “Müqəddəs Vladimir” (1854), birinci dərəcəli “Müqəddəs Stanislav” (1881), birinci dərəcəli “Müqəddəs Anna” (1883), “Ağ qartal” (1888) Yaponiyanın “Günəşin doğması” (1882), Havay dövlətinin ikinci dərəcəli “Kalakua” (1882) ordenləri onun layiq görüldüyü mükafatlar sırasındadır.
Həmişəyaşar qəhrəman
1881-ci ildə admiral Aslanbəyov imperator III Aleksandrın tacqoyma mərasimində iştirak etmiş və ona hədiyyə olaraq qılınc verilmiş, həmçinin birillik məvacibi həcmində pul mükafatı ayrılmışdır.
XIX əsrin altmışıncı illərindən başlayaraq admiral Ibrahim bəy Aslanbəyovun “Morskoy sbornik” jurnalında silsilə elmi publisistik məqalələri dərc olunmuşdur. Onun “Sokol” üçdorlu hərb gəmisinin Aralıq dənizindən Kronştadta səfəri (1861) Admiral P.S.Naximov bioqrafik oçerk, (1868), Admiral A.S.Qreyq (1873), Admiral A.I.Panfilov (1874), Dəniz akademiyasının 50 illiyinin bayram edilməsi münasibətilə nitqi (1877), Kontr-admiral I.Aslanbəyovun səfərləri haqqında məlumatlar (1881) və başqa məqalələri tədqiqatçılar üçün bu gün də mükəmməl bir mənbədir.
Admiral Aslanbəyovun “Naximovun bioqrafiyası” adlı oçerki kitab kimi bir neçə dəfə nəşr olunmuşdur.
1899-cu ildə “Vitse-admiral Aslanbəyovun yarıməsrlik yubileyi” kitabı da Sankt-Peterburqda nəşr olunmuşdur.
Hələ sağlığında ikən 1882-ci ildə nəşr olunmuş “Dəniz xəritəsi nəql edir” kitabının 28-ci və 253-cü səhifələrində Ibrahim bəy Aslanbəyov haqqında qısa bioqrafik göstərici verilmişdir. Həmin məlumatlardan bəzilərində deyilir: “- Oxot dənizi, Saxalin adasında 1882-ci ildə ekipaj tərəfindən Aslanbəyov yarımadası, kəşf edilib və Sakit Okean komandanı, eskadrilya kontr-admiralı Ibrahim bəy Allahverdi bəy oğlu Aslanbəyovun soyadı ilə adlandırılıb. Soyadları xəritə üzərində hərf səhvi ilə yazılıb.
– Aslanbəyov körfəzi. Oxot dənizi, Saxalin adası, 1882-ci ildə kəşf edilib və xəritəyə ekipaj, kliper Plastun kimi yazılıb. Elə həmin vaxtda da Aslanbəyov soyadı ilə adlandırılıb.
– Aslanbəyov Ibrahim bəy Allahverdi oğlu (1822-1900) Dəniz korpusu məktəbini bitirib. 1837-1842-ci illərdə Baltik dənizində üzüb. 1842-1861-ci illərdə Qara dəniz donanmasında Selafail, Varşava gəmilərində, Femistokol riqində və başqalarında qulluq edib. 1865-1868-ci illərdə Reqvizan gəmisinin komandiri, 1879-1882-ci illərdə Sakit Okean eskadrilyasının komandiri olub. 1887-ci ildə Vitse-admiral rütbəsini alıb”.
M.P.Lazarev adına Ukrayna Hərbi Dəniz Donanması Veteranları Ittifaqının təşəbbüsü ilə Kiyevdə, Dənizçilər parkındakı Fəxri xiyabanda bir sıra yüksək rütbəli dəniz zabitlərinin büstü ilə yanaşı Ibrahim bəy Aslanbəyovun da büstü qoyulmuşdur.
“Azadlıq”ın Araşdırmaçı Jurnalistlər Qrupu KIV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilir