ADP-çi məhbus “Azadlıq”a şok məktub göndərdi

14 saylı Cəzaçəkmə Müəssisəsində ADP gənclər təşkilatının fəalı, vicdan məhbusu Rəsul Mürsəlov “Azadlıq”a şikayət məktubu göndərib. Məhbus məktubunda sözügedən cəzaçəkmə müəssisəsinin məni rəisi Nazim Kəngərlidən şikayət edir. Yazır ki, təzyiqlərə məruz qalır, hüquqları kobud şəkildə pozulur: “Bura gəldiyim ilk gün rəisin xüsusi tapşırığı ilə, siyasi əqidəmi irad tutaraq nəzarətçi Aydın Şamilov döydü və təhqir etdi.
Qanunlara məhəl qoymadan, 18 gün karantindən saxlanıldım, ağır işlərdə məcburi işlətdilər. Hətta soyuq yanvar ayında gödəkçəmi əlimdən alıb işlətdilər. Halbuki, başqa məhbuslardan 150-200 manat almaqla onları məcburi əməkdən azad ediblər”.
Məhbus yazır ki, bir müddət sonra rəis onun müəssisə daxili biznes fəaliyyətini araşdırmasını əsas gətirərək telefonla danışmağı, görüşməyi, ərizə və məktub göndərmək hüququnu əlindən alıb: “Faktiki olaraq ətraf aləmdən təcrid olundum. Bununla kifayətlənməyən Nazim Kəngərli həyatıma təhlükə yaratdı. Belə ki, 23 aprel 2013-cü ildə yemək zamanı qabımdan zəhər çıxdı. Bunu rəisə göstərdikdə isə bir təsadüf və ya məhkumların mənə qarşı təxribat olduğunu bildirməklə məsuliyyətdən boyun qaçırtdı. Bu və bunun kimi çoxsaylı problemlər, məhdudiyyətlərlə bağlı ərizə və şikayətlərlə müraciət etmək istəsəm də sənəd göndərmə işinə baxan məmur rəisin ərizələrimə qadağa qoyduğunu deyərək, yazdıqlarımı qəbul etmədi”.
Vicdan məhbusunun yazdığına görə, ona olan təzyiqlərin səbəbi 2 iyunda valideyniylə görüş zamanı bəlli olub: “Görüşə xüsusi nəzarət oldu. Rəis atama əfv ərizəsini yazmağı təklif etdi. Əvvəllər mənə təklif olunan əfv ərizəsini yazmağımı, indi valideynlərimə etməklə bir daha rəis mənə olan təzyiqlərin ”yuxarı”dan gəldiyini sübut etdi. Bir daha qeyd edirəm, mən əfv ərizəsi yazmayacağam”. Rəsul Mürsəlov yerli və beynəlxalq təşkilatlara, o cümlədən Sülh və Demokratiya Instutunun rəhbəri Leyla Yunusa müraciət edir və onunla görüşməsini xahiş edir: “Əgər başıma bir iş gələrsə, bunun məsuliyyətini hakimiyyət və onun həbsxanadakı nümayəndəsi Nazim Kəngərli daşıyacaq”.
Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov “Azadlıq”a açıqlamasında bildirdi ki, Nazim Kəngərli artıq bir aydır ki, təqaüdə çıxıb.

Ramin DEKO