Dünən YAP-ın icra katibi Əli Əhmədov Lənkərana gedib. Orada partiyanın “yerli fəallar”ı ilə görüşüb. Biz həmin “yerli fəallar”ın kim olduğunu əslində, çox gözəl bilirik – əli yumurtalı qadınlar, daşla, dəyənəklə silahlanan kişilər, bir sözlə, Lənkərana gələn müxalifətçiləri döymək üçün öyrədilən zəhmətkeşlər.
Yəqin ki, Əli müəllimin Lənkəran səfəri əslində, bir təşəkkür ziyarətidir. Oradakı çıxışında da çox güman rayonun düşmən təcavüzündən, xəyanətkar ünsürlərin hücumundan müdafiəsində qəhrəmanlıq göstərənlərə dərin minnətdarlığını bildirmiş, hətta kim bilir, bəlkə onlara “Milli Qəhrəman” fəxri adı, “Igidliyə görə” medalları da paylamışdır. Lənkərana düşmən ayağı dəyməyə imkan verməyənlər bundan da artığına layiqdirlər. Koroğlu nəvələrinə eşq olsun! Ura, ura, ura!
***
Əli müəllim daha sonra anti-milli ünsürlərin vahid namizədi Rüstəm Ibrahimbəyovun qarasınca bir xeyli deyinib, deyib ki, o heç Azərbaycan dilində düz-əməlli danışa bilmir. Icra katibi haqlıdır, elə təkcə buna görə Ibrahimbəyov Azərbaycana gələn kimi dərxal xəbs edilməlidir. Axı o niyə Azərbaycan dilində düz-əməlli danışa bilmir? Belə də şey olar? Barı Artur Rəsizadəyə, Elmar Məmmədyarova, Səfər Əbiyevə, Cahangir Əsgərova baxıb xəcalət hissi keçirmək lazımdır.
Görün onlar doğma dilimizdə necə gözəl, aydın, səlis danışırlar. Danışmırlar, lap bülbül kimi cəx-cəx vururlar, bulaq kimi çağlayırlar.
Bu dilin şəhdü-şəkərini, gözəlliyini yaşatdıqları üçün onlara nə qədər minnətdar olsaq, azdır.
***
Həqiqətən bir insanın öz ana dilində düz-əməlli danışa bilməsi çox vacibdir. Bir növ onun boynunun borcudur. Amma ondan daha vacib olan bir insanın ana dilində doğruları danışa bilməsidir. Həqiqətləri söyləyə bilməsidir. Söhbət yalnız ana dilindən də getmir. Bir insan hansı dildə danışırsa danışsın, ilk növbədə yalan danışmamalıdır. Yalan danışdıqdan, həqiqəti söyləyə bilmədikdən sonra o dili tum kimi çırtlasan, nə anlamı qalır?
Yeri gəlsə, bu dildə Zəlimxan Yaqubdan daha yaxşı ötən yoxdur, amma faydası nədir? Nəyə yarayır?
Hələ mən öz ana dilini – Azərbaycan dilini yalnız susmaq üçün istifadə edənləri, bu dildə hər cür ədalətsizlik, haqsızlıq, zülm, oğurluq qarşısında səssiz qalanları, lal olanları demirəm. Şahvələd bəyin təbirincə desək, danışa-danışa susanları demirəm.
Rüstəm Ibrahimbəyovun doğruları danışıb, amma Azərbaycan dilində yaxşı danışa bilməməsini onun üzünə vuranlar qoy bunları nəzərə alsınlar. Unutmasınlar: bir dildə həqiqəti danışmadıqdan, vətənin, millətin dərdlərini yazıb-söyləyə bilmədikdən sonra o dildə gözəl danışmaq hələ heç nəyin göstəricisi deyil. Vətənpərvərliyin, millətsevərliyin ümumiyyətlə, göstəricisi deyil.
Ibrahimbəyov bir zamanlar bu rejimlə eyni sırada dayanmışdı. Amma biz onu tənqid edərkən bir dəfə də Rüstəm müəllimin Azərbaycan dilində yaxşı danışa bilməməsini üzə vurmadıq. Həmişə həqiqəti danışa bilməməsini tənqid etdik. Çünki daha önəmli olan da budur. Daha taleyüklü olan da budur.
Amma indi Ibrahimbəyov həqiqətləri danışır, yapçılar da onu bu dildə düz-əməlli danışa bilmədiyinə görə asıb-kəsir. Soruşmazlarmı adamdan: bunu o, sizi tərifləyəndə niyə demirdiniz? Onda niyə bu adamın öz dilində yaxşı danışmadığını üzünə tutmurdunuz? “Bizə öz dilində düz-əməlli danışa bilməyən adamın tərifi lazım deyil” demirdiniz? Əksinə, öpüb göz üstünə qoyurdunuz…
Çünki sizin dərdiniz bağdan üzüm dərmək deyil, bağbanı döyməkdir.
Bu dil sizin üçün yalnız tərif deyiləndə, mədhiyyələr oxunanda, yaltaqlananda doğmalaşır.
Bu dil sizin üçün etdiyiniz zülmlər qarşısında ya susmaq, ya o zülmlərə don geyindirmək, haqq qazandırmaq üçün var.
Sizin bu dilə sayğınızı da, sevginizi də biz görmüşük, cənablar. Onun əsl, tarixi adını dəyişdirəndə, ona qondarma bir ad qoyanda görmüşük.
Odur ki, birdən-birə dil təəssübkeşi olmağınız, dilin qeydinə qalmağınız adamda ikrahdan və gülüşdən başqa heç nə yaratmır.
Yəqin ki, mən anlada, siz də anlaya bildiniz.
Axı hər halda, burada bayaqdan bəri səlis, təmiz Azərbaycan dilində söhbət eləyirik. Indi buna sözünüz nədir?!