YAP hazırda qeyri-rəsmi polis idarəsidir

Mən əvvəllər də yazmışam ki, YAP-çı funksionerlərin çıxışları bu partiyanın siyasəti baxımından, elə hər baxımdan əsas və önəmli deyil, onların uzun-uzadı nə danışmasının heç bir mənası yoxdur. Hakim partiyanın əsas natiqi DƏYƏNƏKdir, polis dəyənəyi. Hər şeyi dəyənəyin çıxışı həll edir…

Təsəvvür edin ki, Mübariz Qurbanlı nəsə dedi. Yaxud Siyavuş Novruzov nəyəsə münasibət bildirdi. Əli Əhmədov isə nəyisə izah etdi. Amma enində-sonunda bunların nə əhəmiyyəti var?! 

Əsas söz polis dəyənəyinindir, elə yuxarıda adlarını çəkdiklərimiz də öz çıxışlarında fikrə, fakta, həqiqətə, məntiqə söykənib danışmırlar. Onları arxayın edən polis dəyənəyinin gücüdür. Onları danışdıran məhz arxalandıqları polis dəyənəyidir. Hətta məhkəmə qərarı ikinci dərəcəlidir bizdə. Hətta hakimlərin sözü də. Onlar da polis dəyənəyinin çıxışına əsaslanıb qərar verirlər. 

Əvvəla, illərdir cəmiyyət görür ki, bu çıxışların mayası qırmızı yalanlarla yoğrulur. Nə qədər yaxşı yalan uydursan da, onun məna yükü, çəkisi, çəkiciliyi olmaz. Mən həmişə YAP-çıların çıxışını eşidəndə təzadlı da olsa poeziyaya qapılıram, həmişə də yadıma Henrix Heynenin məşhur misraları düşür: 

Allahın özü də yarada bilmir

Əsası olmayan bircə zərrəni.

YAP-çıların əsassız çıxışları bircə zərrəlik də deyil. Amma bu çıxışların arxasından boylanan var. Polis dəyənəyi boylanır oradan. Sanki bu çıxışlardan sonra polis dəyənəyinin nitqi başlayır:

– Kəsin səsinizi, əzərəm sizi! Həbsə də salaram, üzərəm sizi! 

O çıxışların hamısının arxasından bu səs gəlir. Polis dəyənəyinin boz ritorikası…

Nəhayət, Ilham Əliyevin polislərə vədi də göstərdi ki, bəli, bu hakimiyyətin danışan dili məhz polis dəyənəyidir. Elə Ilham Əliyevin də danışan dili odur. Iyulun 2-də Azərbaycan Daxili Işlər Nazirliyinin Polis Akademiyasının Heydər Əliyev Mərkəzinin açılış mərasimində iştirak edən Ilham Əliyev ikinci dəfə polislərin elədikləri əməllərə görə cəzasız qalacağını dedi. 

“Polis orqanlarının bir nəfər də olsun əməkdaşı cəzalandırılmayacaq” – Ilham Əliyevin bu sözləri onun and içdiyi Konstitusiyaya təpədən-dırnağa zidd olsa da, gerçək idi. Bütünlüklə yalana bürünmüş ölkənin yeganə gerçəyi. O gerçək ki, bu ölkəni polis dəyənəyinin nitqi idarə edir. YAP isə çoxdan polis idarəsidir və burada siyasi məhbuslara baxırlar…

Həm də siyasi məhbus dedikdə təkcə haqsız tutulan ictimai fəalları və siyasiləri düşünməyin. Məhbus edilmiş bir xalqı, məhbəs olmuş ölkəni düşünün. Şişirtmə-zad yoxdur, ritorika da yoxdur. Gerçək budur. Polis dəyənəyi ilə yaradılmış rəzil gerçək. 

YAP-ın hazırda qeyri-rəsmi polis idarəsi olması fikrinə gəldikdə, heç burada da şişirtmə, bənzətmə yoxdur. Gələcəkdə həqiqətlər açılacaq. Bu, gec-tez olacaq və bilinəcək ki, bizim ölkədə kimlərin həbs olunması haqda qərarları harada və kimlər verib. Onda görəcəksiniz ki, bu göstərişlər polisə və məhkəmələrə YAP rəhbərliyində olan adamlardan gəlib. Onda bilinəcək ki, YAP funksioneri olanlar, YAP rəhbəri öz səlahiyyətlərinə aid olmadığı halda insanların həbsinə qərar veriblər. Yaxud polisə meydanda insanlarla necə davranmağı müəyyən ediblər. 

Buna kiminsə şübhəsi varmı?! Burada şişirtmə varmı?!