Sərhəd məsələsi

Uzun illərdi bu hakimiyyətin yarıtmaz fəaliyyətindən, vətəndaşlara qarşı düşmən münasibətindən, ölkənin sərvətlərini talamasından danışırıq. Hər kəs hesab edir ki, hakimiyyət bütün sərhədləri aşıb. Ancaq bu “sərhəd” ifadəsini işlədəndə, biz həmişə hakimiyyətin xalqa, ölkəyə vurduğu ziyanı nəzərdə tutmuşuq. Ancaq dərindən analiz edəndə görürük ki, mövcud rejimi idarə edən komanda həm də özlərinə qarşı bütün sərhədləri aşıblar.  

Ötən gün AXCP GK-nın üzvü Daşqın Məlikovun 2 il 6 ay azadlıqldan məhrum edilməsi, sifarişli hökmün icra olunması təkcə qanunların pozulması, hüququn ayaq altına atılması deyildi, həm də rejim mənsublarının insani keyfiyyətlərdən məhrum olmasının göstəricisi idi.

Bu bədbəxtlər anlamırlar ki, rəqiblərə qarşı düşmənçilik, vəzifədə qalmaq üçün istifadə edilən metodlar, pula görə iyrənc vasitələrdən istifadə, həm də bunların insanlığını məhvə aparıb.

Xəstə bir gəncə acımayan, onun günahsız həbsinə “yaşıl işıq” yandıran şəxs necə normal insan ola bilər? Bu təfəkkürün sahibi olan adam öz ailəsi üçün də, cəmiyyət üçün də təhlükəlidir. Bu insanlarda “manyak”laşma gedir. Insana xas olan bütün sərhədləri aşmaq faciəlidir və biz bu faciəni müşahidə edərək susuruq.  

Həyatının bütün anını ədalətsizliyə, şər-böhtana həsr etmiş insanları özümüzə rəhbər etmişik. Əslində biz də xalq olaraq sərhədləri aşmışıq. 

Hakimiyyət insanlıq sərhəddin aşıbsa, biz normal vətəndaşlıqdan uzaqlaşmaq üçün bütün sərhədləri aşa-aşa gedirik. 

Bu ölkədə sərhədlər sökülərək yox edilir. Ancaq bu yeganə sərhəd söküntüsüdür ki, vüsala, azadlığa, xoşbəxtliyə aparmır.

Biz geriliyə aparan sərhədləri sökürük, biz cəhalətə yol açan sərhədləri dağıtmaqdayıq. Biz qarşımızdakı sərhədləri dağıtmaqdansa, arxamızdakı körpüləri uçururuq.

Biz yeganə xalqıq ki, qarşımızdakının kimliyini bilmək üçün sübuta ehtiyacımız yoxdur. Çünki qarşımızdakılar kimliklərini, bizə qarşı münasibətini hər gün sübut edir. 

Hakimiyyət xalqın düşüncəsinin sərhədlərini özünün istədiyi kimi müəyyənləşdirib. Biz bu köləlik sərhəddini dağıtmalıyıq.

Nə vaxta qədər ki, bu rejimin çəkdiyi sərhədin daxilində yaşamağa razı olcağıq, o vaxtadək əsl yaşamağın sərhədindən xəbərsiz olacağıq.

Deməli, xalq da, hakimiyyət də təhlükəli SƏRHƏDDƏDI.

Əslində hakimiyyət üçün geriyə dönüş yoxdur. Və hakimiyyət uzun müddətdir bu “sərhəddə” yaşamağı qəbul edib. Bu ölkənin sərvətlərini məhv etdikləri kimi, öz mənəviyyatlarını da məhv ediblər.

Xalq isə, uzun müddətdir bu susqunluğun sərhəddində yaşasa da, hələ hər şey itirilməyib. Bu gün Daşqını haqsız həbs edirlərsə, yüzlərlə Daşqının sabah həbs olunmaması üçün edə biləcəyimiz çox şey var.

Biz edə biləcəklərimizin sərhədiin düzgün hesablaya bilmədiyimizə görə inamsız, pessimist duruma düşürük.

Bir anlıq düşünək. 20 ildir 20 faiz torpaq itirilib. Demək, hərəkət edəcəyimiz məkanın sərhədi 20 faiz daralıb. Onlarla gənc dostumuz zindana salınıb. Demək, sevdiklərimizlə  aramıza sərhəd çəkilib. Kasıblıq minimal ehtiyaclarımızdan istifadəni məhdulaşdırıb. Demək, arzularımızın sərhədi də azalıb.

Indi biz sabahımızın sərhədində dayanmışıq. Ya sabahımıza rifah, ədalət, azadlıq, demokratiya aparmalıyıq. Ya da köləlik, səfalət, yalan, yaltaqlıq daşımalıyıq.

Insanlıq sərhədini aşanlara, insan olmağın sərhədin göstərək.

Yoxsa, insanlıqdan imtina edənlər insanlarımıza zülm edəcək.