Sən heç insan əti yedinmi?..

Əhaliyə kafe-restoranlarda, dönərxanalarda it, eşşək, ölü heyvan ətinin yedirdilməsi hakimiyyətin bütün mahiyyətini açır. Rüşvətin, korrupsiyanın idarəetmədə qan damarı yerində olduğu bir dövlətdə əlbəttə, nə əti desən, necə ət desən sənə yedirdəcəklər. Yediyinin nə olduğunu hardan biləcəksən, necə biləcəksən? Yanında səyyar laboratoriya yoxdu ki, dərhal analiz aparasan, allah-peyğəmbər andı heç nəyə çevrilib, satıcı, kafe-restoran sahibi durub sənə səmimi şəkildə etiraf etməyəcək ki, sənə verdiyim it ətidi, ya eşşək. Daşdan keçən sertifikat alıb, qoyub seyfə, hətta onu vitrinə vurmağa belə qarın ağrıdırlar, ancaq durub dirəşsən, o kağızı gözünə soxacaqlar. O sertifikatı necə, nə yolla alıb, onu da bu ölkədə bilməyən bir insan olmaz, olsa da, o şəxs ancaq Siyavuş ola bilər.  

Ona görə də, sən yediyin ətin nə olmasını bilmək üçün dərhal özündən soruşmalısan: “Mən hansı ölkədə yaşayıram? Bu rejimin xislətində nə yatır? Işlər hansı yolla aşırılır? Yəni eşşəyi ceyran, iti qoyun, ölünü diri, insanı eşşək adıyla necə sırıyırlar?”. Əlbəttə ki, xərçəng xəstəliyindən də betər olan rüşvətlə! Hətta mümkündü ki, biz hansısa kafe-restoranda, dönərxanada insan əti də yemişik.

Bununsa bütövlükdə bir adı var: milləti it yerinə, eşşək yerinə, inək, qoyun yerinə qoymaq – özü də murdar olmuş.

Ondandı ki, ölkədə belə bir şərait yaratmış hakimiyyət bu gün hələ də nəyəsə iddia edir. Seçkilərə namizəd irəli sürür, həm də birini yox, birdən-birə ikisini. Handa-hunda…

Həmin it-eşşək, ölü mal ətini millətə satanların hər biri müsəlmandı, ola bilsin ki, heç donuzu əti-filan da yemirlər, nərə balığına əllərini də vurmazlar. Yaxud o eşşək ətindən qazandıqları ilə ata-analarını həccə, Məşhədə də göndərirlər. Və yaxud o ətin alveri ilə məşğul olanlar. Elə bu hakimiyyətin ideoloji bossları Rüstəm Ibrahimbəyovun donuz əti yeməsi haqda az qala ağlaya-ağlaya yazılar yazdırırdılar. Guya bunlar din-iman xəstəsidir. Ancaq dünyanın harmoniya qanunları dərhal balansı düzəldir və üzə çıxarır ki, həmin sözü danışanlar, təbliğat aparanlar millətə eşşək əti yedizdirirmişlər. 

Təbii ki, heç vaxt hakimiyyətin başında duranlar durub hansısa dönərxana yiyəsinə deməzlər ki, millətə eşşək ətindən dönər verin. Ancaq orta və xırda biznes üçün mövcud olan dözülməz şəraitlə onlar bilavasitə olmasa da, adamları bilvasitə bu işi görməyə məcbur durumda qoyurlar. Rüşvət əlindən qazanmağın mümkün olmadığını görən və təbiətində pula hərislik, vicdansızlıq yatan obyekt sahibi əlbəttə ki, dərhal öz yaramazlığından bəhrələnməyə çalışacaq. Çünki bir yandan onu soyub müflisləşdirən rejim o biri yandan ona it oğlu it olduğunu üzə çıxarmaq üçün də imkanlar yaradır. Anadolular demiş: “Ver parayı, al Nuriyeyi”.

Demək, bir başa olmasa da, dolayı yolla o eşşək əti yedirdənlərlə hakimiyyət başında oturanlar əlbirdi. Bəli, onları tutacaqlar, asacaqlar, kəsəcəklər, ancaq sistem qalacaq, rüşvətin kökü kəsilməyəcək və deməli, millət eşşək yerinə qoyulacaq ki, qoyulacaq. 

Insan bu – Almaniyada da eyni durum olsa, iş adamı eyni cür hərəkət eləyə bilər. Lakin orda dövlət var və dövlət iş adamı üçün əngəl yaratmır ki, o da durub içindəki murdar qanı üzə çıxara. Deməli, bu naqisliyi millətin adına yazmaq doğru deyil. Bu naqisliyi yaradan siyasi rejimlərdi. Indi həmin rejim yenidən özünü millətə sırımaq istəyir. Hər şey millətin əlində. Adam yerinə qoyulmağı da, o birisini də özü seçəcək.

Misir artıq ikinci inqilabını elədi, biz isə hələ də eşşək, it əti əlində qalmışıq. Indi xalqın düşməni kimdir? Xalqın özü, iqtidar, ya müxalifət? Cavab seçki günündə bilinəcək. Xalq seçkiyə getsə…