İcra başçısının iş adamını hədələdiyi iddia olunur
İş adamı Mübariz Mənsimov Masallıya sabiq deputat, hazırda Daşkəsən Rayon Icra Hakimiyyətinin başçısı olan Əhəd Abıyevin qorxusundan daxil ola bilmir. Bu barədə məlumatı virtualaz.org Mənsimovlar ailəsinə yaxın mənbəyə istinadən yayıb. Mənbə deyib ki, əslində Mənsimov Azərbaycana yeni gələrkən elə öz doğma rayonunda stadion tikmək, futbol klubu yaratmaq fikrində olub.
Həmin vaxtlar isə Masallının icra başçısı Oqtay Əliyev olub. Polis zabiti olan bu şəxsi Masallıda “Abıyevlərin yefreytoru” adlandırırdılar.
Iddialara görə, həmin vaxt Mənsimovun Masallıda stadion tikməsi, biznes qurması üçün Abıyevlər ondan 3 milyon dollar “haqq” tələb ediblər. Belə münasibətdən inciyən M.Mənsimov da Lənkərana üz tutub.
Abıyevlər o vaxtlar özlərini nəinki təkcə Masallının, ümumiyyətlə, bütün cənub bölgəsinin sahibi sayırdılar. Onlar Masallıda hər şeyə nəzarət edir, yerli sakinlərin obyektlərini, torpaq sahələrini mənimsəyir, Istisu istirahət mərkəzindəki əlverişli yerləri zorla əhalinin əlindən alaraq özəlləşdirirdilər. Rayona yatırım qoymaq istəyən, Rusiyada və başqa xarici ölkələrdə yaşayan masallılılar isə “narkobaron” damğası yapışdırılmaq hədəsi ilə şantaj edilirdi. “Sonradan Masallıya icra başçısı təyin edilən Qəzənfər Ağayev Abıyevlərin qarşısını aldı, Masallını Əhəd Abıyev xofundan qurtardı. Elə Qəzənfər Ağayevdən sonrakı icra başçısı Rafil Hüseynov da Masallının bəlası olan Abıyevlərə üz vermədi” – deyə məlumatlı mənbə sayta bildirib.
Mənbənin verdiyi məlumata görə, məhz bundan sonra Mübariz Mənsimov Masallıda iş görmək niyyətini ciddiləşdirib və bir neçə həftə əvvəl bu məqsədini rayondakı yaxınlarına açıqlayıb: ?Ancaq onun bu niyyətindən xəbər tutan Əhəd Abıyev də sakit dayanmayıb. Mənbənin dediyinə görə, Mübariz Mənsimova zəng edən Əhəd Abıyev onu “sən Masallıya gələ bilməzsən, əgər gəlsən, səni ağır cəzalandıraram” deyə hədələyib”.
Xəbərlərə görə, Ə.Abıyevin bu hədəsindən sonra Masallıda futbol akademiyasının tikilməsi, stadionun təmiri təxirə salınıb. Mənsimovların hasara saldığı stadionda indi qoyun-quzu otlayır.
Masallı sakinləri isə Mübariz Mənsimovun Əhəd Abıyevdən qorxmasını ironiya ilə qarşılayırlar. Rayon sakinləri arasında belə fikir var ki, Mübariz Mənsimov ya Abıyev xofundan qurtulsun, ya da stadionu geri, rayon camaatına qaytarsın.


