Günahlar və günahkarlar

Ölkənin fəal gənclərindən daha biri – Daşqın Məlikov saxta ittihamla 2 il 6 ay müddətinə həbsə göndərildi. Müəllifi hakimiyyət olan hökmün mirzəsi Sumqayıt şəhər məhkəməsinin hakimi Aqil Abbasovdu. Vaxtilə mənim ofisimdə bir neçə il işləmiş, hamımızın savadlı, tərbiyəli və perspektivli adam saydığımız bir şəxs. Indi bunu mənim günahım kimi qələmə verməyə çalışanlar peyda olub. 

Daha bir Azərbaycan paradoksu bu iradın müəllifi ilə bağlıdı. Müstəqil qərar qəbul etmək iqtidarında olmayan hakim korpusu formalaşdırmış, insan haqlarına total sayğısızlıq göstərən hakimiyyətin ictimai komitələrində, konfederasiyalarında dilənçi payına göz dikən adam hesab edir ki, məni nədəsə günahlandırmaq haqqı var.

Obyektləri əlindən alınanda, Vəkillər Kollegiyasına buraxılmayanda hakimiyyətə sonsuz nifrinlər yağdıran adam indi onun qondarma qurumları ilə iş birliyindədi. Cavab tapa bilmədiyim suallar var: bu hansı əqidələrin və idealların konfederasiyasıdı?

Nədən aqillər bu hakimiyyətin maşınına girən kimi başqalaşır? Nədən hakimlər mitinqçi tutmadan, saxta seçki qərarları vermədən, administrativ dəllalların qoyduğu qiymətlə mülkiyyəti əllərindən alınan insanların mülkiyyət hüququnu tapdalamadan rayon məhkəməsindən apelyasiyaya, oradan isə daha yüksək məhkəmə instansiyasına qalxa bilmirlər? Nədən bu hakimiyyət adamları sındırmadan halal-haram haqqını onlara vermir?

Məhkəmə instansiyasında az da olsa adamlar var ki, tutduqları vəzifəyə uyğun yetərincə savadları var. Nədən onlar savad və qabiliyyətlərinə görə deyil, ancaq hakimiyyətə xidmətlərinə görə mükafatlandırılırlar? Müstəqil hakimiyyət daşıyıcıları olan şəxsləri belə miskin hala salan hakimiyyətlə əməkdaşlığın xeyrinə arqumentləri hardan tapırlar? Ümumiyyətlə, belə arqumentlər varmı?

Hakim adı yüksək və şərəfli addı. Allahdan sonra ancaq onlara insan taleyini həll etmək səlahiyyəti verilib. Belə yüksək məqama oturdulmuş adamları bu günə qoyanların mənəviyyatını bölüşmək hansı idealların uzlaşmasının nəticəsidi?

Ölkədə müqəddəs ideal, heç olmasa çirkaba batmamış adam qalmamasına yönəldilmiş fəaliyyət hansı əxlaqın dəyərləridi? Bu dəyərləri bölüşdürüb-sümürənlər hansı haqla mənəviyyatını fani dünyanın hər cür nemətlərindən uca tutanları qınamağa cəsarət edirlər? Biz hansı cəmiyyəti yaratmışıq və nələrlə fəxr edirik?!

Hər cür bulanıq suyun durulaşmaq, saflaşmaq şansı var. Insanlar da belədi. Ancaq görünür, belə şansı olmayan adamlar da var. Ən dəhşətlisi isə daxilən təmizlənməyə can atmaq əvəzinə özünü çirkabın daha dərinliklərinə soxmaq hərisi olanlar var. Bu, içdən gələn bəladı. Içini qurd-quşla dolduranların təmizlənməsi müşkül məsələdi.

Əslində belələrinə də acıyırsan. Düşünürsən ki, bu adamlar qulluq etdikləri rejimin yaratdığı mühitin qurbanları olduqlarını dərk etsələr, bəlkə də özlərində güc tapıb dəyişməyə çalışarlar. Amma daxili aləm, mənəviyyat naqisliyi bu şansı da onların əlindən alır. Yazıqlar olsun.  

Azadlıq, azad seçki, ləyaqətli həyat istəyənlər normal cəmiyyətlərdə hər cür hörmətə layiq insanlar sayılırlar. Bizdə isə onların qisməti hələ də həbsxanalar, məhrumiyyətlərdi. Bəziləri bu adamların canı-qanı bahasına karyera qazanır, komitələrdə şellənir. Heç olmasa, abırlarına qısılıb səslərini çıxarmasalar, bəlkə də onları görən olmaz.  

Bəli, bu hökmdə mənim də günahım maddiləşib. Ancaq bu günah payı müstəqil ədalət mühakiməsi, şərəfli hakim korpusu yarada bilməmiş cəmiyyətin hər hansı üzvünün günahından çox deyil. Məni bütün iş yoldaşlarımın, hətta tələbələrimin gələcək günahsızlığına qarantiya verməməkdə ittiham etmək hansı məntiqin nəticəsidi? Təkcə özünün satılmamasına, hətta əldən-ələ keçməyəcəyinə qarantiya verə bilməyən adamların başqalarına irad tutmağa haqqı hardan yaranıb?

Haqqınızı və həddinizi bilin!

Ənnağı Hacıbəyli