Nemət Əliyev: «Hökumət insanların səsini satın almaq məqsədi güdür»
Hər seçki ilində olduğu kimi bu dəfə də ilin ikinci yarısında pensiya və maaşların 15-20 faiz artırılması gözlənilir. Rəsmi məlumatlara görə, dövlət başçısı müvafiq olaraq iyul-avqust aylarında bu məsələlərə baxacaq və maaşlar artırılacaq. Bu artımın təsadüfən seçki ərəfəsində baş verdiyini demək olmaz. Çünki ölkədə bir qayda olaraq parlament və prezident seçkiləri ərəfəsində hökumət maaş artımına gedir.
Bu da ilk növbədə əhalinin narazılığını azaltmağa, seçki zamanı səslər qazanmağa hesablanıb. Əks halda maaşlar ilin ortasında deyil, əvvəlində artırıla bilərdi. Şübhəsiz ki, maaşların və pensiyaların artırılması müsbət addımdır və hakimiyyətin bu addımı tənqid etmək niyyətimiz yoxdur. Sadəcə olaraq bu addımın məhz seçkilərə bir neçə ay qalmış atılması “təsadüf” kimi görünmür və təbii ki birmənalı qarşılanmır.
Iqtisadçı-ekspert Nemət Əliyev əmək haqlarının qaldırılmasının seçkilərə ünvanlanmış bir addım olduğunu deyir. Artıq Azərbaycan cəmiyyəti də hakimiyyətin iç üzünü tanıya bilir. Hökumətin bu tip məsələlərlə bağlı açıqlamaları növbəti hiyləgərliyi kimi qəbul olunur: “Əgər hökumət maaşları qaldırmaqda qərarlı idisə, bunun indiyə qədər edərdi. Nəyi gözləyirdi? Azərbaycanda məşğul əhalinin maaşlarının artırılması ilə bağlı hökumətin geniş imkanları var. Çünki neft sektorundan daxil olan maliyyə vəsaitləri maaşların daha çox artırılmasına imkan verir. Əmək haqlarının qaldırılmasına böyük ehtiyac var. Bunu seçkidən-seçkiyə deyil, mütəmadi olaraq qiymətlərin səviyyəsini nəzərə alaraq etmək lazımdır. Bu işlər insanların sosial vəziyyətinin yaxşılaşdırılması məqsədi ilə edilməlidir”.
Ekspertin sözlərinə görə, Azərbaycan hökumətinin yeritdiyi siyasətə diqqət yetirəndə görmək olur ki, onlar xalqın güzəranın yaxşılaşdırılmasına maraq göstərmir. Hakimiyyət əhalinin necə yaşamasının fərqində deyil. Sadəcə maaşları qaldırmaqla ictimai fikrə təsir etməyə çalışırlar. Hökumət insanların səsini satın almaq məqsədi güdür. Ona görə də maaşlar seçkidən seçkiyə qaldırılır: “Bu çox yanlış bir siyasətdir, yanlış bir mövqedir. Hökumət xalqı, insanları ələ salan mövqedən əl çəkməlidir”.
Fizzə


