“Komitet-300» və Azərbaycan

Məşhur “Üçyüzlər komitəsi” kitabının müəllifi Con Koleman – MI-6-nın keçmiş əməkdaşı həmin qorxunc əsərində yazır: “Isveçrə dağlarının xizək cığırlı yamacları, …, bakirə dağları və bahalı saatları ilə bağlı al-əlvan reklam prospektlərini görəndə bunu yada salın: əsil Isveçrə bu deyil, – Isveçrə – ən iri bankları tərəfindən həyata keçirilən saysız-hesabsız çirkli dollarların yuyulması, ”Üçyüzlər komitəsi”nin bayrağı altında “leqal” narkotik istehsal məkanı və qlobal fəlakət dövründə onların pulları və gövdələri üçün əsas “sığınacaqdır…”

Dərman və narkotik vasitələrin istehsalı ilə bağlı Koleman götürülən qazancın fantastik rəqəmlərlə ifadə edilməsindən bəhs edərək deyir: “”Hoffman la Roş” kompaniyasına valiumun xammalı və istehsalı bir kiloqram üçün 3 dollar təşkil edir. Kompaniya məhsulunu distribütörlərə kiloqramını 20.000 dollara satır. Valium son istehlakçıya çatanda bir kiloqramının qiyməti 50.000 dollara qədər yüksəlir”. Sonra müəllif bunu başqa dərmanla bağlı da göstərir: “”Hoffman la Roş” eyni şeyi “C” vitamini ilə də edir. Belə ki, onun bir kiloqram məhsul üçün istehsal xərcləri bir sentdən də ucuzdur. Lakin vitamin “C” 10.000% gəlirlə satılır”.

Koleman danışır ki, bir dostu Avropa Iqtisadi Birliyinin qanunlarına zidd olaraq digər istehsalçılarla inhisar sövdələşməsinə girən bu cinayətkar kompaniya ilə bağlı həyəcan təbili vuranda, onu Isveçrə-Italiya sərhədində tutub türməyə salıblar. Isveçrə polisi onun həyat yoldaşını hədə-qorxularla intihara çatdırıb. O, “Hoffman la Roş” kompaniyasının sirlərini açmağa cəsarət etdiyinə görə öz həyat yoldaşını və təqaüdünü itirməli olub. Müəllif demək istəyir ki, bütün bu proseslər “Üçyüzlər komitəsi”nin nəzarəti və xeyir-duası ilə həyata keçirilir və bu kimi sirlərin üstünü açanlar ciddi cəzalandırılır. Söhbət o Komitədən gedir ki, müəllifin iddiasına görə, dünyanı onlar idarə edir, dövlət başçılarını onlar seçir və istədikləri vaxt qələmlərini qırırlar.

Lakin zaman və gediş yolları dəyişir və mən bu yazıda heç də dərman mafiylarının fəaliyyətindən, yaxud saxta dərman istehsal edərək milyonlar qazanan hansısa cinayətkar şirkətlərdən danışmaq istəyirəm. Bu gün oxuduğum bir xəbərdə deyilir ki, Isveçrə Azərbaycan Ticarət Təşkilatının sədri Elxan Həsənli Sürix şəhər prokurorluğuna çağırılıb. O öz Fb hesabında yazıb ki, bu çağırılma Azərbaycanda dərman preparatları satan bir şirkətlə bağlıdır. Həmin şirkətin sahibi ölkəmizdəki iri iş adamlarından biridir. Bu şirkət məşhur dərman preparatlarını saxtalaşdıraraq, müxtəlif adlarla dərmanlar istehsal edir. Dərmanlar əsasən üçüncü dünya ölkələrində istehsal olunur və sağlamlığa ciddi təhlükə törədirlər. Ən maraqlısı odur ki, bu cür cinayət tərkibli əməllər Isveçrədə qeydiyyata alınmış bir şirkətin adı ilə həyata keçirilir. 

Bu fakt Kolemanın dediklərinə daha bir sübutdur. Lakin mənim məqsədim ölkəmizə gətirilən saxta dərmanların insanlara vurduğu ölümcül zərərdən, pıtraq kimi çoxalan xərçəngdən və çarəsiz vətəndaşlarımızdan sorulan milyardlardan danışmaq da deyil.

Özünüz başa düşün – əgər sahibliyi Azərbaycanın iri dövlət adamlarına gəlib çıxan bu dərman şirkəti bu günə qədər rahat fəaliyyət göstəribsə, bu gün qəfildən “cinayət üstündə yaxalanıbsa”, deməli, söhbət heç də göründüyü kimi sadə deyil. Məsələni Kolemanın məntiqi ilə belə anlamağa çalışaq: artıq “Üçyüzlər” Azərbaycanı idarə edən siyasi mafiyanın qələmini qırıb. Vaxtında sonuncu Iran şahı da eyni taleni yaşamışdı. Dayanmadan sirlərin üstü açılır – milyonluq villalar, ölkədən çıxarılan milyardlar, ofşorlar və nəhayət, gəliri heç bir şeylə müqayisəyə gəlməyən qara dərman biznesi.

Artıq “Komitet-300″ (və ya dünyanı idarə edən istənilən beyin mərkəzi) öz taktikasını dəyişdi, ölməz saydığımız neçələrinin qələmini qırdı, təkcə Azərbaycan vətəndaşları öz sükut taktikasında, lal üsyanında sabit qalır. Qarşıdansa seçki gəlir. Baxalım, bu xalq nə qərar verəcək – sükutunu səsiylə qıracaq, ya saxta dərmanlarla qırılıb-qurtarmağı üstün tutacaq? Xeyirlisi…