Bütün bayramların eyni hədəfi

Ötən gün ərinmədən heç kimin oxumadığı, hakimiyyətin mədhinə xidmət edən qəzetlərə göz atdım. Məqsədim polis günü münasibəti ilə əlahəzrətin çıxışını izləmək idi. Bir məqamı qeyd edim ki, “Xalq” qəzetində Ilham Əliyevin iştirak edib, nitq söylədiyi tədbirlə bağlı yazı 5 dəfə, “Səs” qəzetində 18 dəfə oxunmuşdu. Eyni vaxtda Milli Şuranın sessiyası ilə bağlı yazını “Azadlıq” qəzetində oxuyanların sayı 20000-i keçmişdi. 

Məqsədim, hakimiyyət qəzetlərinin oxunmadığını, 600 min üzvü olan partiyanın liderinin çıxışına heç kimin maraq göstərmədiyini sübut etmək deyil. Hamının bildiyi həqiqəti, sübut etməyə ehtiyac yoxdur.

Keçək əsas məsələyə. Demək Ilham Əliyev Azərbaycan polisinin yaranmasının 95-ci ildönümündə Polis Akademiyasının Heydər Əliyev mərkəzinin açılışını edib. Təyinatından, sahəsindən, məqsədindən asılı olmayaraq bütün tədbirlərdə eyni şəxsin adına açılış etmək, etiraf edək ki, həmin şəxsin ucuzlaşmasına və həmin tədbirin əhəmiyyətsizliyinə işarədir. Gül bayramında, Qurtuluş günündə başa düşdük, polis günündə də bir ailənin təbliğatın aparmaq doğrudan da ikrah doğurur. Əgər məqsədiniz Heydər Əliyevin təbliğatını aparmaqdırsa, polisin yaranmasının 95 illiyin deyil, 20 illiyin qeyd edərdiniz. 95 illikdən söhbət gedirsə, məntiqlə o tədbirdə Fətəli xan Xoyskinin mərkəzinin açılışı olmalıydı. 

Dövlət başçısı çıxışında ənənəvi inkişafımızdan danışıb, müxalifəti yıxıb sürüyüb. Ancaq mən müxalifətlə bağlı dediklərinə toxunmaq istəmirəm. 

Ilham Əliyev bildirib ki, Azərbaycanda 30-40 cinayət hadisəsi baş verir, 9 milyon üçün də 30-40 cinayət hadisəsi böyük rəqəm deyil. 

Əslində əlahəzrətin sözlərində həqiqət var. Əgər bir ölkədə rüşvət, korrupsiya, mülkiyyət hüququnun pozulması, ədalətsiz məhkəmə qərarı cinayət sayılmırsa, bir ölkədə ki, ofşorlardakı milyardlara, inhisarçılığa, süründürməçiliyə görə məsuliyyətə cəlb olunma yoxdur, o ölkədə cinayət həqiqətən az ola bilər. Ancaq bütün bunlara baxmayaraq, əlahəzrətin fikirlərinə rejim kanalları kölgə salır. Belə ki, səhərdən axşama qədər telekanallarda kriminal xəbərlər “at” oynadır. Adamöldürmə, oğurluq, dələduzluqla bağlı hər gün ekranda material var.

Daha sonra prezident “mən həmişə demişəm, indi də deyirəm bir nəfər də polis cəzalandırılmayacaq” söyləyib.

Mən azdan-çoxdan kitab oxumuşam, mətbuatı vərəqləyirəm, tarixə nəzər salıram, amma kiminsə dilindən “cəzadan azad etmə” haqqında fikir eşitməmişəm. “Bir nəfər də olsun polis cəzalandırılmayacaq” nə deməkdir?. Müxalif fəalların üzünə duran, cibinə nəşə atan, vəhşicəsinə döyən polis cəzalandırılmayacaq. Indi, polis özbaşınalığının qarşısın kim alacaq? Biz polisin qanunsuz hərəkətlərindən kimə şikayət edək?

Əslində bu çıxışda “maraqlı” fikirlər çoxdu. Hamısını yazıb, sizi yormaq istəmirəm. Əlahəzrətin bütün çıxışlarında 3 məqam var. Ulu öndərin xidmətləri, ölkənin sürətlə inkişafı və antimilli ünsürlərin fəaliyyəti.

Siyavuş Novruzovun 1 faizi

Yaptokratiyadan danışıb, Siyavuş Novruzovu xatırlamamaq ədalətsizlik olardı. Son günlər Siyavuş Novruzovun  etiraflarından xoşum gəlir. Novruzov deyib ki, Rüstəm Ibrahimbəyov əhalinin 1 faizinin səsini ala bilər. Bəs bu bir faiz hakimyyəti niyə narahat edir?

9 milyon əhalinin 1 faizi 90 min adam edir. Siyavuş Novruzov demək istəyir ki, Rüstəm Ibrahimbəyov 2 deputatın səsin ala bilən adamdı. Bu ölkədə isə deputatların əksəriyyəti 10 nəfərin səsini ala bilmədiyi üçün, saxta millət vəkili olurlar. Ölkə əhalisinin 0.001 faizinin səsini ala bilməyənlər, əhalinin 1 faizinin səsini ala bilən adamdan qorxurlarsa, bu, başadüşüləndir.