Dünən Yasamal Rayon Məhkəməsində general-leytenant Çingiz Məmmədovun “Azadlıq” qəzetinə qarşı iddiası üzrə məhkəmə prosesi keçirilib.
Müdafiə Nazirliyi “Azadlıq” qəzetini və əməkdaşı Xəqani Əliyevi 20-24 mart 2013-cü il sayında çıxan “Ordu, yoxsa can bazarı” sərlövhəli yazıya görə məhkəməyə verib. Iddia ərizəsi nazir müavini, general-leytenant Çingiz Məmmədovun adından verilib. Qəzetdən təkzib və 100 min manat təzminat tələb edən nazirlik bu pulun Silahlı Qüvvələrin Yardım Fondunun hesabına köçürülməsin istəyir.
Məhkəmə prosesində “Azadlıq”ın hüquqlarını müdafiə edən tanınmış hüquqşünas Intiqam Əliyev bildirib ki, Çingiz Məmmədov məhkəməyə bu işdə iddiaçı tərəfin Müdafiə Nazirliyi olması ilə bağlı ərizə verib: “Hakim Zəfər Quliyev də həmin ərizə əsasında Müdafiə Nazirliyini prosesə iddiaçı qismində cəlb eləmişdi. Mən bu qərara etiraz elədim. Çünki nazirlik prosesdə iddiaçı tərəf kimi iştirak etmək üçün mütləq məhkəməyə ərizə ilə müraciət etməlidir. Hakim də etirazımı haqlı hesab edərək prosesi təxirə saldı”.
Növbəti məhkəmə iclası iyulun 9-na təyin olunub.


