Yaşar Kamalın “dost”u

Xalqsız xalq yazıçısı, baş nazir müavini Elçin Əfəndiyev Türkiyənin azman yazıçılarından Yaşar Kamalın 95 illiyinə “gecikmiş dost sözü” yazıb.

Həm də 4 qəzet səhifəsi həcmində…

Həm də daha çox atası Ilyas Əfəndiyev və özü ilə bağlı tərifli cümlələrdən bol bir yazı yazıb.

Nə qədər darıxdırıcı, yorucu olsa da, dişimi dişimə sıxıb oxudum.

O boyda yazıdan geriyə qalan tək təəssüratım xalqsız xalq yazıçımızın illah ki, oxucunu “Yaşar Kamalın dostu və qardaşı” olduğuna inandırmaq cəhdi oldu. 

Əks təqdirdə ustad yazıçının hansısa kitabını hədiyyə edərkən yazdığı iki-üç kəlməlik avtoqrafı xüsusi vurğulamaq nəyə lazımdır?

Bu nəyin kompleksidir Elçin müəllimdə? Bilmirəm.

Bildiyim tək şey var: hansısa məşhur yazıçı ilə eyni qonaqlıqda olmaq, kimlər vasitəsilə görüşüb çay içmək onunla “dost” olmaq anlamına gəlməz.

Illərdir bu korrupsioner, antixalq rejimində yüksək post tutan…

Ölkəsindəki haqsızlıqlar, ədalətsizliklər qarşısında səssiz qalan bir adamla isə Yaşar Kamal kimi yazıçıların könül bağlarının olması tamamən mümkünsüzdür.

Bir yanda -ÿHalka kim zulmediyorsa, etmişse, halkı kim eziyor, ezmişse, onu kim sömürmüş, sömürüyorsa, feodalite mi, burjuvazi mi… Halkın mutluluğunun önüne kim geçiyorsa ben sanatımla ve bütün hayatımla onun karşısındayım… Ben etle kemik nasıl biribirinden ayrılmazsa, sanatımın halktan ayrılmamasını isterim. Bu çağda halktan kopmuş bir sanata inanmıyorum” deyən Yaşar Kamalı təsəvvür edin…

O biri yanda da xalqın dərdlərindən, onun arzularından, istəklərindən uzaq duran, ədalətsiz, zülmkar bir sistemlə iç-içə olan, bu sistemin bir parçasına çevrilən Elçin Əfəndiyevi təsəvvür edin.

Sonra da onların dostluğunu təsəvvür edin.

Və son qərarı özünüz verin.

Iş adamının və qələm adamının qatilləri

Srağagün bir tikinti şirkəti rəhbərinin qatillərinə hökm oxunub.

Bu haqda xəbəri dünən qəzetlərdən oxudum. Bir məqam diqqətimi çəkdi.

Sitat: “Cinayətin iştirakçılarının müəyyən edilib saxlanılması üzrə Azərbaycan DIN-in Gürcüstanın müvafiq dövlət orqanı ilə beynəlxalq müqavilələrə uyğun qarşılıqlı hüquqi yardım çərçivəsində birgə həyata keçirdiyi xüsusi əməliyyat nəticəsində Fərman Hacıyev və Sahil Şamilov Gürcüstanda yaxalanıb”.

Bu məqamı maraqlı edən nədir?

Əliyevçi rejim mərhum həmkarımız Elmar Hüseynovun qatillərini tapdığını iddia etmirmi? Edir.

Qatillərin hazırda Gürcüstanda olduğunu demirmi? Deyir.

Indi sual yaranır: “Cinayətin iştirakçılarının müəyyən edilib saxlanılması üzrə Azərbaycan DIN-in Gürcüstanın müvafiq dövlət orqanı ilə beynəlxalq müqavilələrə uyğun qarşılıqlı hüquqi yardım” məsələsi Elmar Hüseynovun qatillərinin yaxalanması və ölkəyə gətirilməsinə niyə kömək etmir?

Iki il öncə iş adamını qətlə yetirənləri anındaca Gürcüstandan tutulub gətirirsiniz də eyni operativliyi və məharəti Elmar Hüseynovun qatilləri ilə bağlı niyə müşahidə etmirik?

Bunları oxuyub müəllifin sadəlöhvlüyünə gülənlər tapıla bilər.

“Guya bilmirsən?!” deyənlər tapıla bilər.

Amma o sualların cavabı mənə həqiqətən çox maraqlıdır.

Qızıl protez

“Göyçay rayonunda törədilmiş oğurluq hadisəsinin üstü açılıb. Daxili Işlər Nazirliyinin mətbuat xidməti məlumat verir ki, Göyçay RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qızıl protez oğurlamış Anar Ibrahimov tutulub. Belə ki, Anar Ibrahimovun qızıl protezi iyunun 30-da Səlahəddin Əzizovun evindən oğurladığı məlum olub” (bizimyol.info).

Oğrunu çox gözəl başa düşürəm.

Lütfən, biri mənə qızıl protezin sahibini anlatsın.