Daha iki partiya onun namizədliyini irəli sürür; hakim komandada çaşqınlıq yaranıb
Demokratik Azərbaycan Dünyası Partiyasından (DADP) sonra daha iki partiya Ilham Əliyevin xanımı Mehriban Əliyevanın namizədliyini irəli sürür. Bu barədə xəbəri veteninfo.az saytı DADP-nin də təmsil olunduğu Islahat Seçki Blokuna daxil olan partiyalardan birinin sədrinə istinadən yayıb. Lakin sayt ad çəkməyib. Məlumatda bildirilir ki, yaxın günlərdə bu partiyalar rəsmi olaraq qərarlarını açıqlayacaqlar.
Məlumat üçün deyək ki, Islahat Seçki Blokunda DADP-dən başqa dörd partiya təmsil olunur: Milli Dövlətçilik Partiyası, Mübarizlər Partiyası, Respublikaçılar Partiyası və Azad Respublikaçılar Partiyası.
Bu arada DADP-nin sədr müavini Rauf Quliyev YAP-ın icra katibi Əli Əhmədova cavab verib. O, veteninfo.az saytına açıqlamasında deyib: “YAP-nin funksioneri hörmətli Əli Əhmədovun fikirlərinə qısa olaraq fikrimi bildirmək istəyirəm. Əli Əhmədovun fikirlərinə hörmətlə yanaşırıq. DADP müstəqil partiyadır və partiyanın verdiyi bu qərara birmənalı olaraq sizlərin irad tutmağa haqqı yoxdur, DADP-nın 130000-lik ordusunun verdiyi bu demokratik və azad təklifə irad tutmaq siyasi baxımdan qeyri-etikdir. Hörmətli Əli müəllim nəzərinizə çatdıraq ki, sizin tanımadığınız DADP ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə yaradılmış və sizin rəhbəri olduğunuz partiyanın da daxil olduğu Iqtidaryönümlü Partiyaların Məşvərət Məclisini yaradanlardan biri və 8 il həmin quruma sədrlik etmiş, hal hazırda həmin şuranın üzvü olan təşkilatdır”. DADP rəsmisi açıqlamasında YAP-çı deputat Aydın Mirzəzadənin də fikirlərinə münasibətini açıqlayıb: “Aydın Mirzəzadə bir deputat və bir Azərbaycan vətəndaşı olaraq məsələyə bu cür tez münasibət bildirməsi, onun Demokratik Azərbaycan Dünyası Partiyasını – Dünyəvi Azərbaycan Partiyası kimi qələmə verməsi məsələni düzgün analiz etməməsindən xəbər verir. Biz demokratik və suveren bir respublikanın vətəndaşları kimi DADP olaraq seçim hüqüqumuzdan istifadə edərək təşəbbüslə çıxış etmişik. Bu bizlərin fərd olaraq fikri deyil, 130000 dən çox üzvün təşəbbüsüdür. Mehriban xanım Əliyevanın prezidentliyə namizədliyini irəli sürmə təşəbüsümüzə bir sıra QHT-lər, ziyalılar, siyasi xadimlər və diaspor təşkilatları qoşulmaq üçün DADP-yə müraciət ediblər”.
Rauf Quliyevin açıqlaması və daha iki partiyanın Mehriban Əliyevanın namizədliyini irəli sürməyə hazırlaşması bu məsələni artıq bir qədər də ciddiləşdirib. Açıq-aydın sezilir ki, Mehriban Əliyevanın namizədlik məsələsi kimlərinsə müstəqil şəkildə qəbul etdiyi qərar deyil. Qarşı tərəfdən məsələyə reaksiya verilməməsi də bu qənaəti yaradan amillərdəndir. Artıq hakimiyyət komandasında da çaşqınlıq yaranıb. Görünür, Mehriban Əliyevanın namizədliyi hakimiyyətdə çox məhdud çərçivədə razılaşdırılıb. Komanda tam olaraq nə baş verdiyindən xəbərsizdir. Ona görə də Mehriban Əliyevanın namizədliyi ilə bağlı qeyri-müəyyən fikirlər bildirirlər.