Milli Şuranın vahid namizədi Rüstəm İbrahimbəyov önəmli mesajlar verdi
«Məni tanıyanlar da bilirlər ki, heç vaxt olmayıb ki, söz verim sonra sözümün üstündə durmayım»
Demokratik Qüvvələrin Milli Şurasının prezidentliyə vahid namizədi Rüstəm İbrahimbəyov bu statusda dünən ilk müsahibələrini verib. Müsahibələrdən birini “virtualaz.org” saytı götürüb.
Qəti əminəm ki, Azərbaycan əhalisinin əksəriyyəti məni dəstəkləyir
– Siz müxalifətin prezident seçkilərindəki vahid namizədi oldunuz. Bəs Azərbaycana nə zaman qayıdırsınız?
– Mənim indi işlərim var. Avropaya getməliyəm. Avropa təşkilatları ilə görüşməliyəm. Həmçinin Türkiyəyə gedəcəyəm. Yəni xaricdə xeyli işim var. Onları başa çatdırandan sonra seçkilərə az qalmış mən Azərbaycana mütləq qayıdacağam. Başqa cür necə ola bilər ki?! Buna heç bir şübhəniz olmasın. Normal bir adam kimi başa düşürəm ki, Azərbaycan rəhbərliyindən nələri gözləmək olar. Lakin mən qəti şəkildə əminəm ki, mənim problemlərimin mənim payıma düşən missiya ilə heç bir əlaqəsi yoxdur. Mən bu missiyanı minnətdarlıq hissi ilə qəbul edirəm. Ölkəyə gələcəyəm və məni dəstəkləyən insanların ümid və inamlarını doğrultmaq üçün məndən asılı olan hər şeyi edəcəym. Qəti əminəm ki, Azərbaycan əhalisinin əksəriyyəti məni dəstəkləyir. Ona da əminəm ki, Azərbaycan hakimiyyəti seçkiləri saxtalaşdırmaq üçün hər şeyə gedəcək. Indi əsas məsələ bu saxtakarlığa mane olmaqdır. Ona görə də ölkəyə qayıtmağım ləngiyir. Ümid edirəm ki, əgər məni həbs etsələr, bu, ümumi işin xeyrinə olacaq. Xalq birdəfəlik başa düşəcək ki, onun qarşısındakı rəhbərlik antidemokratik mahiyyətə malikdir. Buna görə də mənim həbsim işlərin xeyrinə olacaq. Mən hadisələrin bu cür cərəyan edəcəyini istisna etmirəm və qorxmuram.
Mən hər şeyə hazıram, heç bir tərəddüdüm də yoxdur
– Bəs siz hakimiyyətin dəyişilməsi mexanizmini necə təsəvvür edirsiniz?
– Hakimiyyətin dəyişilməsi mexanizmi mütləq mənada konstitusion xarakterlidir. O, əsas qanunda da yazılıb. Yeni nəsə icad etməyə gərək yoxdur. Hadisələrin sonrakı inkişafı məsələsinə gəlincə isə bunlar Milli Şuranın bəyanatlarında ətraflı əks olunub. Milli Şuranın vahid namizədi bu məsələlərə riayət etməlidir.
Qəti əminəm ki, seçkiləri saxtalaşdırmaq cəhdləri olacaq. Bunu artıq 20 ildir edirlər. 1993-cü ildən etibarən Azərbaycanda heç bir seçki saxtalaşdırma olmadan keçirilməyib. Mənim Bakıya qayıtmağımın yubanması da bu məsələyə – saxtalaşdırmaya mane olmağa görədir. Buna mane olmaq üçün beynəlxalq müşahidəçilər, beynəlxalq müdaxilə lazımdır. Ölkəyə qayıdışım bu məsələlər ucbatından ləngiyir. Əgər indi Azərbaycana gəlsəm, vəziyyətin əhəmiyyətli dərəcədə dəyişməsi üçün heç nə edə bilməyəcəyəm. Amma xaricdə bu istiqamətdə çox şey edə bilərəm. Buna görə də ölkəyə qayıtmazdan əvvəl bunun üçün zəmin hazırlamaq lazımdır. Mən Azərbaycana qayıdacağam. Məndə bununla bağlı heç bir şübhə yoxdur. Qalan şeylər mətbuatın uydurma və fərziyyələridir. Mən hər şeyə hazıram, heç bir tərəddüdüm də yoxdur. Mən heç vaxt deməmişəm ki, qorxuram və ya məni həbs edə bilərlər. Mən yalnız onu demişəm ki, belə bir ehtimal var. Milli Şuranın yaradılması hər yerdə müsbət qarşılanır. Hamı bunu tarixi addım hesab edir. Deyirlər ki, Azərbaycan müxalifəti nəhayət birləşdi. Bunun üçünsə 20 il lazım oldu. ABŞ Dövlət Departamenti və digər qurumlar hesab edirlər ki, Azərbaycanda insan haqları sahəsindəki vəziyyət dəhşətlidir. Vətəndaşların hüquqları ən kobud formalarda pozulur, ölkədə eybəcər bir korrupsiya mühiti var. Hamı bunu birmənalı olaraq pisləyir. Bu, Avropa və Amerikanın bəyanatlarından da görünür. Həmin bəyanatlardan da görə bilərik ki, Azərbaycanda insan haqlarının vəziyyəti və korrupsiya ən dəhşətli səviyyədədir. Hamının arzusu budur ki, Azərbaycandakı bu vəziyyət dəyişsin və demokratik seçkilər keçirilsin. Mən də hazırda bununla məşğulam. Buna görə də anlaya bilmirəm ki, mənim dərhal ölkəyə qayıtmağım məsələsi ətrafında niyə belə ajiotaj qaldırılıb. Bir daha deyirəm ki, Bakıya mütləq gələcəyəm və heç nədən qorxmuram.
“Milyarderlər ittifaqı”nın Azərbaycanın daxili siyasi proseslərinə aidiyyəti yoxdur
– Hakimiyyətdaxili qüvvələrdən dəstək gözləyirsinizmi? Deyilənə görə, Abbas Abbasov seçkilərdə sizi dəstəkləməyə hazırdır…
– Birincisi, Abbas Abbasov hakimiyyətdaxili qüvvə deyil. Onun Azərbaycan hakimiyyətinə heç bir aidiyyəti yoxdur. O, diasporla bağlı çox gözəl işlər görür. Nə Abbasovun, nə də “Milyarderlər ittifaqı”nın digər üzvlərinin Azərbaycanın daxili siyasi proseslərinə çox təəssüf ki, heç bir aidiyyəti yoxdur. Buna görə də deyilənlərin çoxu şayiədir. Lakin Rusiya, Avropa, ABŞ-dakı azərbaycanlıların çoxu bizi dəstəkləyir. Onlar isə hakimiyyətdaxili qüvvələr deyillər.
– Sizin üçün taleyüklü an olan Milli Şuranın iclası ərəfəsində “Milyarderlər ittifaqı”ndan niyə məsafə saxladınız?
– Mən “Milyarderlər ittifaqı”ndan məsafə saxlamamışam. Mən bu qurumun üzvüyəm. Bu isə “Milyarderlər ittifaqı” deyil, Ümumrusiya Azərbaycan Təşkilatları Ittifaqıdır. Bu təşkilat xaricdəki həmvətənlərimizin problemləri ilə məşğul olan gözəl bir qurumdur. Azərbaycanın daxili problemləri onları narahat edir. Amma təəssüf ki, onlar bununla məşğul olmurlar.
“Bu razılığı vermişəmsə axıra qədər bu yolu gedəcəyəm”
Rüstəm Ibrahimbəyov dünən həmçinin Azadlıq radiosunun “İşdən sonra” proqramında sualları cavablandırıb.
– Sizi Milli Şuranın vahid namizədi elan ediblər, amma bəzi narahatlıqlar var. Narahatlıqlardan biri odur ki, burda deyilsiniz. Ikincisi isə odur ki, siz sona qədər gedəcəksinizmi?
– Bilirəm ki, bu böyük məsuliyyətdir. Minnətdaram ki, mənə belə etimad göstərilir. Mən əlimdən gələni edəcəyəm. Ümidim Azərbaycan xalqı ilə bağlıdır. Öz taleyini xalq həll edir. Buna inanmasaydım heç vaxt bu razılığı verməzdim. Əgər bu razılığı vermişəmsə axıra qədər bu yolu gedəcəyəm. Məni tanıyanlar da bilirlər ki, heç vaxt olmayıb ki, mən söz verim sonra sözümün üstündə durmayım. Deməli, mənim üçün hər şey aydındır. Amma kim indi tələb edirsə ki, mən gəlim Bakıya, ya təxribatçıdır, ya da mən bunların məqsədini başa düşə bilmirəm. Çünki 100 faiz inanıram ki, Azərbaycan xalqı öz səsini demokratik qüvvələrin vahid namizədinə verəcək. Bu məsuliyyət mənim boynuma düşür, deməli inanıram ki, mən bu seçkiləri uda bilərəm. Çox konkret bilirəm ki, bu seçkiləri saxtalaşdırmağa çalışacaqlar. 20 ildə Azərbaycanda elə bir seçki keçirilməyib ki, onu saxtalaşdırmasınlar. Ona görə mən çalışıram əlimdən gələni edim ki, bu saxtalaşdırmanın səviyyəsini heç olmasa azaldım. Amerikaya, Avropaya, Türkiyəyə gedəcəyəm, Rusiyada danışıqlar aparacağam. Indi mənim Bakıya gəlməyimin mənası nədir? Orda 128 nəfər Milli Şuranın üzvü var. Təbiidir ki, mən orada olmalıyam. Mən də özümə görə kişiyəm. Bunu deyənlər təxribatçılardı, ya da siyasətdən başı çıxmayan adamlardır. Axı, biz seçkiləri neçə dəfə uduzmuşuq. Ona görə yox ki, bizə səs verməyiblər. Ona görə ki, iqtidar seçkiləri saxtalaşdırır. Əgər mən seçilsəm və indiki hakimiyyətə oxşasam deyə bilərəm ki, mənim həyatım məhv oldu.
– Müsavat Partiyasının qərarı budur ki, siz qeydiyyata alınana qədər Isa Qəmbərin namizədliyi qalacaq. Bunu ümumi qərardan qaçma kimi qəbul edirsinizmi?
– Xeyr, bunu belə qəbul etmirəm. Amma mənə elə gəlir ki, Milli Şura bir şəxsi namizədi irəli sürübsə qalanları öz namizədliyini geri çəkməli idi. Amma vaxtı gələndə çəkər.
– Bir çox ölkələrlə danışıqlar aparacaqsınız. Bu ölkələrdən gözləntiniz, istəyiniz nədir?
– Azərbaycanda insan hüquqları tapdalanır, seçkilər saxtalaşdırılır. Ona görə xahişim o olacaq ki, imkanlarından istifadə etsinlər və Azərbaycan iqtidarına təzyiq etsinlər ki, heç olmasa bir balaca qanun çərçivəsində hərəkət etsinlər. Heç kim darıxmasın, mən Azərbaycana mütləq gələcəyəm.