Bölgə müxbirlərinə seçkiöncəsi narazılıq yarada biləcək süjetlər hazırlamaq yasaqlanıb
Azərbaycanda fəaliyyət göstərən telekanalların hər birinin hakimiyyətin ən yuxarı eşelonunda təmsil olunan oliqarxların ciddi nəzarəti altında olması hər kəsə bəllidir. Burada hazırlanan xəbərlər bir yana, hətta şou-proqramlar belə “süzgəcdən keçirilməmiş” efirə buraxımlır.
Bugünlərdə “Azadlıq”ın Mingəçevir nümayəndəliyinə telekanallardan birindən maraqlı məlumat daxil olub. Məlumatı verən paytaxtda fəaliyyət göstərən telekanallardan birinin bölgə müxbirinin sözlərinə görə, onlara sosial problemlərlə bağlı, ümumiyyətlə, insanları iqtidardan narazı sala biləcək süjetlər hazırlamamaq tapşırılıb. Mənbənin sözlərinə görə, hakimiyyətin bu əndişəsinin səbəbi qarşıdan gələn prezident seçkiləriylə bağlı olması istisna deyil: “Bölgə müxbiri kimi hər gün ətrafda haqsızlıqlarla üzləşən, heç nədən incidilən, bürokratik əngəllərlə üzləşən insanlarla rastlaşırıq. Ancaq bunu çəkib göstərmək iqtidarında deyilik. Bu da öz növbəsində adamların bizə olan inamının itməsinə gətirib çıxarır”.
Adının çəkilməsini istəməyən reportyorun sözlərinə görə, normal ölkələrdə müxbirlər bu cür süjetləri gündüz çıraqla gəzirlər: “Ancaq biz bəzən gündəlik şahidi olduğumuz bu cür aksiyaları işıqlandırmaqdan, vətəndaşların bizə olunan müraciətlərindən boyun qaçırmaq zorundayıq”.
Baş verənlər bir daha sübut edir ki, hakimiyyət bölgə insanlarının ən xırda sosial problemlərinin belə efirə çıxmasından, ictimailəşməsindən narahatlıq keçirir. Ilin əvvəlində baş veən məlum hadisələr də sübut etdi ki, seçki ilində istənilən narazılıq bircə anda sosial partlayışa çevrilə bilər ki, bu da hakimiyyətin maraqlarına ziddir.
Azər


