Paşayevlər hələ bir müddət əvvəl «xan»ın devrilməsini gündəmə gətiribmişlər
“Naxçıvan Muxtar Respublikasının Ali Məclis sədri Vasif Talıbovun əvəzlənməsi yeni məsələ deyil. Hələ bir neçə il əvvəl onun ”vurulması” gündəmə gəlib”. Bu barədə “Azadlıq”a məlumatlı mənbə bildirib. Mənbənin sözlərinə görə, hakimiyyətdəki Paşayevlər qruplaşması bir neçə il əvvəl Vasif Talıbovun əvəzlənməsi məsələsini gündəmə gətiriblər.
Paşayevlər hesab edib ki, artıq Vasif Talıbovun despotik idarəçiliyi son həddə çatıb və bu cür davam edəcəyi təqdirdə Naxçıvanda ciddi sosial partlayış baş verə bilər. Mənbənin sözlərinə görə, həmin vaxt Vasif Talıbovun Milli Məclisin vitse-spikeri Ziyafət Əsgərovla əvəzlənməsi barədə müzakirələr gedib. Lakin son anda “xan”ın “vurulması” təxirə salınıb. Məlumatlara görə, Vasif Talıbovun özü də “vurulacağından” xəbərdardır. “Xan” bu təhlükənin qarşısını almaq üçün ciddi səylər göstərir. Bildirilir ki, o ilk növbədə Naxçıvanda ona qarşı çıxa biləcək məmurları neytrallaşdırmaqla məşğuldur. Naxçıvanın kənd təsərrüfatı naziri Məmməd Abbasovun işdən çıxarılması məhz bununla izah edilir. Vasif Talıbov Naxçıvanın daxili işlər naziri Əhməd Əhmədovu da hədəfə alıb. Çünki onun Paşayevlərin çətiri altına keçməsi barədə “xan”da şübhələr var. Lakin Vasif Talıbov birbaşa zərbə vurmağa risk etmir. Əvəzində qohumu Naxçıvan şəhərinin polis rəisi Səbuhi Novruzovu Əhməd Əhmədova müavin təyin etməklə, naziri öz nəzarətində saxlamağa çalışır. Lakin bu cəhdlərin uğurlu nəticə verməyəcəyi bildirilir. Paşayevlər Vasif Talıbovla vidalaşmaqda israrlıdırlar. Böyük ehtimalla seçkidən sonra “xan” postunu itirəcək.