Ölüləri incitməyin, MADAMlar!

Qadınların idarə etdiyi kişilərin sonu acı olurmuş

SSRI və Azərbaycan Respublikasının dövlət mükafatları, SSRI və Azərbaycanın xalq rəssamı, Azərbaycan prezidentinin fərdi təqaüdçüsü adı, 83 yaşın şöhrəti belə həyatda rahat yaşamağa, həyatın sonunda söz-söhbətsiz torpağa tapşırılmağa bəs etmirmiş.
Bir ay ötdü Toğrul Fərman oğlu Nərimanbəyovun vəfatından. Bir ay adamın harada dəfn edilməsi dartışıldı. Hətta arxa fonda dövlətlər işə qarışdı. Rəssamın ikinci həyat yoldaşı Sevil Nərimanbəyova onun Fransada dəfn edilməsini istəyirdi. Qızı Əsmər Nərimanbəyova atasının Azərbaycanda dəfn olunmasını tələb edirdi. Iş məhkəməyə gedib çıxdı, qərar orda verildi. Bu qadınların hər birinin öz arqumenti var. Sevil Nərimanbəyova “Toğrul Passi qəbiristanlığını çox sevirdi. Saatlarla orda oturub qəzet oxuyurdu. O, Passidə dəfn olunmaq istəyirdi”- dedi. Deyilənlər həqiqətdirsə, S.Nərimanbəyova haqlıdır. Sağlığında harada yaşamaq hər kəsin öz seçimidir. Harada dəfn olunmaq da eləcə. Adam Göyçay narı ilə tanınıb, amma yaşamağa, yaratmağa, ölməyə Fransanı seçib. Nə etməli?
Əsmər Nərimanbəyova “Toğrul Nərimanbəyov öz vətənində dəfn olunmalıdır” deyə təkid etdi. Məhkəməyə üz tutdu. Vətəndaş və övlad olaraq mən əlbəttə ki, Əsmər Nərimanbəyova ilə eyni yanaşmadayam. Onun arqumentlərini daha əsaslı sayıram. Toğrul Nərimanbəyov Azərbaycanın sərvətidir. Fransada yaşamasına baxmayaraq, həmişə əsərlərində Azərbaycanın rənglərini yaşadıb. Geniş anlamda azərbaycanlı ola bilməsə də, Azərbaycan adına şöhrət gətirən rəssam olub. Bu az deyil.
Fransaya kökən bağlılığı olsa da, Toğrul Nərimanbəyov Kərim Kərimovdan, Lütfizadədən daha çox azərbaycanlıdı. Hər zaman dəyərlə anılması, unudulmaması üçün o, Azərbaycanda dəfn olunmalıydı.
Ermənilərin “doğma şəhəri” Parisdə dəfn olunmaq nə demək?
Və olunmamaq nə demək? Olmasın Azərbaycan, olsun Fransa. Ölümdən sonra – nə fərqi harada, necə, hansı qaydada torpağa tapşırıldın? Məncə, Toğrul Nərimanbəyovun bir ay ölüxanada qalmış cəsədi üçün bunun əhəmiyyəti yoxdu. Sabah o Parisin şöhrətli Passi qəbiristanlığında dəfn olunacaq. Orda onu kimsə tanımayacaq. Kimsə ürək genişliyi ilə “qarşılamayacaq”. Passidə Fəxri xiyabanda görə biləcəyi “hörməti” görməyəcək böyük rəssam. Görəsən Toğrul Nərimanbəyovun ruhu onun dirisi, ölüsü, adı, şöhrəti uğrunda savaşan, bunu dünya ilə bir edən ən əziz iki qadını bağışlayacaqmı? Barışacaqmı? Sanmıram. Məncə, bu qadınların heç biri Toğrul Nərimanbəyovu yetərincə sevməyib. Sevmək, sevdiyinin xatirinə sevgini paylaşmaq deməkdir. Amma onlar Nərimanbəyovun nə özünü, nə də adını paylaşa bildilər. Sevmək ambissiya savaşına qatılmaq deyil. Sədaqət, mərhəmət, dəyər vermək deməkdir.
Mən bu hadisəyə sadəcə bir-birini sevməyən (bəlkə də düşmən kəsilən) iki qadının inadı, hikkəsi, ədavəti kimi baxıram. Kimin haqlı olmasına baxmayaraq, heç biri doğma insanın xeyrinə güzəştə getmədi. Didişdilər. Savaşdlar. Reallıqla barışmadılar. Fransa qanunlarına görə Nərimanbəyovun qadını qələbə çaldı. Azərbaycan mentalitetinə görə qızı qələbə çalmalıydı. Qalib də var, məğlubiyyəti ilə barışmayan məğlub da.
Amma ortada Toğrul Nərimanbəyov yoxdur. Olmayacaq da. Bu qadınlar gözəl bir rəssamın, azərbaycanlı sənətkarın bioqrafiyasını necə gözdən saldıqlarının fərqində belə deyillər. Yazıq sizə, Toğrul Nərimanbəyov!

Fimar