«Bu qədər rəzilliklərdən sonra bizlər necə sizə səs verək?»
Masallı Ziyalıları Ictimai Birliyi ölkə başçısı Ilham Əliyevə müraciət edib. Ziyalılar rayon rəhbərliyi tərəfindən təzyiqlərə məruz qaldıqlarını bildirirlər:
Uzun illərdir ki, Masallı Ziyalıları Ictimai Birliyinin rayonda baş verən qanunsuzluqlara, korrupsiyaya, rüşvətxorluğa, talançılığa qarşı ardıcıl, cəsarətli, prinsipal mövqedən mübarizə aparırlar: “Son 2-3 ay ərzində Masallı Ziyalılarının başda Məmmadağa Eynullayev olmaqla 25 nəfərə yaxın üzvü ləyaqətin alçadılması, mənəviyata vurulan ziyan, şər, böhtana görə 147.1, 147.2 maddələri, xuliqanlıq və digər maddələrlə məsuliyyətə cəlb olunmaları barədə inzibati orqanlara Icra Hakimiyyəti tərəfindən mraciətlər olmuşdur. Onlardan biri Türkoba kənd sakini Israfil Ibrahimov həmin kənddə Rafil Hüseynovun iştirakı ilə keçirilən görüşdə bu zülümlərə dözməyərək əsəbləşərək rəhmətə getmişdir.
Heç bəzi siyasi partiyalara da, bu həcmdə hücumlar olmur! Nə olub, nə haydır? Bizdə bu ölkənin ən layiqli vətəndaşları olmaq istəyirik. Axı bizlər nə etmişik? Layiqli yaşamaq istəyi nə vaxtdan cinayət olub? Son zamanlar daha bir iftira növü icad ediblər!
AXCP-nin Masallı rayonunda yüksək səviyyədə keçirdiyi müşavirənin önəmini azaltmaq, eyni zamanda Məmmadağa Eynullayev haqqında yeni iftira quraşdıraraq bəzi saytlarda guya Məmmədağa Eynullayev və cəmiyyətin fəallarından Yaqub Kazımlı həmin müşavirəyə adam cəlb etmək üçün pul paylamaları barədə Rayon Icra Hakimiyyətinin əlaltıları tərəfindən məlumat yaydılar. Bu məlumat “Azadlıq” qəzeti vasitəsi ilə araşdırılaraq məlum oldu ki, bu iftiranın arxasında Rayon Icra Hakimiyyəti dayanır və bu işin təşkilatçısı və icraçısı Rafil Hüseynovun müavini Nəsir Muxtarlıdır.
Nəsir Muxtarlının bir çox qaranlıq işlərdə istifadə etdiyi həmkəndliləri olan Nazim Eynullayev, Mübariz Abışov, Sahib Rzayev guya mənəviyyatlarına dəyən ziyanla əlaqədar 1500 1500 manat məbləğində maddi təzminat ödənilməsi barədə rayon məhkəməsində iddia qaldırıblar.
Cənab Prezident! Rayona icra başçısı təyin etdiyiniz Rafil Hüseynov və ətrafına yığdığı nüfuzsuz, bəsit düşüncəli məmurlardır. Onlardır öz yarıtmaz, rəzil əməlləri ilə əhalini hakimiyyətdən narazı salanlar. Bu qədər rəzilliklərdən, uzun illərdir Respublikanın rəhbər orqanlarına çox saylı müraciətlərimizə verilməyən cavablardan sonra bizlər necə sizə necə səs verək?
Biz öz el-obamızda azad yaşamaq, işləmək, ailəmizi dolandırmaq istəyirik. Nə vaxtdan bu ölkədə istəyimiz günah və cinayət hesab olunur? Bizlərə qarşı bu rəzilliklərə nə vaxt son qoyulacaq?”