AXCP, Müsavat və KXCP-nin Qazax rayon təşkilatları müdafiə nazirinin keçmiş müavini Isa Sadıqovun əleyhinə hakimiyyətin apardığı “qara piar” kampaniyası ilə bağlı etiraz bəyanatı yayıb. Bəyanatda deyilir:
“Son zamanlar Azərbaycan iqtidarının səlahiyyətli məmurları və nəzarətlərində olan KIV-lər, vaxtilə qərb bölgəsi üzrə hissə komandiri olmuş polkovnik Isa Sadıqovun əleyhinə ”qara piar” kampaniyası başlayıb.
Biz, Qazax demokratik düşərgəsi tərəfindən görkəmli hərbi xadim Isa Sadıqovun əleyhinə başlanmış bu kampaniyanı kəskin şəkildə pisləyirik. Biz onu Qazax torpağının erməni işğalından qorunması və Qazax əhalisinin qaçqın taleyi yaşamaması üçün böyük xidmətləri olmuş şəxsiyyətlərdən biri kimi qiymətləndiririk. Hesab edirik ki, onun təqib edilməsinin əsas səbəbləri hansısa nöqsanları deyil, Azərbaycan iqtidarına qarşı müxalifətdə olması, Azərbaycana qayıtmaq istəməsi, müxalifətin yaratdığı Milli Şuraya qoşulması və hakimiyyət düşərgəsinin bundan qorxu keçirməsidir.
Son olaraq bildirmək istəyirik ki, əgər Azərbaycan iqtidarı, özünün dediyi kimi, həqiqətən orduda milli vətənpərvərlik ruhunu aşılamaq istəyirsə, polkovnik Isa Sadıqov kimi hərbi şəxsiyyətləri nəinki təqib etmək, əksinə, göstərdikləri əvəzsiz xidmətlərə görə onları bugünkü ordumuza nümunə göstərməlidilər”.