Iyulun 3-də saat 16:00-da Sumqayıt şəhər məhkəməsində AXCP Gənclər Komitəsinin üzvü Daşqın Məlikov barəsində məhkəmə hökmü oxunacaq.
Xatırladaq ki, Daşqın Məlikova qarşı irəli sürülən itthamlar sübuta yetirilməmişdir. Məhkəmə tibbi ekspertiza onun narkotik istifadəçisi olmasını təsdiq etməmişdi. Eyni zamanda saxlanma zamanı Daşqın Məlikova qarşı qanun pozuntusuna yol verilmişdi.
Məhkəmə prosesinin gedişi, prokurorun Daşqın Məlikova 3 il həbs istəməsi bir daha sübut edir ki, bu həbs qondarmadı və siyasi sifariş əsasında həyata kerçirilib.
Xatırldaq ki, Daşqın Məlikov 2-ci qrup əlilidir, astma xəstəsidir, məcburi müalicəyə ehtiyacı var. Onun həbsxanada qaldığı hər gün həyatı üçün təhlükəlidir.
“Daşqın Məlikov barəsində birmənalı olaraq bəraət hökmü çıxarılmalıdır”
Hüquq müdafiəçisi Rəsul Cəfərov bildirdi ki, Daşqın Məlikovun həbsi ilə bağlı ilk gündən mövqelərini bildiriblər və bu həbsi qərəzli sayırlar: “Daşqın Məlikovun həbsi onun ictimai-siyasi fəaliyyəti, sosial şəbəkələrdə aktiv iştirakı ilə bağlıdır. Biz məhkəmənin yekun qərarını gözləyirik. Çünki əvvəlcədən hansısa fikir söyləyəndə bunu qərəz və məhkəmənin işinə müdaxilə kimi qiymətləndirirlər. Ancaq istənilən halda bizim təşkilat bu hadisəni pisləyir və insan haqlarına kobud müdaxilə kimi qiymətləndirir. Biz birmənalı olaraq hesab edirik ki, Daşqın Məlikova bəraət verilməlidir. Bununla bağlı ən sərt şəkildə bəyanat verəcəyik və bu prosesi diqqətdə saxlayacağıq”.
“Daşqının işi ilə bağlı Avropa Şurasının Komissarlarına məlumat verilib”
Hüquq müdafiəçisi Anar Məmmədli də hesab edir ki, Daşqın Məlikovla bağlı baş verənlər ədalətsizliyin və qeyri-humanizmin göstəricisidir: “Biz Daşqının işi ilə bağlı Strasburqda məlumat vermişik. Hazırda həm Avropa Şurasının komissarları, həm də həmməruzəçilər bu işlə bağlı məlumatlıdılar. Əsas problem bundadır ki, müxalif partiyaların üzvləri ilə bağlı həbslərdə birtərəfli mövqe ifadə olunur. Daşqınla bağlı isə vəziyyət daha acınacaqlıdır. Düşünürəm ki, bu, seçkiqabağı hakimiyyətin narahatlığının göstəricisidir. Mənim də üzvü olduğum Siyasi Azadlıqların Müdafiə Alyansı bu məsələ ilə bağlı rəsmi mövqe bildirəcək”.
Ilham Hüseyn


