Bulat Niqmatulin: «Azərbaycanın «Nabukko»dan imtinasında Rusiyanın təsirini istisna etmək olmaz»
«Bu məsələdə Azərbaycan sonuncu oyunçu deyil»
“Amerikanın səsi” radiosunun rus bölməsi amerikalı və rusiyalı ekspertlərdən “Nabukko Qərb” qaz kəməri layihəsinin hansı səbəbdən baş tutmadığını soruşub.
Qeyd edək ki, Türkmənistan və Azərbaycandan Avropaya çəkilməsi planlaşdırılan “Nabukko” magistral qaz kəməri tikintisi üzrə konsorsiuma rəhbərlik edən Avstriyanın “OMV Gas GmbH” qaz şirkəti bu yaxınlarda layihənin ləğv olunduğunu açıqladı. Şirkətin rəsmi açıqlamasından belə məlum oldu ki, Azərbaycan tərəfi “Nabukko Qərb” layihəsinin xeyrinə seçim etmədiyi haqda tərəfdaşlarını məlumatlandırıb.
“Nabukko Qərb” qaz kəməri Türkiyə-Bolqarıstan sərhədindən (Bolqarıstan, Rumıniya və Macarıstandan keçməklə) Avstriyaya gedib çatmalıydı.
“Azərbaycanla münasibətlər korlandığından İran kənarda qaldı”
Ekspertlər deyir ki, bu layihənin uğur qazanmaq şansı əvvəlcədən də o qədər yüksək qiymətləndirilmirdi. Siyasi Konyunktura Mərkəzinin Analitik Idarəsinin aparıcı eksperti Dmitri Abzalov bu layihənin “ölü doğulduğunu” deyir: “Bu fikrim ilk növbədə onu irəli sürən konsorsiumun tərkibinə əsaslanır. Ikincisi, layihə Avropa bazarında tələbin aşağı düşməsi və Avropa Ittifaqında qaz layihələri fonunda meydana gəlmişdi. Nəhayət, ən əsas problem yetərincə xammalın olmamasıdır”.
Abzalovun sözlərinə görə, əvvəlcə qaz kəmərinin tikintisinə Iranın da qoşulacağı ehtimal olunurdu: “Lakin son illərdə Tehranla Bakı arasında münasibətlər ciddi şəkildə korlanıb. Ona görə də Iran bu strateji layihəyə daxil ola bilmədi”.
Ekspertin fikrincə, layihənin müəllifləri çıxışı mümkün olmayan dalana dirəndilər: “Söhbət, məsələn, Azərbaycan qazından gedirdi, onunla bağlı da artıq sifarişlər verilib. Sonra Misirdən qaz idxalından söhbət getdi. Amma Misirdə baş verən hadisələrdən sonra layihənin təşkilatçıları bunun riskli olacağını, eyni zamanda, o qədər də rentabelli olmayacağını düşünərək, bu fikirdən daşındılar”.
Abzalov deyir ki, layihənin ləğvi onun üçün sürpriz olmayıb: “Bu haqda, hətta iki il əvvəl söhbət var idi”.
“Cənub axını” da risk altındadır
Təbii Monopoliyalar Problemi Institutu baş direktorunun birinci müavini Bulat Niqmatulin düşünür ki, Azərbaycanda ekspertlər qiymət məsələsini götür-qoy edəndən sonra bu nəticəyə gəliblər: “Bu layihə qəpik-quruş məsələsi deyil axı… Bura böyük pullar yatırmaq lazımdır”.
Qeyd edək ki, “Nabukko” Avropanın qaz məsələsində Rusiyadan asılılığını azalda bilərdi. Bu mənada, Niqmatulin Azərbaycanın “Nabukko”dan imtinasında Moskvanın Bakıya təsirini də istisna etmir: “Biz qonşuyuq. Rusiya regionda balansın dəstəklənməsi prosesində iştirak edir, Azərbaycana silah satır. Bir sözlə, bu məsələdə Azərbaycan sonuncu oyunçu deyil”.
Ekspertin fikrincə, bu gün təkcə “Nabukko” deyil, istənilən qaz kəməri layihəsi, o cümlədən “Cənub axını” da böyük risk altındadır.
Məlum olduğu kimi, Rusiyanın “Qazprom” şirkəti uzunluğu 2,5 min kilometr olan və Rusiyanı Italiyanın şimalı ilə birləşdirəcək “Cənub axını” qaz kəmərinin tikintisinə başlayıb. Qaz magistralı Bolqarıstan, Serbiya, Macarıstan və Sloveniyadan keçəcək.
Azərbaycanın “Nabukko”dan imtina edərək, “Trans Adriatik” qaz kəməri (TAP) layihəsinə üstünlük verməsinə gəlincə, ABŞ-ın Energetika Nazirliyinin sifarişlərini yerinə yetirən “Booz Allen Hamilton” konsaltinq firmasının analitiki Nadejda Viktoà deyir ki, TAP müqayisədə daha az riskli, eyni zamanda, iqtisadi baxımdan daha cəlbedicidir.
Siyasət şöbəsi