Sabiq deputat hakimiyyət barədə nə qədər bilir?
Barəsində beynəlxalq axtarış elan olunan Hüseyn Abdullayevlə bağlı Vergilər Nazirliyinə göndərilən müraciətə hələ cavab alınmayıb. Bu barədə məlumatı AzNews.az-a Hüseyn Abdullayevin vəkili Kamandar Nəsibov verib.
Vəkilin sözlərinə görə, nazirliyə ilk müraciət iyunun 28-də göndərilib: “Bu gün (dünən – red) növbəti dəfə müraciət edəcəyik. 2 gün ərzində cavab almadığımız təqdirdə Vergilər Nazirliyini müdafiə hüquqlarının pozulması ilə bağlı məhkəməyə verəcəyik. Çünki nazirlik vergi cinayəti ilə bağlı bizim sorğumuza cavab verməlidir. Müdafiə tərəfi olaraq işin istintaqını kimin aparması barədə, Hüseyn Abdullayevin hansı vergi cinayətində ittiham olunması barədə sorğumuz cavablandırılmalıdır”.
Xatırladaq ki, Hüseyn Abdullayev özü axtarışa verilməsini qanunsuz saymışdı. O, bildirmişdi ki, hakimiyyətdəki bəzi qüvvələr onun iqtidar barədə şok açıqlamalar verməsini istəyirlər.
Məlumat üçün deyək ki, Hüseyn Abdullayev hakimiyyət barədə kifayət qədər bilgilərə malik şəxsdir. Sabiq deputatın yaxından tanıyanlar bildirirlər ki, o, vaxtilə Ilham Əliyevin əmisi Cəlal Əliyevə yaxın şəxs kimi tanınıb. Hüseyn Abdullayev həmçinin Ilham Əliyevin bacısı, hazırda Londonda yaşayan Sevil Əliyevanın da biznesini idarə edən şəxslərdən biri olub. Onun fövqəladə hallar naziri Kəmaləddin Heydərovla əlaqələri barədə məlumatlar var. Nəqliyyat naziri Ziya Məmmədov, Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev, Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov isə vaxtilə Hüseyn Abdullayevin işçiləri olub. Sabiq deputat taxta-şalban alveri edən zamanlarda adıçəkilən məmurlar onun üçün çalışıb. Onların vəzifəyə gətirilməsində Hüseyn Abdullayevin mühüm rolu olub. Qısası, Hüseyn Abdullayev hakimiyyətdə hər kəsi yaxşı tanıyır. O, hətta ailənin içində baş verənlər barədə məlumatlı şəxslərdən sayılır.


