Elnarə İsgəndərli
Heç vaxt məhkəmədə olmamışdım. Nə vaxtsa məhkəməyə gedəcəyim, qarşımda hakim, prokuror, məhkum görəcəyim ağlıma gəlməzdi
Partiyaya gəldiyim ilk vaxtlarda eşitdim ki, Sumqayıtda siyasi məhbus Daşqın Məlikovun məhkəməsi olacaq. Etiraf edim ki, Bakıda olsaydı getməzdim. Sumqayıtda yaşadığım və məkan mənə yaxın olduğu üçün getmək istədim.
Elə ilk gün məhkəmənin qapısından içəri daxil olanda divarda Heydər Əliyevin və İlham Əliyevin şəklini görəndə təəccübləndim. Yəqin fikirləşəcəksiz burda nə var ki? Əliyevlərin plakatları demək olar şəhərin hər tərəfində var. Amma düşünün ki, mən ora siyasi məhbusa dəstək üçün getmişdim. Və ilk gündən məhkəmələrin “biz iqtidarı dəstəkləyirik, YAP-ın tərəfindəyik” kimi siyasi mövqeylərini açıq şəkildə ortaya qoymaqları siyasi məhbus Daşqın Məlikovun azad ediləcəyinə olan ümüdlərimi yox etdi. Amma yenə də məhkəmələrinə gedirdim. Və hər keçən məhkəmə günü üst-üstə düşməyən şahid ifadələri, ziddiyyətlər partiya yoldaşımın günahsız olduğunu bir daha isbatlayırdı. Amma bu isbatların hakim üçün əhəmiyyəti yox idi…
Hər dəfə dostumuza dəstək üçün məhkəməyə 20-30 nəfər gedirdik. Böyük məhkəmə zalı boş qalarkən, Daşqın üçün kiçik məhkəmə zalını ayırmışdılar. Yarımız iştirak edirdik,yarımız pəncərə şüşəsindən izləməli olurduq. Bəli, dövlət bizə getdiyimiz hər yerdə maneə yaradır. Tək suçumuz “biz belə dövlət istəmirik, ədalətli ölkədə yaşamaq istəyirik” deməyimiz…
Hərdən fikirləşirdim, bizi gənc yaşımızda məhkəmələrdə süründürən dövlət o qədərmi alçaldı ki, arıq,cılız,ayaq üstə durmağa güclə təpər tapan asma xəstəsini şərləməkdən belə çəkinmədi.
Bir gün Daşqının anası Tofiqə xanımın “Qızım,necə bilirsən Daşqını tezliklə buraxarlar?”sualına hec nə cavab verə bilmədim. Çünki məhkəmə binasının hər tərəfindən Əliyevlərin şəkli gözə çarpırdı. Aydın məsələ idi. Daşqın ordan tezliklə buraxıla bilməzdi. Çünki partiya yoldaşım divardakı şəkillərin əleyhinə getmişdi…


