YAP-çılardan 180 dərəcəlik dönüş

Oxucular da xatırlayar ki, müxalifət böyük formatda birlik qərarı verib Milli Şurada birləşəndən sonra hakimiyyət düşərgəsindən Milli Şuraya qarşı hücumlara start verildi. Hakimiyyət bütün komandası ilə sübut etməyə çalışdı ki, Milli Şura Rusiyanın proyektidir.
Bütün saytlara, qəzetlərə, televiziya kanallarına açıqlamalarında yaptokratlar Rusiya arqumentindən çıxış edir, Rusiyanın əli ilə Azərbaycanda sabitliyi pozmaq istəyən qüvvələrin olduğundan danışırdılar. Bütün fəaliyyətləri dövründə Rusiyanın himayəsində olan rejim, Rusiyaya qarşı savaş açmışdı.
Ancaq son günlər hakimiyyətin mövqeyində 180 dərəcə dönüş müşahidə olunmaqdadır. Siyavuş Novruzov, Mübariz Qurbanlı, Musa Quliyev və digərləri “Milli Şura Rusiyanın proyektidir” arqumentindən imtina etməyə başlayıblar.
Hakimiyyətin öz möveqiyindən 180 dərəcə dönməsi nəyin göstəricisidir?

«Hakimiyyət real vəziyyəti obyektiv qiymətləndirmək iqtidarında deyil»

Milli Şura sədrinin icra apratının rəhbəri Eldar Namazov hesab edir ki, hakimiyyət real vəziyyətə obyektiv qiymət vermək iqtidarında deyil və bu hal onu göstərir ki, rejim çürüməyə doğru gedir: “Hakimiyyət bir tərəfdən Rusiya təhlükəsindən danışır, digər tərəfdən Amerikanı, Avropa Birliyini ittiham edir, başqa bir tərəfdən Almaniyanı tənqid atəşinə tutur. Guya bütün dünya birləşib bunları yıxmaq istəyir. Bu çox uğursuz və ağılsız kampaniyadır. Hakimiyyət Milli Şuranı Rusiya proyekti kimi qələmə verməyə başladı. Ancaq 2 aydan sonra başa düşdülər ki, bu təbliğat onların ziyanına işləyir. Ancaq yenə düzgün nəticə çıxara bilmədilər. Bu dəfə iddia etməyə başladılar ki, dünya Milli Şuranı tanımır, bu qurum heç kimi maraqlandırmır. Ancaq hamı şahid oldu ki, Milli Şuranın rəhbəri Amerikaya səfər etdi, mühüm görüşlər keçirdi. Türkiyəyə və Avropa birliyinə səfərlər olacaq. Beynəlxalq təşkilatlar, diplomatlar hər gün Milli Şuranın fəliyyəti ilə maraqlanırlar, Milli Şura rəhbərliyi ilə görüşlər keçirirlər. Biz bu görüşlərin 10 faizi haqda mətbuata məlumat veririk. Milli Şuraya qarşı aparılan təbliğatın heç bir nəticəsi olmayacaq və bütün cəhdlər sıfra bərabər olacaq. Hakimiyyətin də öz mövqeyində tez-tez dəyişiklik etməsi, avtoritar rejimlərin çöküş mərhələsindəki vəziyyətinə uyğundur”.

«Hakimiyyət əvvəlcə təbliğat aparır, sonra bunu cəmiyyətə inandırmaq üçün sübut axtarır»

AXCP sədrinin müavini Nürəddin Məmmədli bildirdi ki, hakimiyyət əvvəlcə bir sözü söyləyir, bir təbliğatı aparır, sonra bunu sübut etmək üçün fakt axtarmağa başlayır. Bu metod isə həmişə uğursuzluğa düçar olur və hakimiyyət geriyə addım atır: “Əvvəlcə Milli Şuranın Rusiya proyekti olmasını gündəmə gətirməklə sanki insanlarda qorxu yaratmaq istədilər. Insanlarda Rusiya xofu yaratmaqla Milli Şuranı gözdən salacaqlarını düşünürdülər. Ancaq müşahidə etdilər ki, xalq hətta Rusiyanın əli ilə də bu hakimiyyətin getməsinə razıdır. Buna görə də sonradan sübut etməyə çalışdılar ki, Milli Şuranın Rusiyaya aidiyyəti yoxdur və Rusiya bu qurumu dəstəkləmir. Bununla da Rusiyanın vasitəsilə hakimiyyətin devriləcəyinə inam bəsləyən insanların Milli Şuradan imtina etməsinə çalışdılar. Ancaq bu gedişlər hakimiyyətə uğur gətirməyəcək. Hakimiyyət daxilindəki çaşqınlıq idarəolunmaz həddə çatıb və bu da hakimiyyətin mövqelərinin zəifləməsinə gətirir”.

İlham Hüseyn