“Rusiya artıq İlham Əliyevin arxasında dayanmır”

«Hazırda ölkədə baş verənlər dəyişikliklərin qaçılmaz olduğuna işarədir»

Xədicə İsmayıl: «İqtidarın şantaj diplomatiyası bütün hədləri aşır, artıq Avropa bunlarla Cinayət Məcəlləsi vasitəsilə danışmalıdır»

Gündəmin əsas mövzularından biri Ilham Əliyevin Brüsselə səfəri zamanı verdiyi bəyanatlardır. Belə ki, dövlət başçısı Belçikada olarkən ölkə reallıqları ilə tam ziddiyyət təşkil edən bəyanatlarla çıxış etmişdi. Bu səfər zamanı Azərbaycanın vətəndaş cəmiyyətinin nümayəndələri də Brüsseldə iştirak edirdilər. Bu səfər və onun nəticələri ilə bağlı istər Azərbaycan, istərsə də dünya mediasında maraqlı müzakirələr oldu. Mövzu ilə bağlı bu və başqa sualları “Azərbaycan saat”ı tanınmış jurnalist Xədicə İsmayıla ünvanlayıb. Müsahibəni qısa ixtisarla diqqətinizə çatdırırıq.

– Xədicə xanım, son dövrlər Azərbaycan ətrafında hansı proseslər baş verir? Ölkədə yenidən siyasi repressiyalar güclənib?
– Azərbaycanda hazırda baş verən hadisələri dəyişikliklərin başlanğıcı kimi dəyərləndirərdim. Mən baş verənləri artıq dəyişikliklərin qaçılmaz olduğuna işarə edən hadisələr adlandırardım. Çünki hökumətin baş verənlərə reaksiyası onu göstərir ki, dəyişikliklərin zəruriliyi siqnalı alınıb və bunların fonunda hakimiyyət hansısa addımları atmağın məcburi olduğunu hiss edir. Elə bununla da bağlı hakimiyyət həm xaricdə, həm də daxildə addımlar atır. Daxildə repressiyalar güclənir, daha güclü basqılar həyata keçirilir. Ölkədə dəyişiklik istəyən istənilən qrupu zərərsizləşdirməyə çalışırlar. Xaricdə atılan addımlara gəlincə, hakimiyyət güclü təbliğat aparır. Hakimiyyət özünü Qərbin dostu kimi təqdim etməyə çalışır. Aparılan təbliğatın da bir hissəsi bundan ibarətdir ki, guya müxalifət Rusiya meyillidir, hakimiyyət Qərbyönümlüdür. Mən təxminən iki aydır ki, Qərb ölkələrində səfərlərdəyəm, müəyyən rəsmilərlə görüşürəm. Onlar özləri də aramızdakı söhbətlərdə hakimiyyətin mesajlarının səmimiyyətinə inanmadıqlarını bəyan edirlər. Amma Qərb üçün ortada bir sınaq məqamı da var. Məsələ burasındadır ki, ölkədə dəyişiklik qaçılmazdır. Amma kimin bu dəyişikliklə bağlı planı var? Biz görürük ki, Rusiya hansısa planlar qurmağa çalışır. Hətta Irandan belə dəyişikliklə bağlı planlar qurmaq cəhdləri var. Amma Qərbdən bu dəyişikliklərə hazırdırlarmı? Bax, bu barədə birmənalı cavab vermək olmur.

Azərbaycanda Rusiya meyilli müxalifət yoxdur

– Xalqın baş verən proseslərdə mövqeyi nədir? Jurnalist olaraq araşdırmalarınız, müşahidələriniz sizə nə deyir?
– Mən daxildə də insanlarla təmasda oluram. Mənim hazırkı duruma qoyduğum diaqnoz bundan ibarətdir ki, Rusiya meyilli müxalifət yoxdur. Zatən həmişə ciddi müxalifət qüvvələri Qərbyönümlü olublar, indi də məhz Qərbə inteqrasiya barədə danışırlar. Azərbaycanda Rusiyayönümlü müxalifət olmadığı kimi, Qərbyönümlü iqtidar da yoxdur. Yəni iqtidar indiyə kimi balanslı xarici siyasət adı altında çox praqmatik siyasət yürüdürdü. Praqmatik o mənada ki, kim hazırkı hakimiyyətin iqtidarda qalmasına dəstək verirdilərsə, onların yanında olur, xalqın sərvətlərini həmin qüvvələrə pay-puş edirdilər. Situasiya bundan sonra da belə davam edəcək. Baş verənlərə daxildə insanların reaksiyasına gəlincə isə, hakimiyyətin “müxalifət Rusiyayönlüdür” mesajı əslində bir yalandır. Amma bu mesajı verməklə hakimiyyət başqa bir mesajı da vermiş oldu. Bu mesaj da o oldu ki, Rusiya artıq hakimiyyətin, Ilham Əliyevin arxasında dayanmır. Bu mesajı da insanlar çox müsbət qarşılayır. Bu, dəyişikliyə inamı artırır.

– Yəni insanlar uzun müddət Rusiyanın dəyişikliklərə mane olduğunu düşünür?
– Bəli. Çünki hər seçki zamanı Rusiya hakimiyyətinin təmsilçiləri Ruşaylo, Surkov Bakıya gələrək hakimiyyətə xüsusi təlimat keçirdilər. Hətta 2005-ci ildə nazirlər həbs olunan zaman Rusiya xüsusi xidmət orqanlarının məlumatlarına istinad da var idi. Bu məlumatlara istinad edilərək guya bununla dövlət çevrilişinə cəhdin üstü açıldı. Yəni indiyə kimi Rusiyanın xüsusi xidmət orqanları Azərbaycan hakimiyyəti üçün işləyiblər. Bundan sonra işləməyəcəklərsə, bu, hakimiyyət üçün daxildə situasiyaya nəzarət etmək üçün çətinlik yaradacaq. Bu situasiyadan bu mesaj çıxarılmalıdır. Ölkədəki siyasi prosesləri izləyən adam üçün “müxalifət Rusiya yönümlüdür” mesajı işləmir. Amma Rusiya iqtidarın arxasında dayanmırsa, bu, dəyişikliyin baş verəcəyinə inamı artırır.

”TAP” Qərb üçün o qədər də vacib deyil

– Hazırda hakimiyyətin idarəetmədə istifadə etdiyi model hətta Orta Asiyadakı idarəçilikdən geri qalır. Bu model həyatın bütün sahələrini inhisarda saxlayan bir idarəçilikdir. Bax, bu şəraitdə Azərbaycan hakimiyyəti Qərbin dostuyam deyirsə, bu dostluq özünü harada və necə ifadə edir?
– Qərbin Azərbaycandan istədiyi bəzi şeylər var. Bunlar enerji məsələlərində əməkdaşlıq və Əfqanıstandakı kontingent üçün tranzitlə bağlı məqamlardır. Amma bu çox qısamüddətli proyektlərdir. Çünki artıq Əfqanıstandan qoşunların çıxarılması barədə planlar var. Qaz kəməri ilə bağlı da Brüsseldə danışqlar olub. Ilham Əliyevdən görüşlərdə bu məsələ ilə bağlı qərarını elan etməsini istəyiblər. Bu günlərdə Azərbaycan qazının Avropaya Cənub marşrutu ilə Yunanıstan üzərindən nəql edəcəyi artıq dəqiqləşib. Əslində “TAP” layihəsi iqtisadi cəhətdən, siyasi baxımdan Qərbin dəstəklədiyi ən uğurlu proyekt deyil. Amma bu hansısa bir prosesi dalandan çıxarılmasına kömək edir. Bu proyekt Qərb üçün nə qədər vacibdir? Əslində iqtisadçılar bəyan edir ki, bu proyekt Qərb üçün o qədər də vacib deyil. Əslində neft faktoru da Qərb üçün o qədər güclü amil olmayıb. Çünki Avropa Birliyinin neft ehtiyacının cəmi 5 faizi Azərbaycandan gəlir. Avropa Birliyində isə Azərbaycan neftindən ən çox yararlanan ölkə Çexiyadır. Ona görə bunu arqumentə çevirənlərin neft bazarından xəbəri yoxdur. Çünki bazarda nfet var və istənilən nefti almaq mümkündür. Azərbaycan “satmıram” desə, Qərb başqalarından neft alacaq. Bir azdan ABŞ dünyanın əsas neft ixracatçısına çevriləcək. Çünki ABŞ-da böyük yataqlar var. Ona görə də neft faktor deyil. Bununla bağlı geosiyasi oyun da ciddi deyil. Amma əsas faktordur? Bu suala cavabı mən avropalı diplomatlarla görüşlərimdə də deyirəm və onlar da bununla razılaşırlar. Təsəvvür edin ki, iki nəfər masa arxasında oturub, müəyyən məsələləri müzakirə edirlər. Və bir nəfər də hər dəqiqə bəyan edir ki, “sən belə edirsənsə, mən sənə neft satmıram”. Bu Avropa diplomatiyası ənənəsi deyil. Onlar bu dildə danışmağa alışmayıblar. Amma onlar bunun cavabında “satmırsansa, satma” deməyə də alışmayıblar. Onlar daha yumşaq diplomatik dildə danışır, çox mənalara yozula biləcək cümlələrdən istifadə edirlər. Amma onların qarşılarında bu üsluba vaqif olmayan adamlar var. Əgər siz xuliqanla söhbət zamanı bir nəticə əldə etmirsinizsə, başlayırsınız Cinayət Məcəlləsindən istifadə etməyə. Məncə, artıq Avropa diplomatiyası bu üsluba keçməlidir. Cinayət Məcəlləsindən sitat gətirilməlidir. Çünki şantaj diplomatiyası artıq bütün hədləri aşır.

Avropa Birliyinin strukturlarında narazılıq

– Belə fikirlər var ki, NABUCCO-nun əvəzinə TAP-ın seçilməsi Avropa ilə münasibətlərdə bir qədər gərginlik yaradıb. Eyni zamanda məlumat yayılıb ki, Avropa Birliyinin rəhbərliyi ilə görüşü zamanı Ilham Əliyevlə Azərbaycandakı insan haqlarına dair çox ciddi, açıq söhbət edilib?
– Təəssüf edirəm ki, bu açıq söhbətlər barədə açıq məkanlarda məlumat verilməyib. Mən Ilham Əliyevdən daha əvvəl Brüsselə səfər etmişdim. Ilham Əliyevin səfəri ilə bağlı müxtəlif Avropa strukturlarında rəsmi şəxslərlə müzakirələrimiz olmuşdu və onlar bizə maraqlı fikirlər söyləmişdilər. Onlar qeyd etdilər ki, səfər “BP”nin lobbiçiləri tərəfindən təşkil olunub. Belə bir məlumat verdilər. Mənim bu məlumatı hansısa bir mənbədən təsdiqləmək imkanım yoxdur. Amma əsas məsələ odur ki, normalda Azərbaycanla münasibətlər Avropa Birliyinin komissarı Ştefan Fülenin ofisi tərəfindən aparılmalıdır. Bu səfər isə lobbistlərin münasibəti sayəsində Barrozonun ofisi tərəfindən ərsəyə gəlib. Fülenin başının üstündən adlanması Avropa strukturlarında narazılığa səbəb olub. Ilham Əliyevə lazım idi ki, o, Brüsselə getsin və onun yanında duran  Avropa Birliyinin yüksək rütbəli şəxsi Azərbaycanla bağlı müsbət mesajlar versin. Təəssüf ki, bu da baş verdi və Barrozoya sual veriləndə ki, Azərbaycanda insan haqlarının vəziyyəti imkan verir ki, siz Azərbaycanla bu cür münasibətlər saxlayasınız. O da başladı Azərbaycanın sovet keçmişindən danışmağa.

– Bu, Sizcə, mətnaltı təhqir deyildimi?
– Mən özümü təhqir olunmuş hesab etdim və bu barədə Avropa qəzetlərinə müsahibələrimdə də demişəm. Bu o deməkdir ki, yəni mən ikinci sort adamam? Mən özümü 2-ci sort adam hesab etmirəm. Bəlkə, Ilham Əliyev demokratiyaya hazır deyil, amma mən hazıram. Mən demokratik ölkədə yaşamağa layiqəm. Kim mənə deyə bilər ki, Litvanın, Estoniyanın SSRI-də təcrübəsi daha az idi. Ya da hər hansı bir qırğız və ya gürcü daha az sovet yükü ilə yüklənib və məndən daha çox demokratiyaya haqqı var. Mən bu fikirlərimi Barrozonun “tweeter” hesabına yazdım ki, özümü təhqir olunmuş sayıram. Bundan sonra da hansı avropalıdan mən bunu eşitsəm, deyəcəm ki, xahiş edirəm məni təhqir etməyin. Əgər Ilham Əliyev sistemi insanların demokratik formada yaşaması üçün ayarlamayıbsa, bu onun problemidir. Problemi Ilham Əliyevin üzərindən götürüb, mənim vətəndaş kimi üzərimə qoymaq lazım deyil.

– Azərbaycanda hamı dəyişiklikdən danışır. Dünyanın müxtəlif yerlərində, hətta Vaşinqtonda da dönə-dönə bəyan edirlər ki, bu seçkilərin əsas şərti azad və demokratik keçirilməsidir. Ekspertlər hesab edir ki, bu elə hakimiyyətə “get” mesajıdır. Amma bu arada hakimiyyətdən iki namizəd çıxdı. Sizcə, bu nəyin görsənişidir? Hakimiyyətdə nə baş verir?
– Fakt bundan ibarətdir ki, bir qrup, bir siyasi partiya elan edir ki, onlar Mehriban Əliyevanın namizədliyini irəli sürür və Mehriban Əliyeva da hələ ki, bunu təkzib etməyib. Mənə elə gəlir ki, onlar reaksiyanı yoxlayır. Biz zarafata salırıq. Amma mən xatırlayıram ki, Ilham Əliyevin przeident olacağını 2000-ci ildə zarafata salırdıq. Əslində bir qadının prezident olmasıyla bağlı mənim heç bir problemim yoxdur. Amma bu qadının yox. Bu qadağan parlamentin üzvü olaraq bizneslə məşğul olması qadan olunduğu halda Panamada, Vircin adalarında ofşor şirkətlərdə sahibliyi var. Bunu heç zaman bəyannaməyə daxil etməyib. Bundan başqa, hakimiyyətin repressiyalarının bir çoxunda onun sifarişi olduğu barədə xəbərlər var. Əslində “WikiLeaks” teleqramlarında diplomatlar Mehriban Əliyevanın siyasi hazırlığının çox aşağı olduğunu qeyd edirdilər. Mehriban Əliyevanın seçkilərin tarixini, Hillari Klintonun Demokrat Partiyasından olub-olmadığını belə bilmədiyi bu teleqramlarda vurğulanıb. Indi bu adamın siyasi hazırlığı bu postu tutmağa imkan vermir. Düzdür, Ilham Əliyevin də hazırlığı buna imkan vermirdi. Ilham Əliyev belə baxanda sübut edir ki, ölkədə hamı prezident ola bilər. Digər tərəfdən, ola bilsin ki, ölkənin içərisində Mehriban Əliyevanın səs qazanma ehtimalı Ilham Əliyevdən daha yüksəkdir. Amma mənim parlament seçkiləri xatirimdədir. Hətta alternativsiz, bir-iki nominal namizədin qatıldığı parlament seçkilərində Mehriban Əliyevanın qatıldığı seçki dairəsində “karusel” təşkil etmişdilər. Ümumiyyətlə, mən inanmıram ki, hazırkı hakimiyyətdən kimsə namizəd olub səs qazanmaq iqtidarındadır. Onların ümidi yenə də seçki saxtakarlığınadır. Görünür, bu, reaksiya yoxlanmasıdır. Əhali isə hələlik baş verənləri zarafata salır. Amma hərbi parad zamanı Mehriban Əliyevanın və Arif Paşayevin seçilməsi və televiziyada tez-tez göstərilməsi maraq doğururdu. Maraqlıdır, bu niyyəti əhaliyə necə həzm etdirəcəklər. Əhali həzm etmək isməsə, hansı addımları atmaq niyyətindədir?

Seymur Həzi,
Xəyal Şahinoğlu