Üç gün əvvəl Bakıda bir avtoqəzada sürücünün avtomobilin içində yanması hamımızı dəhşətə gətirdi.
Əsl faciədir.
“Keçi can hayında, qəssab piy axtarır” kimi olmasın, qəzadakı sürücünün yaşına baxırıq: 17!
Qanunlar bu yaşda sürücüyə avtomobil idarə etməyə icazə vermir, bu öz yerində, onsuz bizdə ona nə şah hörmət edir, nə rəiyyət, bəs valideyn?
Valideynin mövqeyini dəqiq bilmək üçün biz qəzaya düşən avtomobilin nömrəsinə və markasına baxırıq: 10 OH 222 və “Mersedes Qalenvagen”.
Belə nömrənin real bazarda qiyməti 10 min manat civarında, avtomobilinki isə 25 min manatdan başlayıb 200 min manatda dayanır, deyirlər.
Bu bahalıqda və bu qədər gənckən avtomobil sürmək 5 qat adrenalin, 15 qat məsuliyyətsizlikdir.
Dostlar, dövlət sükanı məsuliyyətsiz adamların əlindəykən 16-17 yaşlı uşaqların avtomobil sükanının arxasına keçib min bir hoqqadan çıxması tam təbiidir. Ona görə mən, dövlət idarəetmə aparatının iflic vəziyyətinə göz yumub, avtomobillərin idarə edilməsindəki qüsurları tənqid etməyi riyakarlıq sayıram.
Bununla yanaşı avtonəqliyyat sistemindəki xaosu, dərəbəyliyi mən hətta utanmadan dövlət siyasəti sayıram. Bəli, dövlət siyasəti.
Ilham Əliyev dalbadal iki dəfə avtoşlar və “qara plyonkalar” barədə çıxış edəndə sizin kimi mən də gülmüşdüm.
Gəlin, səhvimizi gec də olsa boynumuza alaq.
Ilham Əliyevin bu çıxışı ciddi siyasətin, siyasi proseslərin, yüksək siyasi şüurun olduğu yerdə qeyri-ciddi görünə bilərdi. Bizdə isə vəziyyət ayrıdır.
Ilham Əliyev özü, bəlkə də vəzirinin məsləhəti ilə bildirir ki, bizim camaat indi başını salıb aşağı güzəranını sürməyə üstünlük verir. Onu neft maxinasiyaları, Ali Məhkəmədəki bazarlıqlar, dövlət səviyyəsində dələduzluq az maraqlandırır.
Balaqardaş deyir, ac qulağım, dinc qulağım, dünya dağılır, cəhənnəmə ki…
Sadə vətəndaş, obıvatel Balaqardaşın sakitçiliyinə qəsd edən ən gözəgirən amil təbii ki, “07″lərin fironluğu və qara plyonkalı bahalı maşınların ədasıdır.
Bu cümlədən sonra mən özümə sual verdim; bu qəsd təkcə obıvatelə qarşıdır? Yox!
Bilirsiz, problem çoxdu, amma onun da bir köynək yaxını, uzağı var. Nəqliyyatdakı heyvərəlik bizə birbaşa toxunur, onlar bütün problemlərdən bizə bir köynək daha yaxındılar.
O gün bir avtobusdaydım. Zalım oğlu elə manevr, elə kəskin dönüşlər edirdi ki, sanki “Qrad” mərmilərindən yayınmaq istəyirdi.
Nə yol-hərəkət qaydalarını bilirlər, nə də mərifət sahiblərdirlər.
Buna görə də Ilham Əliyevin o güldüyümüz çıxışları əslində bir güllə ilə bu iki “dovşan”ın vurulmasıdır. Bu çıxış geniş xalq kütlələrini zinhara gətirən həm uzucvari qudurğanları, həm də bahalı ədəbazları hədəflədi.
Bəli, bu söhbətlər sizin ürəyinizi bulandıra bilər. Ancaq mən hər gün yollarda olan adam kimi insanlarımızın bu avtomobillərdən nə çəkdiyini yaxşı bilirəm.
Bizdə bir zəhrimar 5-6 min manatlıq maşını əldə edən adam özünü sanki “Buraq”ı minmiş kimi sayır.
Mən hələ taksi sürücülərindən danışmıram. Dad onların əlindən.
O gün tələsirəm, “Park Bulvar”ın yanından taksiyə yaxınlaşıb deyirəm, – “Bayraq meydanına neçəyə apararsan?” – deyir “10 manata”! Təsəvvür edirsinizmi, 5 km-i 10 manata aparmaq istəyir. Lap insaflıları mənə 6 manat “oxudular”.
Qardaş, harda qaldı insaf, mürvət?! Axı sən o yola uzağı 50 qəpik yanacaq işlədəcəksən!
Bir dəfə yolunuzu 20 Yanvardan salın. Metrodan çıxın və bir dəqiqə düz çıxışda ətrafınızda baş verənləri süzün.
Üzərinizə qarğa leşin üstünə cuman kimi taksi sürücüləri düşəcək. Böyük bir tərbiyəsizlik hökm sürür orda. Şəxsən mən hər dəfə ordan çıxanda özümü terror olunmuş sayıram. Onlarla heç cür bacarmaq da olmur. Düz adamın ağzına girirlər. Heç qara milçəklər də bu qədər həyasızlıq etmir.
Sizə deyirəm: Ilham Əliyev sabah 20 Yanvardakı o sürücüləri tutub ağızlarına yüyən vurub “Neftçilər” prospektində sürsün, reytinqi 95 faiz artmasa, heç adam deyiləm.
Və sonda bir daha unutmayaq ki, bu qədər “debil” yığınını formalaşdıran, cavan canları qəsdə aparan elə Əliyev idarəetmə sistemidir.