Adamlıqdan məhrumetmə cəzası

AXCP Gənclər Komitəsinin üzvü Daşqın Məlikovun şərlənərək həbs olunmasını hamımız bilirik. Bu, ölkədə baş verən ilk hadisə deyil. Hakimiyyətin mahiyyəti, mübarizə üsulu, fərqli fikrə qarşı düşmənçiliyi cəmiyyətə agahdı.

Daşqınla bağlı situasiya tamamilə fərqlidir. Daşqın astma xəstəsidir, 2-ci qrup əlildir, iynə-dərman hesabına yaşayır, fiziki cəhətdən çox zəifdir. Hətta öz evində belə bu insanın həyatı müalicə ilə keçirsə, ailəsinin himayəsi altında olduğu halda da xəstəlik təhlükəsi varsa, həbsxanada hansı risq hesabına yaşadığını düşünmək çətin deyil. 

Iyunun 27-də Sumqayıt Şəhər Məhkəməsində mən də iştirak edirdim. 1 kv. metrlik bir otaqda Daşqının şərlənərək tutulmasının mühakiməsi gedirdi. Daşqının siyasi sifarişlə həbs olunduğunu bizim kimi prokuror da, hakim də, Daşqının üzünə duran polis nəfərləri də gözəl bilir. Hətta bizim kimi yox, bizdən də yaxşı bilirlər. Mən bu məhkəmədə bir şey haqqında düşünürdüm. Görəsən xəstə bir gəncin həyatı ilə oynayanlar gecələr rahat yata bilirmi, vicdan əzabı çəkmirmi?

Sonra Daşqına 3 il həbs cəzası istəyən prokurora baxdım. Bu adam “vəzifə” borcunu yerinə yetirmək üçün Daşqına 10 il həbs cəzası da istəyə bilərdi. 

Bəs, görəsən bu prokuror Daşqına 3 il həbs istədiyi vaxt öz övladına nə qədər pislik etdiyinin fərqindəydimi? Bu adam  bir gəncə haqsızlıq edib, sonra aldığı “mükafat”la övladına haram tikə yedirtməyə necə razı olur?

Daşqına şər atandan sonra ailəsində “bu evin kişisi mənəm” sözün deyə bilirmi?

Daşqının üzünə duran polislərə nəzər saldım. Gənc, altlarında bahalı maşın, gözlərində eynək, telefonla mütəmadi danışan bu adamlara yazığım gəldi. Onlar Daşqına xəyanət etməmişdilər, özlərinə, insanlıqlarına, sevdikləri qıza, 9 ay bətnində yaşadıqları anaya, yedikləri çörəyə, sabah doğulacaq övladlarına, bugünlərinə, sabahlarına xəyanət etmişdilər.

Sonra Daşqına, atasına, anasına baxdım. Düşündüm ki, vicdanı, insanlığı, ləyaqəti olan adam hətta Daşqın həqiqətən narkoman olsaydı belə ona qarşı qərəzli mövqe sərgiləyə bilməzdi.  

Dünyaya gəlmək, doğulmaq hələ yaşamaq deyil. Yemək, gəzmək, oynamaq, oxumaq hələ insan olmağın göstəricisi sayılmır.  Həyatını şərin boyunduruğunda keçirməyə qərar vermiş insanların həm cavanlıqdan, həm də qocalıqdan məhrum olduğunu anlayıram.

Bu üzə duran, şər-böhtanla məşğul olan adamlar heç vaxt  ləyaqətli cavan, nurani ağsaqqal, yaxşı insan, vicdanlı adam kimi xatırlanmayacaqlar. 

Bu adamlar dərk etmirlər ki, Daşqının və onlarla Daşqınların azadlıqdan məhrum olmasına kömək etdikcə, özləri də adamlıqdan məhrum olurlar. 

Bəli, hakim şərlənib tutulanlara sifarişli hökm oxuduqca, şərlənənlər də şərləyənlərə hökm oxuyur. 

Birincinin hökmü müvəqqətidir, ikincinin hökmü isə əbədi hökmdür. Şərəfsizliyin, ləyaqətsizliyin cəzasında amnistiya düşmək, əfv olunmaq yoxdur. Bu “yol”u seçəndə, geriyə dönüş olmadığını bilmək lazımdır.

Daşqınla bağlı olanlar həm də hakimiyyətin mahiyyətini bir daha göstərdi.

Bir daha anladıq ki, qəlbi daş bağlamışlar, bütün insanlığını pula, vəzifəyə qurban verənlər bizə rəhbərlik edə bilməz. Xəstə gəncdən qisas almaq eşqinə düşən bir zehniyyət, cəmiyyət üçün təhlükədir. 

Bu yazı Daşqının simasında ölkəmizdə ədlətsizliyə qurban gedənlərin hər birinə şamil edilir.

Onsuz da bir gün bu ölkədə Daşqınlar AZADLIQ daşqını yaradacaqlar.