«İqtidar özü hələ dəqiq olaraq bu il prezident seçkisində kimin namizədliyi ilə çıxış edəcəyini bilmir»
Vidadi Mirkamal: «Milli Şuranın hakimiyyətə real alternativ olması hakimiyyət təmsilçilərinin ona ”stavka” etməsi ilə müşayiət olunacaq»
YAP-ın rəsmi namizədinin elan olunmasına baxmayaraq, hakimiyyətyönlü partiyadan biri ötən həftə Mehriban Əliyevanın namizədliyini irəli sürdü. YAP-ın son qurultayında partiya rəhbərliyinə gətirilən Mehriban Əliyevanın namizədliyinin irəli sürülməsi hazırda da ciddi müzakirə mövzusudur. Bəzi ekspertlər baş verən hadisəni 2003-cü il ilə müqayisə etsələr də, digərləri sadəcə olaraq nəbz yoxlanışı sayır. Amma hər bir halda o məqam birmənalı şəkildə etiraf olunur ki, Azərbaycan kimi dövlətlərdə bu tip addımlar xüsusi razılıq olmadan reallaşdırılmır. Gündəmdə olan bu və başqa sualları ədliyyə generalı, Milli Şuranın üzvü Vidadi Mirkamal cavablandırır.
– Nüfuzlu beynəlxalq təşkilatlar, beynəlxalq güc mərkəzləri Ilham Əliyevin 3-cü dəfə prezidentliyə namizədliyinin irəli sürülməsi ilə bağlı artıq mənfi rəylərini bəyan ediblər. Son altı ay ərzində verilən rəylər onu deməyə əsas verir ki, hakimiyyətin bu addımı müsbət qarşılanmır. Ona görə də Ilham Əliyevin özü bu məqamla bağlı hələ susur. Hakimiyyət gözəl bilir ki, Ilham Əliyev namizədliyini verməzdisə, iqtidar, YAP daxilində xeyli təlatümlər baş verə bilərdi. Ona görə də YAP qabaqcadan tələsik formada yığıncağını keçirərək Ilham Əliyevi prezidentliyə namizəd kimi elan etdi. Bu addıma baxmayaraq hakimiyyət çox narahatdır. Çünki onlar güman edirlər ki, beynəlxalq güc mərkəzləri Ilham Əliyevin namizədliyi ilə birmənalı şəkildə razılaşmaya bilərlər. Ona görə Mehriban Əliyevanın hakimiyyətyönlü partiyaların biri tərəfindən namizəd kimi irəli sürülməsi təsadüfi deyil. Bundan əvvəl isə Mehriban Əliyeva YAP-da yüksək rəhbərliyə gətirilərək, partiya sədrinin müavini seçilmişdi. 2003-cü il hadisələrini xatırlayın. O zaman YAP Heydər Əliyevin namizədliyini irəli sürmüşdüsə, Ilham Əliyev YAP-da sədrin birinci müavini təyin edilmişdi. Daha sonra isə Ilham Əliyevin də prezidentliyə namizədliyi elan edilmişdi. Yəni baş verənlər oxşar ssenaridir və iqtidarın təlaşda olmasından xəbər verir. Iqtidar özü hələ dəqiq olaraq bu il prezident seçkisində kimin namizədliyi ilə çıxış edəcəyini bilmir.
“Nəbz yoxlaması və qruplaşmanın iddialarını ortaya qoyması”
– Mehriban Əliyevanın namizədliyinin irəli sürülməsi necə dəyərləndirilir. Bir sıra ekspertlər hakimiyyətin bu addımını cəmiyyətin nəbzini yoxlamaq kimi dəyərləndirir. Başqa ekspertlər isə hakimiyyətin Mehriban Əliyevanın namizədliyini irəli sürməsinin ehtiyat variant olduğunu düşünür. Mehriban Əliyevanın isə nə özünün, nə də protokol xidmətinin bu məsələyə aydınlıq gətirməməsi məsələni bir qədər qəlizləşdirir…
– Iqtidar özü böyük təlatümlər içərisindədir. Hakimiyyətdəki qruplaşmaların böyük qismi Ilham Əliyevi namizəd kimi görmək istəyirlər. Onlar Mehriban Əliyevanın namizədliyini qəbul etmirlər. Ona görə bu addımı həm hakimiyyətin nəbz yoxlaması kimi, həm də eyni zamanda hakimiyyətdəki güc mərkəzlərinin birinin özünü ifadə forması kimi dəyərləndirmək olar. Bununla hakimiyyətdəki qruplaşmalardan biri iddialarını ortaya qoyur. Onlar düşünürlər ki, Ilham Əliyevin namizədliyi olmasa, beynəlxalq güc mərkəzləri bu məsələni sərt tənqid etsələr, ehtiyat variant kimi Mehriban Əliyevanın namizədliyi irəli sürülə bilər.
– Söyün Sadıqov maraqlı fikir söyləyib. Mehriban Əliyevanın namizədliyini irəli sürməsinə münasibət bildirən Putinin səlahiyyətli nümayəndəsi hesab edir ki, bu addımdan sonra Naxçıvan klanı Mehriban Əliyevanın ətrafını sıxışdıracaq…
– Iqtidarın namizədinin seçkidə kim olacağı ilə bağlı suala cavabında həlledici faktor qruplaşmaların hansı mövqe nümayiş etdirməsi olmayacaq. Beynəlxalq birliyin hakimiyyətin namizədinin kimliyi ilə bağlı mövqeyi sonda nəzərə alınacaq. Digər tərəfdən, ölkədəki siyasi durumu Milli Şuranın yaranması xeyli dəyişib. Milli Şuranın sədri Rüstəm Ibrahimbəyov ABŞ-da danışıqlar aparıb, təşkilatın rəhbərlyi seçki öncəsi xarici səfərlərə dəvət olunurlar. Bu, ciddi məqamlardır, sadə proses deyil.
“Azərbaycanda yalnız narazı elektorat var”
– Mehriban Əliyevanın namizədliyinin irəli sürülməsilə bağlı maraqlı fikirlərdən biri də bundan ibarətdir ki, iqtidar bununla Bakı-Şirvan elektoratının səslərini almağa hesablayıb. Hakimiyyət bu elektoratın gücünü seçkilərə səfərbər edərək kampaniyanın gedişində ondan yararlanmağa çalışır…
– Azərbaycanda indiyə qədər normal seçki olmadığından Bakı-Şirvan, Qarabağ, Naxçıvan elektoratı adlarının verilməsi təqribidir. Hazırda Azərbaycanda yalnız narazı elektorat var. Bu narazı elektorat böyük kütlədir. Əsas məqsədimiz həmin elektoratı bir araya gətirib, seçkiyə istiqamətləndirməkdir. Digər tərəfdən, nəzərə almaq lazımdır ki, Şamaxıdakı adi vətəndaşa desələr get Mehriban Əliyevaya səs ver, onun iradəsinə qalsa, o bunu etməyəcək. Həqiqi, normal seçkidə bu insanların gözündən düşməyən, özünü korrupsiyada və rüşvətdə ifşa etməyən, onların sosial durumlarını yaxşılaşdıra biləcək namizəd uğur qazana bilər. Mehriban Əliyevanın adı isə korrupsiya məsələlərində Ilham Əliyevdən az hallanmır. Bildiyiniz kimi ofşor zonalar barəsində bu yaxınlarda beynəlxalq mətbuatda gedən məlumatlar hakimiyyətin bu istiqamətdəki vəsaitini ortaya qoydu. Düşünürəm ki, bütün bu məqamlar seçkiyə təsirini göstərəcək. Belə informasiyalar tez və izsiz ötüşmür.
– Maqsud Ibrahimbəyovun Ilham Əliyevi dəstəklədiyi dövlət kanallarında vaxtaşırı vurğulanır. Amma keçmiş qvardiyadan hazırda müxalifətə böyük dəstək var. Məsələn, keçmiş səhiyyə naziri Əli Insanov məhbəsdən Milli Şuranı dəstəkləyən bəyanatla çıxış etdi. Bundan başqa, Heydər Əliyevin keçmiş silahdaşı Hüseyn Abdullayev müxalifətin apardığı mübarizəyə dəstək olaraq “Susma” mahnısını yazıb. Bu tendesiyanı necə dəyərləndirirsiniz?
– Adlarını çəkdiyiniz şəxslər vaxtilə Heydər Əliyevin dövründə hakimiyyətdə çalışıblar. Amma hazırda Azərbaycanda vəziyyət dəyişib. Vaxtilə iqtidara qulluq etmiş şəxslər hazırda həbsxanalarda yatırlar, onlardan sorğular sorulur. Hazırda Əli Insanovun, Hüseyn Abdullayevin və başqa keçmiş hakimiyyət nümayəndələrinin etirazları başadüşüləndir. Baş verənlər artıq hakimiyyətə real alternativin ortaya çıxmasının əlamətləridir. Milli Şuranın hakimiyyətə real alternativ kimi özünü cəmiyyətə təqdim etməsi keçmiş hakimiyyət təmsilçilərinin ona “stavka” etməsi ilə müşayiət olunacaq.
“Qurban Məmmədov əqidəsinə görə ölümə belə hazırdır”
– Əli Insanovun Milli Şuranı dəstəkləyən bəyanatından dərhal sonra Prezidentin Işlər Idarəsinin keçmiş rəhbəri Akif Muradverdiyev həbs olundu. Fikirləri sərbəst şəkildə bildirdiyi üçün Qurban Məmmədovu şərləyərək tutdular. Azərbaycan kimi narazılığın son həddə çôatdığı cəmiyyətlərdə aktivliyin qarşısını bu cür addımlarla almaq mümkündürmü?
– Zorakılıq zora bağlıdır. Zorakı metodla müəyyən müddət işləmək, insanların gözünü qorxutmaq olar. Insanların aktivliyinin qarşısını almaq müəyyən müddət üçün bu, effekt verə bilər. Amma Azərbaycan artıq elə bir dövrə gəlib çıxıb ki, insanları söylədikləri fikirlərə görə həbs etməklə, gözün qorxutmaqla onları mübarizədən daşındırmaq mümkün deyil. Çünki bu vasitələr artıq köhnəlib. Qurban Məmmədovu bundan sonra 10 dəfə də tutsan o, əqidəsindən dönən deyil. Qurban Məmmədov mənim tələbəm olub. Eyni zamanda mənim ən yaxın dostumdur. Qurban Məmmədov əqidəsinə görə ölümə hazır olan şəxsdir. Belə addımlarla nə Qurban Məmmədova, nə də onun ailəsinə təsir etmək olar. Hakimiyyət hazırda siyasi məhbusların sayın artırıb. “Nida”çılar, siyasi fikirlərini söyləyən şəxslər həbsdədir. Hakimiyyətin bu zorakı metodları cəmiyyətdə artıq birmənalı qorxu yarada bilmir.
– Hakimiyyət seçki ilində normal seçkinin keçirilməsi üçün addımlar atmaq əvəzinə repressiv siyasətini daha da gücləndirir. Seçki ilində cəmiyyətdəki durumu daha da qəlizləşdirməyin hansı fəsadları ola bilər?
– Azərbaycanın demokratik qüvvələri, ziyalıları gücə, zorakılığa söykənməyən mübarizənin tərəfdarıdır. Amma hakimiyyət bütün resurslarından istifadə edərək insanları küncə sıxışdırır, ictimai tədbirlərin keçirilməsinə, görüşlərin baş tutmasına imkan yaratmır. Əslinə qalsa, bu metod cəmiyyətdə xof yaratmağa yönəlib. Amma artıq bu metod işə yaramır. Qəzzafini, Əsədi, Mübarəki yada salın. Bu diktatorlar insanlar öz haqlarını tələb edəndə zora əl atdılar və onu dinləmədilər. Biz zora zorla cavab vermək istəmirik. Amma onu da nəzərə almaq lazımdır ki, xalqın hamısı bu səbrə, dözümə sahib deyil. Əgər seçkilərə qədər fundamental insan hüquqları, sərbəst toplaşmaq, ifadə azadlığı təmin edilməzsə, insanlar müqavimətə qalxacaq. Baş verənlər istər-istəməz cəmiyyəti çalxalandıracaq, böyük təlatümlər yaradacaq. Bu da son nəticədə Azərbaycanda inqilabın baş verməsinə səbəb olacaq. Hakimiyyətin yürütdüyü siyasət məhz buna doğru aparır. Ona görə biz vaxtilə Ictimai Palatada, indi də Milli Şurada azad və demokratik yolla dəyişikliklərə nail olmaq istəyirik. Ictimai Palatanın “avtoritarizmdən demokratiyaya keçidin yol xəritəsi” məhz bu ağrısız keçidə xidmət edir.
Xəyal