Təhlükə müxalifətçilik deyil, müxalifətsizlikdir

Görünən odur ki, Əliyevçi rejim Naxçıvan təcrübəsini uğurla başa vurub, indi onu eyni uğurla ölkəboyu tətbiq etmək istəyir. Lənkəranda son aylarda yaşananlar başqa cür düşünmək üçün əl yeri qoymur. Gah müxalifət lideri rayona buraxılmır, gah Bakıdan müşavirə keçirmək üçün gedən müxalif partiya üzvlərini öyrədilmiş, yumurta ilə, daş, dəyənəkloə silahlanmış adamlar vasitəsilə geri qayıtmağa məcbur edilir. Indi isə bir müxalif partiya sədrinin müşaviri şərlənərək həbs olunur. Artıq biz Lənkəranı “yeni Naxçıvan” adlandıra bilərik. Yəqin ki, Vasif xanın cahanşümul təcrübələrinin qarşıdakı aylarda digər rayonlarda da uğurla tətbiq edildiyinin şahidi olacağıq.

Hörmətli tarixçi Cəmil Həsənlinin bu günlərdə bir müsahibəsini oxudum. Cəmil müəllim deyir ki, rejim Azərbaycanda Şimali Koreya modelini tətbiq etməkdədir. Qətiyyən razılaşmıram. Bizim başqalarının modelinə ehtiyacımız yoxdur. Bizim öz modelimiz var – Naxçıvan modeli. Hətta bizim model şimali koreyalıların modelini döyər.

Bəli, artıq qəribə vəziyyət yaranıb: əvvəllər biz bu cür  kütləvi repressiya dalğasını seçkilərdən sonra müşahidə edirdik. Seçkilərə bir az qala vintlər boşaldılır, demokratiya imitasiya edilir, az-çox demokratiya görüntüsü yaradılırdı. Ilk dəfədir ki, bunun tam tərsi baş verir: seçkidən əvvəl vintlər daha da bərkidilir, qorxu, xof mühiti gücləndirilir, heç bir fərqli fikirə dözümlü yanaşılmır. Bunun səbəbləri nə ola bilər?

Versiyalarım müxtəlifdir. Məsələn, ola bilər, son iki ildə ərəb dünyasında baş verənlərdən sonra hakimiyyətdəkilər toplumda aqressiyanı azaltmaq, Azərbaycanın da “inqilab qatarı”na qoşula bilməsi təhlükəsini önləmək üçün “korrupsiyayla mübarizə” tipli şoularının, Quba, Ismayıllı hadisələrinin cəmiyyətdə yeni ovqat yaratdığını, insanlarda dəyişiklik inamını artırdığını düşünürlər, bunun seçkidə özlərinə yeni problemlər yarada biləcəyini hesablayırlar, ona görə də vintləri bərkitmək ehtiyacı yaranıb.

Ya da mümkündür ki, hakimiyyətin düşdüyü durum biz təxmin etdiyimizdən daha ağırdır, indiyədək rahat sövdələşə bildikləri dünya gücləri ilə bazarlıq istədikləri kimi getmir və bu üzdən beynəlxalq imic haqqında artıq əsla düşünmədən məsələni özləri daxildə və təkbaşına həll etmək istəyirlər. Bunun üçün də seçkiyə qədər yolları üstündəki bütün maneələri aradan götürürlər: medianı, vəkilləri, siyasi funksionerləri, hüquq müdafiəçilərini, inanclı insanları, gənc aktivisitləri, internet fəallarını, hətta zamanında bunların özləri ilə ittifaqda olmuş, amma indi ya zəlzələdən, ya vəlvələdən aralarındakı körpülərin yandırıldığı adamları!    

Başqa versiyalar da ola bilər. Amma səbəb hər nə olur olsun, bu cür kütləvi repressiyalar heç vaxt uzunmüddətli uğura gətirib çıxara bilməz. Bu cür repressiyaların, qorxu mühitinin üzərində əbədi hakimiyyət bərqərar etmək hələ heç kimə nəsib olmayıb. Belə metodlarla bəlkə də hansısa cari hədəflərə çatmaq mümkündür. Ancaq tarixin (lap elə ən yaxın tarixin – “ərəb baharı@nın!) təcrübəsi göstərir ki, repressiya, basqı heç vaxt çıxış yolu deyil. 

Uğur yolu deyil.

Lap deyək ki, bu gün bu həbslər, şərləmələr, şantajlar bəhrəsini verdi. Lap elə hamını susdurdunuz. Hamını sındırdınız. Sonra?

Axı Liviyada heç müxalifət yox idi. Tunisdə, Suriyada müxalifət vardı bəyəm? 

Axı tarix bir daha göstərir ki, gücünü xalqdan almayan…

Zamanın ruhuna müqaviməti göstərən…

Çağın dəyərlərini inkar edən sistemlər çürüməyə məhkumdur. Onların gələcəkdə yerləri yoxdur. Ən gözlənilməz anda məğlub etdiyinizi, qula çevirdiyinizi düşündüyünüz bir toplum belə, ayaqlana, çirkin gedişatı durdura, on illərin şər xanimanını yıxa bilər.

Inanın, bu ölkədə siyasi mübarizə imkanlarının qalması müxalifətdən çox hakimiyyətə lazımdır. Ki, günün birində qorxunc ssenarilərlə qarşılaşmasın. Müxalifətdən alınmış, müxalifətçilərdən boşaldılmış meydan hələ təhlükəsiz meydan demək deyil.

Unudanlar Təhrir meydanını xatırlasınlar.

Xatırlamaq azdır, bir az da düşünsünlər və dərs alsınlar.