Heydər Əliyevə görə iki dahini “yox” etdilər

Siyəzəndə YAP-çılar növbəti vadalizmə imza atıb

Heydər Əliyev həyatda olmasa da, bir siyasi obraz olaraq hələ də destruktiv amil kimi qalıb. Buna nümunə müxtəlif yerlərdə Heydər Əliyev adına salınan, tikilən obyektlərə görə vətəndaşların, eləcə də dövlət obyektlərinin ziyan görməsi, uçurulmasıdır.
Mədəni dünya artıq anti-humanizm və diktatura nişanəsi kimi Heydər Əliyevin heykəllərini yıxmağa başladığı bir halda, Azərbaycanda əks proses gedir. Konkret hadisə hazırda Siyəzəndə baş verir. Heydər Əliyevin abidəsi üçün hazırlanan məkanda Azərbaycanın iki böyük şəxsiyyətinin – Nizami Gəncəvinin və Cəfər Cabbarlının heykəlləri təhqiramiz formada uçurulub. Baş verənlərlə bağlı biz Siyəzən ziyalılarından biri İsmayıl Azərovla söhbətləşmişik.
İsmayıl müəllim heykəllərin uçurulmasını əliyevçi rejimin vandalizmi adlandırır və deyir ki, bu işi görənlər qədər rayon camaatına da qızğındır. Çünki əhali öz dəyərlərinə sahib dura bilmir, bu hadisəyə görə ictimai qınaq çox aşağı səviyyədədir.
İsmayıl müəllim deyir ki, bir ilə yaxındı Siyəzən şəhərində yenidənqurma işləri aparılır, binalara fasad vurulur, yollar təmir olunur, yaşıllaşdırma işləri aparılır və s. Onlar bu layihələrə nə qədər pul silindiyini bilsələr də, yenə də görülən işləri təqdir edirlər: “Lakin bu ərəfədə baş verən bəzi hadisələr göstərdi ki, bu rejim apardığı abadlaşdırma, yenidənqurma işləriylə göz boyamaqda, kənardan baxanlara “xilaskar” mesajı verməkdədir.
Bir insana gözəl qiyafələr geyindirib onun surətini bəzəyə bilərsən, amma onu fikirdən, ağıldan, əxlaqi dəyərlərdən məhrum edib quru surət halına gətirmək əslində o insanı öznünkiləşdirmək, istismar etmək deməkdir” – deyə o bildirir və hadisənin təfərrüatını “Azadlıq” üçün açıqlayır.
“Bizim öncəki mərkəzi parkımızın yerində, şəhərin mərkəzində Heydər Əliyev parkı inşa olunmaqdadır. Bu parkda sovetin zamanıdan əslən Xızı rayonundan olan həmyerlimiz, dramaturq, istiqlal fədaisi Cəfər Cabbarlının heykəli ucalmaqda idi. Lakin eyni parkda, bu heykəldən bir az aralıda, yeni inşa olunan dəbdəbəli icra aparatının önündə Heydər Əliyevin heykəli qoyulacağı üçün (artığ təməli inşa olunub) həmin heykəli götürdülər və mərkəzdən 1 km.-dən də uzaq yerləşən Cəfər Cabbarlı adına 1 nömrəli məktəbin həyətinə apardılar. Orda öncədən olan büstünü götürüb bunula əvəz etdilər. Həm də heykəli götürərkən ehtiyatsızlıq etdiklərindən heykəl 3 yerə bölündü. Şəklini çəkmək istəyən yoldaşları da polis ərazidən uzaqlaşdırdı”.
Həmsöhbətimiz paradoksal bir məqamı da qeyd etməyi unutmur: “Bu parkın önündə, bir magistiral xəttlə ayrılmaq şərtiylə, bayraq meydanı salınır və bu heykəl tam o bayraqla qarşı qarşıya yerləşirdi. İndi siz fikirləşin, bayraq ucaldılır, lakin bayrağa şeir yazan insanın heykəli ordan götürülür”.
İki gün öncə isə Siyəzəndə Mədəniyyət evinin önündən illərdir orada ucalan, xalqımızın bədii və fəlsəfi təfəkkürünün əsasını qoymuş dahi şair, mütəfəkkir, alim bütün bəşəriyyətə mənsub sənətkar Nizami Gəncəvinin heykəli götürülüb. Heykəl iki yerə bölünərək durduğu yerdən aparılıb. İ.Azərov bunu rəzillik adlandırır. O deyir ki, bu işdə məqsəd Nizaminin heykəlinin inşa olunmaqda olan H.Əliyev heykəli ilə eyni meydanda yerləşməsidir.
Həmsöhbətimiz deyir ki, rayon mərkəzindəki hər iki heykəl götürüldüyü zaman “Tarix və mədəniyyət abidələrinin qorunmasi” tələbinə riayət olunmayıb.

Nizami Gəncəvinin heykəli belə götürüldü

Cəfər Cabbarlının heykəli götürülməndən qabaq

Natiq