Qəbələdəki kəndli etirazı nəticə verdi

Rayon rəhbərliyi Laza kəndindəki çəpərlənmiş əraziləri geri qaytartdırdı

Qəbələ rayonunun Laza kəndi sakinlərinin iyunun 28-də Rayon İcra Hakimiyyətinin qarşısında etiraz aksiyası keçirdiyi haqda məlumat vermişdik. Etiraza səbəb onlara məxsus torpaqların Qəbələnin keçmiş, Ağdaşın isə indiki icra başçısı Tofiq İbrahimov tərəfindən zəbt edilərək çəpərlənməsi idi.
Məlumat qəzetimizdə dərc ediləndən sonra Qəbələdə gərgin anlar yaşanıb. İcra Hakimiyyətindəki adının açıqlanmasını istəməyən mənbə bildirib ki, məsələyə etirazçıların adını hallandırdığı FH naziri Kəmaləddin Heydərov, millət vəkili Fəttah Heydərov və sabiq başçı Tofiq İbrahimov dərhal reaksiya veriblər. Onlar icra başçısı Səbuhi Məmmədova narazılıq ediblər ki, məsələ nəyə görə ictimailəşib. Ancaq sonradan məsələnin artıq KİV-in nəzarətində olduğunu və əhalinin prinspiallığını nəzərə alaraq, olayın daha da böyüməməsi üçün həmin ərazidən imtina qərarını seçiblər.
Laza kəndindən aldığımız məlumata görə, bu gün səhər tezdən RİH-dən əraziyə göndərilən bir qrup fəhlə həmin çəpərləri sökərək ərazinin əhaliyə açıq olduğunu bildiriblər.

Elçin İsmayıllı, bölgə müxbiri