Azərbaycan “TAP”da nə tapacaq?

«Şahdəniz» «TAP»a üstünlük verdi

“Şahdəniz” konsorsiumu Azərbaycan qazının Avropaya nəqli marşrutu kimi Transadriatik qaz kəmərinin (TAP) seçildiyini rəsmən bəyan edib. “Contact.az”ın yazdığına görə, marşrut seçiminin elan edilməsi mərasimi Four Seasons hotelində keçirilib. Tədbirdə “Şahdəniz” layihəsinin səhmdarları, Azərbaycan Dövlət Neft Şirkətinin rəhbərliyi, həmçinin diplomatik korpusun nümayəndələri iştirak ediblər.
BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə prezidenti Qordon Birrel qeyd edib ki, ilkin mərhələdə kəmərlə ildə 10 mlrd. kubmetrə yaxın qaz nəql olunacaq. Perspektivdə bu kəmərlə Azərbaycanın digər işlənilən yataqlarından və “Şəfəq-Asiman” kimi planlaşdırılan layihələr üzrə ÿqaz nəqli nəzərdə tutulur. Investisiyalaşdırma haqqında qərar ilin sonunda qəbul olunacaq. “Şahdəniz-2″ layihəsinə sərmayə qoyuluşlarından danışan BP rəsmisi əlavə edib ki, ikinci mərhələyə 40 mlrd. ABŞ dolları həcmində vəsait yatırılacaq, bu da ildə 16 mlrd. kubmetr qazın nəqlinə gətirib çıxaracaq.
SOCAR prezidenti Rövnəq Abdullayev qeyd edib ki, “TAP” Cənub Qaz Dəhlizinin mühüm hissəsi olacaq. O əlavə edib ki, bu, yalnız həmin dəhlizin ilk halqasıdır. Perspektivdə həmçinin Bolqarıstan-Rumıniya-Macarıstan-Avstriya, yəniÿ”Nabucco Qərb” qaz kəmri inşa edilə bilər.
ABŞ səfiri Riçard Morninqstar da konsorsiumun qərarını alqışlayıb. Onun sözlərinə görə, ABŞ Cənub-Şərqi Avropaya qaz nəqli layihəsini dəstəkləyir. Gələcəkdə bu layihə genişləndirilə bilər.
Avropa Birliyi Komissiyası Azərbaycan qazının Avropaya ötürülməsi ilə bağlı kəmərə dair qərarı alqışlayır. Bu haqda qurumun adından bəyanat yayılıb AB Komissiyasının prezidentiÿ Joze Manuel Barrozo deyib ki, bu qərar, Avropanın birgə uğuru və Birliyin enerji təhlükəsizliyinin gücləndirilməsində bir dönüş nöqtəsidir:
Qeyd edək ki, uzunluğu 520 km olacaq “TAP” kəməri Azərbaycan qazını Türkiyə, Yunanıstan, Albaniya ərazisi isə Italiyaya çatdıracaq. Layihənin ümumi dəyəri təxminən 2,2 mlrd. ABŞ dolları təşkil edir.
“TAP” layihəsinin əsas mənbəyi “Şahdəniz”in ikinci fazası çərçivəsində hasil olunacaq qazdır. Proqnozlara əsasən, ikinci fazada hasilata 2016-cı ildə başlanacaq və “TAP” kəmərinin tikintisinə 3 il tələb olunacaq. Hazırda layihənin 3 səhmdarı var ki, bu, “EGL”, “Statoil” və “E.ON Ruhrgas” şirkətləridir.
Maraqlıdır ki, ən çox ehtimal olunan “Nabucco Qərb” kəməri deyil, “TAP” seçimi edildi.
Bəs bu seçimin iqtisadi və siyasi cəhətdən üstünlükləri nədən ibarətdir. “TAP” üzərində dayanmağın məqsədi nədir?

“Şahdəniz” konsorsiumunda ARDNŞ-nin payı yüksək deyil

İqtisadçı ekspert Qubad Ibadoğlu bildirdi ki, bu konsorsium üzrə 4 marşrut nəzərdə tutulurdu. Nabukko, TAP, Cənub Şərqi Avropa kəməri və Yunanıstan-Italiya kəməri: “Bu marşrutlar üzrə qərar bu ayın sonuna qədər verilməliydi və bu qərar təkcə Azərbaycan tərəfinin verdiyi qərar deyil. Bu qərarı ”Şahdəniz” konsorsiumu verir. Və bu konsorsiumda ARDNŞ-nin payı yüksək deyil. Ancaq qaz Azərbaycan qazı olduğu üçün, Azərbaycan tərəfinin mövqeyi nəzərə alınır. Nəyə görə “TAP”-ın seçilməsnə gəlincə, birincisi, bu marşrut texniki və maliyyə baxımından daha cəlbedici idi. “Nabucco” ilə müqayisədə bu kəmər 450 km qısadır. Ikinci tərəfdən, Avropadakı maliyyə böhranı “Nabucco”nu o qədər də cəlbedici etmədi. Kəmərin çəkilişi üçün 8 milyard vəsait tələb olunurdu. Bu baxımdan “TAP” imkanlı şirkətlərin səhmdar olduğu bir layihədir. Digər tərəfdən, bu kəmərin üstünlüyü ondadır ki, kəmər Bolqarıstanda iki qola ayrılacaq, şaxələnəcək. Şərqi Avropadan, Qərbi Avropaya doğru kəmərin uzadılması nəzərdə tutulur. Onu da qeyd etmək istərdim ki, bu kəmərin çəkilişi üçün 40 milyard dollar nəzərdə tutulur ki, bunun da 25 milyardı Azərbaycan və Gürcüstan ərazisində xərclənəcək. Bu da iqtisadi cəhətdən Azərbaycan üçün müsbət qiymətləndirilə bilər”.

Bu layihə Qərb və Avropanın ağzın yummaq anlamına gəlmir

İqtisadçı ekspert Məhəmməd Talıblı qeyd etdi ki, uzun illərin tərəddüdlü qaz siyasətindən sonra Bakı rəsmi mövqe ifadə elədi. Söhbət “TAP” layihəsindən gedir. “Uzunluğu 520 km. olacaq ”TAP” öz başlanğıcını Yunanıstan-Türkiyə sərhəddində alaraq Albaniya vasitəsilə Italiyaya doğru gedir, sualtı hissəsi isə Adriatik dənizindədir. “TAP”ın qaz təminatı Şahdəniz 2-dir. Illik 16 milyard kubmetr qaz ehtiyatını hasil etmək üçün lisenziyası olan “Şahdəniz-2″ qaz yatağı Konsorsiumu ”TAP”a veriləcək. Artıq bununla bağlı Azərbaycan tərəfi öhdəlik götürüb. Bu layihəni həm Qərb, həm də Avropa Komissiyasının rəsmilərinin məmnunluqla ifadə etməsi o demək deyildir ki, bu artıq Qərb və Avropanın ağzın yummaqdır. Bu, demokratiya və insan haqları kimi dəyərlərin üstündən keçmək anlamına gəlmir. Qətiyyən belə düşünmürəm. Əvvəla, burada konkret öhdəliklərdən söhbət gedir ki, bu, icra olunmalıdır. Ikincisi, Avropanın qaza tələbatı artıq 600 milyard kubmetri ötür ki, bunun da fonunda 16 milyrad kubmetr həcmində qaz təchizatı 2-3 faiz hədd də deyil. Üçüncüsü, bu layihənin icrasına hələ 6 ildən sonra başlanacaq. O vaxtacan hansısa rəsmi qurumlar demokratiya imitasiyasasına yalnız belə xırda partiyada olan qaza görə dözməz. Özü də nəzərə alsaq ki, bu layihənin hər üç səhmdarı Avropa ölkələridir. Isveç, Norveç və Almaniya. Vətəndaşlarımız belə enerji layihələrinə görə, qətiyyən məyus olmasınlar, əksinə, bunun əlavə öhdəlik və əməkdaşlıq olmasını unutmasınlar. Bu öhdəliklər geridönməz xarakterlidir”- deyə ekspert vurğuladı.

İlham Hüseyn