AzTV-dən İTV-yə kimlər keçib

“Azadlıq”da AzTV-dən Ictimai televiziyaya transfer edənlər barədə yazı dərc edilib. Yazıda yerdəyişənlərin sayının 20 nəfər olduğu bildirilir. Dünən redaksiyamızla əlaqə saxlayan ITV əməkdaşı bu rəqəmin olduğundan az göstərildiyini iddia edir. Onun sözlərinə görə, 20 rəhbər vəzifəyə gətirilənlərin sayıdır.
Əslində AzTV-dən Ictimai televiziyaya və Ictimai radioya göndərilənlərin sayı daha çoxdur. Üstəlik, hazırda AzTV-də çalışan bir neçə əməkdaş ITV-yə keçəcəyi günü gözləyir. Bu barədə razılıq əldə edilib. Mənbə Ictimai televiziyada baş verənlər haqda “Azadlıq”da çıxan yazılardan sonra transferlərin mərhələlərlə aparıldığını iddia edir. ITV-nin baş direktoru ehtiyatlı adam olduğundan söz-söhbət yaranmasını istəmir. Ortaya maraqlı ÿsual çıxır: “Azərbaycanda 10-dan çox telekanal (ümumrespublika və regional), həddən çox jurnalist, televiziya işçisi olduğu halda Ictimaiyə niyə ancaq AzTV-dən kadrlar götürülür. Bəlkə bu adamlar eyni zamanda iki kanalda çalışır, amma birindən maaş alırlar? Məsələn, ITV-nin kadrlar idarəsinin rəisi Mansur Bayramovun dövlət televiziyasında tutduğu vəzifədən çıxarılması barədə sualı cavablandıran AzTV-nin mətbuat xidmətinin rəhbəri Xatirə Qasımova faktı təkzib edib. Bu isə o deməkdir ki, M.Bayramov hər iki telekanalın kadrlar idarəsinin rəisi vəzifəsini əlində saxlayır. Xatırladaq ki, Mansur Bayramov həm də Idman və Mədəniyyət kanallarında eyni vəzifəni daşıyır. Aldığımız məlumata görə, Azərbaycan Dövlət Televiziyası Qapalı Səhmdar Cəmiyyəti, Idman Azərbaycan, Mədəniyyət kanalları dövlət büdcəsindən ayrılıqda maliyyələşsə də, onların hər üçündə eyni adamlar işləyir. Daha doğrusu adamlar üç yerdə işləyir, üç yerdə adları gedir, bir yerdən maaş alırlar. Qəzetimizdə dərc olunan ”AzTV-çilər ITV-də at oynadır” yazısına AzTV-də də reaksiya gəlib. Müxbirimizlə əlaqə saxlayan AzTV əməkdaşı onlara da təzəlikcə ITV-də tətbiq edildiyi kimi boş müqavilə blanklarına qol çəkdirildiyini bildirir. Müqavilələr birtərəfli imzalanır. Işçi üç aylıq müqaviləni imzalayır, işə götürən (indiki halda AzTV sədri arif Alışanov) isə imzalamır. Hər iki tərəf müqaviləni imzalamadığına görə sənədin hüquqi əsası olmur. Və bu hal AzTV sədrinə istədiyi gün – yəni müqavilə müddəti bitmədən işçini işdən azad etməyə imkan verir. Belə olan halda işdən çıxarılan əmək hüquqlarının pozulması ilə bağlı məhkəməyə müraciət etsə belə istəyinə nail ola bilmir. Mənbənin bildirdiyinə görə,ÿ 57 illik fəaliyyəti dövründə birtərəfli müqavilə qaydası AzTV-də məhz Mansur Bayramovun təşəbbüsü ilə tətbiq edilib.
Beləliklə, son iki ayda – Ismayıl Ömərov ITV-ni tərk edəndən, Cəmil Quliyev telekanala baş direktor təyin ediləndən sonra AzTV-dən ITV-yə rəhbər vəzifələrə keçən əməkdaşların siyahısını təqdim edirik.
Mansur Bayramov – Kadrlar idarəsinin rəisi
Səbinə Məmmədova – həmin idarənin əməkdaşı
Fuad Vəlixanov -ÿProqram direktoru
Vüsalə Ağayeva – Proqram direktorunun müavini
Cavid Cahangirov – Proqram direktorunun müavini
Əliabbas Quliyev – Baş direktorun maliyyə üzrə müavini
Mübariz Ramazanov – Videokompleksin rəisi
Natiq Ağayev – “Yeni gün” proqramının baş rejissoru
Fuad Sultanov – qaraj müdiri
Əziz Əliyev – böyük redaktor
Zaur Məmmədov – Maliyyə idarəsinin rəisi
Zaur Hüseynzadə – Baş direktorun texnika üzrə müavini
Əsəd Məmmədov – Musiqi departamentinin rəhbəri
Elşən Səfərov -radionun proqram direktoru
Ülviyyə Hüseynova – ümumi şöbənin rəisi
Nəzrin Babayeva – ümumi şöbənin işçisi
Nazim Mirzəyev – təchizat şöbəsinin müdiri
Fərid Ağayev – reklam şöbəsinin əməkdaşı.

Azad